Ötən gün Bakıda bəzi sərnişin avtobuslarında gedişhaqqılarının artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilib ki, bəzi avtobuslarda məsafədən asılı olaraq gedişhaqqı artırılıb.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə şərh verərkən bildirib ki, Bakıda sərnişin avtobuslarında qiymət artımı olmayıb. Onun sözlərinə görə, bəzi avtobusların hərəkət sxemi dəyişdirildiyi üçün gedişhaqqında da fərq yaranıb.
“Əgər avtobusların hərəkət sxeminə dəyişiklik edilirsə, məsafə uzanır. Mövcud qanuna uyğun olaraq, gedişhaqqları da avtomatik olaraq dəyişir. Qiymətlər də buna uyğun tənzimlənir. Əslində bu qiymət artımı sayılmır”, - deyə Namiq Həsənov bildirib.
Nəqliyyat Nazirliyinin rəsmisi bildirib ki, gedişhaqqılarının artırılması yalnız Tarif Şurası tərəfindən həyata keçirilir. Bu barədə nazirlik Tarif Şurasına müraciət edərsə, bu məsələyə baxılır. Namiq Həsənov onu da əlavə edib ki, Nəqliyyat Nazirliyi bu barədə Tarif Şurasına heç bir müraciət etməyib. Onun sözlərinə görə, yaxın vaxtlarda avtobuslarda gedişhaqqı artmayacaq.
Bu məlumatlar yayılandan sonra Tarif Şurası yenidən məlumat yayıb. Məlumatda bir daha bildirilib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib.
Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.
Verilən hər iki rəsmi məlumatlara nəzər yetirsək, görərik ki, burada müəyyən anlaşılmazlıq var. Çünki nazirlik rəsmisi bəyan edir ki, Taarif Şurasına müraciət olunmayıb. Amma Taarif Şurasından bildirilir ki, məhz nazirlik onlara müraciət edib.
Məntiqsizlik isə bundan ibarətdir ki, əgər bir sıra avtobusların hərəkət istiqaməti uzadılırsa və bu səbəbdən gedişhaqqılar artırsa, onda gərək hərəkət istiqaməti qısaldılan avtobuslarda da bunun əksi olsun. Yəni hərəkət istiqamətləri qısaldılan avtobuslarda gedişhaqqıları azaldılsın.
Qeyd edək ki, ötən ay 6 sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumatına görə, 23, 90, 95, 131, 168, 173 saylı avtobusların başlanğıc və son məntəqələri dəyişdirilib.
Dəyişdirilməyə nəzər saldıqda görərik ki, 90 saylı avtobus əvvəllər “Xətai” metrostansiyasından Biləcəri dəmir yol stansiyası istiqamətinə hərəkət edirdi. İndi həmin avtobus Fizulu meydanından Biləcəri dəmir yolu stansiyası istiqamətinə hərəkət edəcək.
Bundan başqa, 95 saylı avtobus əvvəllər “Elmlər Akademiyası” metrostansiyasından “Həzi Aslanov” metrostansiyası istiqamətinə hərəkət edirdi. İndi isə həmin avtobus Füzuli meydanından “Həzi Aslanov” metorstansiyası istiqamətinə hərəkət edəcək. Yəni hər iki avtobusun yolu qısaldılıb. Onda gərək, yolu uzadılan avtobuslarda gedişhaqqı artırılma məntiqinə əsaslanaraq, bu avtobuslarda da gedişhaqqı azaldılmalı idi. Amma bu baş vermədi.