İran niyə Ermənistanın yanındadır?

15-10-2022, 15:46   


İran prezidenti İbrahim Rəisi Astanada Azərbaycan prezidenti ilə görüşü zamanı növbəti dəfə sərhədlərin dəyişməsinə qarşı olduğunu deyib. Əlbəttə, sərhədlərin dəyişilməsi dedikdə Ermənistan qəsd olunur. Çünki ötən 30 ildə Azərbaycanın sərhədlərində faktiki dəyişiklik olsa da, İran rəhbərliyi bunu erməni dövlət rəsmilərinə bu şəkildə xatırlatmayıb.

Bu gün İran dövləti açıq şəkildə Ermənistana dəstəyini bildirir və bunu gizlətmir. Bu gün Ermənistanın ərazisinin işğalı ehtimalından narahat olaraq bunu Azərbaycana xatırladan Ermənistan 30 il əvvəl Qafqazda sərhədlər dəyişəndə hər hansı narahatlıq hissi keçirməyib.

2 min kilometr uzaqda İsraili işğalçı elan edərək dövlət kimi tanımayan, hətta idmançılarını belə İsrailli idmançılarla yarışa girməsinə mane olan İran sərhədində baş verən işğalı görməzdən gəlib, əksinə, işğalçı ilə hər sahədə, ticari, iqtisadi, siyasi əlaqələrini inkişaf etdirib.

Düzdür, İran Azərbaycanın Qarabağdan qovulmuş vətəndaşlarına yardım edib, çadır düşərgələri qurub, eyni zamanda heç bir real təsiri olmayan beynəlxalq səsvermələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə səs verib. Amma real olaraq işğalçıya təzyiq etməyib. Ermənistana ucuz qaz satıb, ticarət, turizm əlaqələri yaradıb. Hətta müsəlman Azərbaycan xalqının Qarabağda qarət olunan ev-eşiyinin İrana daşınıb dəyər-dəyməzinə satılmasına göz yumub. Halbuki dini baxımdan müsəlmanın malını qarət edən xristianla ticarət etmək yasaqdır.

Amma indi Ermənistanın sərhədləri və “min illik ticarət yolları”nı itirməkdən narahat olan İran sırf siyasi və dövlət maraqlarını əsas gətirərək Azərbaycanın torpaqlarının işğalına göz yumub. Ermənistanın hərbi cinayətkar olan liderləri ilə birbaşa təmaslar qurub. Bu zaman Azərbaycanın, müsəlman məmləkətinin işğal etdiklərini Sarkisyan və Koçaryan kimi işğalçı qatillərə xatırlatmayıb, formal da olsa Ermənistana siyasi təzyiq etmək istəməyib. Əksinə, vaxtaşırı Azərbaycana gözdağı və təzyiq etmək üçün Ermənistanla əlaqələrini inkişaf etdirib.

Şuşada İrəvandakı məscidi “İran tarixi abidəsi” adı ilə təmir etdirən islam respublikası rəhbərliyi nədən bir zaman bu məscidləri inşa edib orda ibadət edən insanların taleyi ilə heç narahat etməyib? Axı məscid varsa, demək ki, onun əhli də olmalı idi? Bu məscidlərdə namaz qılan, Aşura keçirən müsəlmanların taleyi doğrudanmı İranı heçmi maraqlandırmayıb?

Aydındır ki, sadalanan həqiqətlər İrana da məlumdur, amma onlar buna göz yumublar, görməzdən gəliblər. Əksinə, Ermənistan yetməyib, separatçı Qarabağla əlaqələr qurulmasına göz yumub, İran şirkətlərinin fəaliyyətinə mane olmayıb.

Bütün bunların bir izahı var, İran Qarabağ məsələsində nə beynəlxalq qanunlar, nə də ədalətli qonşu, nə də ümmət həmrəyliyi prizmasından yanaşmayıb. Yeganə meyar İranın regional siyasi maraqları olub. Tehran Türkiyə ilə yaxınlaşan Azərbaycanı cəzalandırmaq üçün Ermənistandan istifadə edib və etməkdə davam edir.

Bütün bunlardan sonra Tehranın ümmət, islam həmrəyliyi kimi çağırışlarını ciddiyə almaq mümkün deyil. Çünki ortada 30 illik acı təcrübə var.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.