Laçın dəhlizinin gələcək taleyi Zəngəzur dəhlizindən asılı vəziyyətə düşür; “Bu dəhlizi yaratmaq istəyirik və bunu edəcəyik, əks halda, Laçın dəhlizini bağlamaq haqqımızı reallaşdırmaqdan çəkinməyəcəyik”
Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən son iclasında Ermənistanı 10 noyabr Üçtərəfli Bəyanatın mühüm bəndlərini yerinə yetirməməkdə, o sırada Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışı təmin etməməkdə ittiham edib. Həmçinin erməni silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını xüsusi vurğulayıb. “Biz hələ ki səbr edirik, ancaq səbrimiz sonsuz deyil” deyib.
Maraqlıdır ki, bundan bir gün sonra Caliber.az Telegram kanalı Zəngəzur dəhlizi ilə bağlı insayder məlumat yayıb. Orada bildirilir:
- Laçın dəhlizində və marşrutun Naxçıvan Muxtar Respublikası və Azərbaycanın qərb rayonlarını birləşdirən hissə(lər)ində rejimlər eyni olacaq;
- Bir halda “dəhliz” termininin işlədilməsi, digər halda isə istifadə edilməməsi (10 noyabr sənədində yalnız “Laçın dəhlizi” ifadəsi var - red.) heç bir məna kəsb etmir və hər hansı nəticələrə səbəb olmur; əslində hər iki yol MDB məkanında nəqliyyat dəhlizlərinin fəaliyyət göstərdiyi mənada dəhlizdir;
- Nə orada, nə də burada (Laçın və Zəngəzur dəhlizlərində - red.) ekstraterritoriallıq nəzərdə tutulmur, danışıqlarda belə bir rejim müzakirə olunmur;
- İki dövlət öz əraziləri üzərində suverenliyini saxlayır: Ermənistan Zəngəzur, Azərbaycan Laçın üzərində;
- Zəngəzur dəhlizinin yaradılması dövlət sərhədlərinin dəyişdirilməsi və ya mövcud nəqliyyat və infrastruktur kommunikasiyalarına ziyan vurmaq, müdaxilə demək deyil (İranın nəzərinə);
- Sərhədlərdə nəzarət-buraxılış məntəqələrinin quraşdırılması və ya onların quraşdırılmasından imtina qarşılıqlı əsasda həyata keçirilir;
- Bütün yollarda müvafiq dövlətlərin qanunları, o cümlədən pasport, gömrük və fitosanitariya qaydaları tətbiq edilir;
- “Nəqliyyat dəhlizi” anlayışı iki və ya daha çox dövlətin ərazisindən vətəndaşların və yüklərin keçməsi deməkdir; müvafiq olaraq, ikitərəfli və ya çoxtərəfli əsasda xüsusi nəqliyyat və gömrük rejimi razılaşdırılır ki, bu da hərəkətin vaxt baxımından ən qısa və ən az xərc tələb etməsinə imkan verir;
Bir daha qeyd edək: tərəflərin razılaşması və belə bir rejimin tətbiqi suverenliyin pozulması demək deyil.
Yuxarıdakı tezislər Ermənistan və Azərbaycan arasında razılaşdırılıb, bu məsələlərdə heç bir fikir ayrılığı yoxdur.
Lakin hələ də razılaşdırılmayan və bütün prosesi ləngidən yeganə məsələ Azərbaycanın iki hissəsini birləşdirən yol marşrutudur. Bakıya görə, ən optimal və ən qısa yol dəmir yolu marşrutu ilə üst-üstə düşən, yəni sərhədyanı Araz çayı boyu olan avtomobil marşrutudur. İrəvan isə qondarma “dəhliz məntiqi” və “ekstraterritoriallıq” (hansı ki, danışıqlarda qətiyyən müzakirə predmeti deyil və fikir ayrılığına səbəb olmayan mövzulardır) məsələlərindən spekulyasiya edərək, avtomobil marşrutu məsələsini süni surətdə qabağa çəkir və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında quru əlaqəsinin nəqliyyat-coğrafi baxımdan marşrutları məsələsində absurd təkliflər irəli sürür.
Telegram kanalının məlumatına görə, bu, tərəflər arasında razılaşdırılmamış yeganə məsələdir.
Yada salaq ki, İlham Əliyev Brüssel səfərlərinin birində Zəngəzur və Laçın dəhlizlərində eyni rejimin olacağını söyləmişdi.
Əlavə edək ki, gələn il Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı dəmir və avtomobil yollarının Ermənistan sərhədinədək inşasını başa çatdıracaq.
Yayılan xəbərin əsaslı olduğunu söyləmək mümkünmü? Bakı və İrəvan Zəngəzur dəhlizindəki gələcək rejimlə bağlı anlaşdığı barədə iddialar əsaslı ola bilərmi? Bu cür anlaşma varsa, ölkəmizin maraqları baxımından məqbul sayıla bilərmi?
Fikrət Yusifov
Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli razılaşmasının tələbləri Ermənistan tərəfdən pozulmaqdadır. Bu günə qədər nə Zəngəzur dəhlizinin açılması, nə də erməni hərbi birləşmələrinin Qarabağ ərazilərimizdən çıxarılması baş verməyib. Azərbaycanın dəhliz məsələsində mövqeyi bəllidir. Zəngəzur dəhlizi ilə Laçın dəhlizi eyni statusda olmaqla, eyni prinsiplər əsasında fəaliyyət göstərməlidir. Əks halda, Azərbaycan tərəfin haqqıdır ki, Laçın dəhlizini sadəcə olaraq bağlasın. Ermənilər ya bunu başa düşməlidirlər, ya da bunu onlara başa düşəcəkləri dildə ordumuz başa salacaq: “Son günlər Ermənistanın Zəngəzur istiqamətindən atəşkəs rejimini yenidən tez-tez pozmağa başlaması, şərti sərhədboyu adlanan ərazilərə ağır hərbi texnika cəmləşdirdiyi barədə ard-arda informasiyalar yayılır. Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirdiyi barədə Azərbaycan Müdafiə Nazirliyi dünən məlumat yayıb. Məlumatda Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu, bir daha onu göstərir ki, Ermənistan pozuculuq fəaliyyətindən əl çəkmir, Azərbaycanla hərbi toqquşma planı qurur. Ona görə də həm Azərbaycanın Prezidenti artıq ötən həftə xəbərdarlığını birbaşa Nikol Paşinyanın üzünə bəyan edib. Özü də Vladimir Putinin də iştirak etdiyi toplantıda xəbərdarlığını bildirib. İndi də Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada açıq şəkildə xəbərdarlıq edilir ki, məsuliyyət Ermənistanın üzərinə düşəcək. Ermənistanın isə ikibaşlı oyun oynadığı açıq görünür. Bu ölkə həqiqətən də sülh sazişi imzalamaq istəyirsə, atəşkəs rejiminə əməl etməlidir, Azərbaycanla şərti sərhəd kimi qeyd olunan ərazilərə ağır hərbi texnika, yeni hərbi qüvvələr cəmləşdirməməlidir. Bir tərəfdən "sülh sazişində maraqlıyıq" deyib, o biri tərəfdən qeyd olunan hərəkətlərə yol vermək Ermənistanın sülh sazişində və 10 noyabr Üçtərəfli Bəyanatının müddəalarını yerinə yetirməkdə maraqlı olmadığını göstərir. Azərbaycan isə verdiyi bəyanatlarda, ortaya qoyduğu mövqedə səmimidir. Bizim 44 günlük savaşı dayandırmaq şərtlərimizdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu razılaşmanın şərtləri yerinə yetirilməlidir. Bunu Ermənistanın indiki rəhbəri Nikol Paşinyan əslində yaxşı dərk edir. Lakin o, bu addımı atmaqdan çəkinir. Çünki Ermənistanda Paşinyanın əleyhidarları atılacaq bu addımdan onun əleyhinə istifadə edəcəklər. Ona görə də Paşinyan ikibaşlı oyun oynamaq yolunu tutur. Bütün bunlara baxmayaraq, Ermənistan iqtidarlı müxalifətli başa düşməlidir ki, ortada üçüncü variantları yoxdur. Sülh sazişini imzalamalı və Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidirlər".
Sabiq nazir qeyd etdi ki, Bakı və İrəvanın Zəngəzur dəhlizindəki gələcək rejimlə bağlı anlaşdığı barədə yayılan məlumatı təsdiqləyəcək rəsmi açıqlamalar hələ yoxdur. Ermənistanın üzdə müşahidə olunan davranışlarından belə bir razılaşmanın olduğu barədə dəqiq fikrə gəlmək olmur: “Deyildiyi kimi, Ermənistan sanki revanşa hazırlaşır. Ancaq İrəvan onu da unutmamalıdır ki, Zəngəzur dəhlizinin açılmasında bu dəhlizdən istifadə edəcək bütün ölkələr maraqlıdır. Ermənistan bu amili də nəzərə almaq məcburiyyətindədir və dəhliz məsələsində Bakı ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. İrəvan bilməlidir ki, bu dəhliz iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistana hamıdan daha çox lazımdır. Dəhliz üzərindən Şərqlə Qərb arasında kommunikasiya xətlərinin yaradılmasında Çin başda olmaqla, bu yoldan yararlana biləcək bütün digər ölkələr maraqlıdır. Ermənistan hökuməti iqtisadi maraqların bəzən siyasi baxışları necə dəyişə biləcəyinin fərqində olmalıdır. Azərbaycan Prezidenti yaranmış tarixi şansın reallaşdırılması üçün bütün mümkün olan addımları atır. Bu addımların problemin həllinə gətirib çıxarmayacağı təqdirdə, ortada bir yol qalacaq-ermənilərin başa düşəcəyi güc yolu. Biz bunu etməyə hazırıq və Ermənistan bilsin ki, Zəngəzur dəhlizindən öz iqtisadi-ticari maraqlarını reallaşdırmaq istəyən bütün dövlətlər Zəngəzur üzərindən Şərqlə Qərbi birləşdirəcək kommunikasiyaların yaradılmasının əleyhinə olmayacaqlar. Biz Ermənistanın torpaqlarını işğal etmək istəmirik. Biz, sadəcə olaraq, 10 noyabr 2020-ci il razılaşmasında nəzərdə tutulduğu kimi, Laçın dəhlizinin analoqu olacaq Zəngəzur dəhlizini yaratmaq istəyirik və bunu edəcəyik. Əks halda, Laçın dəhlizini bağlamaq haqqımızı reallaşdırmaqdan çəkinməyəcəyik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”