Araz sahillərində baş verənlər “şirin burcutmasından” başqa bir şey deyil...
Artıq 8 aydır ki, Rusiyaya qarşı savaşda onlarla ölkə və təşkilat Ukraynaya birbaşa hərbi dəstək verir. Azərbaycan da daxil olmaqla, bundan daha çox sayda dövlət isə humanitar, iqtisadi, siyasi və s. formalarda işğala məruz qalan bu ölkəyə, xalqa yardım edir.
Lakin hətta Fransa kimi ikiüzlü xarici siyasət təcəssümü də daxil olmaqla, bu ölkələrin demək olar, heç biri nə Ukraynaya verdiyi silahı, nə maliyyəni, nə ərzağı, nə də digər lazım olan dəstək mexanizmlərini inkar etmir, danmırlar. Ancaq bunlardan fərqli olaraq, Rusiyaya PUA-lar verən və hətta ballistik reaketlər verməyə hazırlaşan İran rejimi şimaldakı “əqidədaşına” hərtərəfli yardım etdiyini göz görə-görə, ortada inkaredilməz sübutlar ola-ola danmağa çalışır.
Baxmayaraq ki, oğurluğu və məşhur “qədim peşə” sahibi olmağı 40 gündən artıq gizlətməyin mümkünsüzlüyünü ilk olaraq şərqdə anlayıblar və bunu İranı idarə edənlər də öz mentalitet və zehniyyət səviyyələri çərçivəsində yaxşı başa düşürlər. Lakin yenə də yalanı yerə qoymurlar.
Niyə? Çünki başa düşürlər ki, zatən dünya birliyinin gözündən düşmüş, İranda yaşayan xalqları, o cümlədən Cənubi azərbaycanda yaşayan 30 milyon soydaşımızı əsrlərlə geriyə götürmüş, inkişafdan, normal həyatdan məhrum etmiş Tehran rejimi bununla da Ukraynadakı qanlı, çirkli, ədalətsiz işğalçılıq savaşının iştirakçısı olduğunu etiraf etmiş olacaq.
Etiraf etmiş olacaq ki, o da Rusiyadakı işğalçı, gerilikçi, imperiyaçı, yalan, saxtakarlıq, korrupsiya, haqsızlıq və s. üzərində qurulan eyni zehniyyətin daşıyıcısıdır. Etiraf etmiş olacaq ki, adını İslam, müqəddəs dini dəyərlərlə pərdələsə də, Rusiyaya silah ötürməklə, mahiyyətcə istənilən dinin qadağan etdiyi ən böyük günahların – başaqsının haqqına girmək, günahsız, dinc insanları, qadınları, yaşlıları, uşaqları qətl etmək, zorlamaq, ev-eşiyindən didərgin salmaq, mal-mülkünü talan etmək, torpağını zəbt etmək, var-dövlətini zorla əlindən almaq və digər bu kimi saysız-hesabsız çirkin əməllərin ortağına çevrilib.
Hazırda zatən Ukrayna Ordusu İran dronlarının böyük hissəsini hədəfə çatmadan məhv edə bilir. Uzağı iki həftəyə isə Ukrayna İranın adını “Şahid”(Shahed-136) qoyduğu(adına uyğun olaraq, həm də İran rejiminin Ukraynadakı naqisliklərinə şahidlik edən) bu primitiv dronlara qarşı daha effektli silahlarla təmin olunacaq. Beləliklə də həmin dronların yaratdığı problemlər yaxın zamanda bütünlüklə aradan qalxacaq.
İranın Rusiyaya verəcəyi ballistik raketlər də müharibənin gedişində heç nəyi dəyişməyəcəkə Ukraynalılar Rusiyanın bundan daha dəhşətli silahlarını, yüksək dəqiqlikli raketlərini, bombalarını görüblər, ancaq sınmayıblar və sınmayacaqlar da. Odur ki, İran rejiminin “kafir əqidədaşlarına” hərbi yardımı olsa-olsa Rusiyanın labüd, qaçılmaz məğlubiyyətini bir neçə günlük, həftəlik uzada bilər, vəssalam! Başqa heç nə.
Əvəzində, Rusiya İran rejiminə pul-para ilə yanaşı, nüvə texnologiyaları ilə bağlı nələrisə vəd edə bilər və bəlkə də vəd edib. Ancaq bunun qarşılığında işğalçıya dəstək kimi çirkin damğa, İran rejiminin alnından heç zaman silinməyəcək. İranın dövlət və xalq olaraq dünyaya çıxışı, pəncərəsi bir qədər də bağlanacaq.
Rusiyanın Avropa təbii qaz və ümumilikdə enerji bazarından çıxarıldığı üçün İranın qarşısında böyük perspektivlər açılırdı və o, bu bazarda əhəmiyyətli söz sahibinə çevrilə, sivil dünya ilə əlaqələrinin bərpası istiqamətində mühüm addımlar ata bilərdi. Lakin yox, İranı idarə edənlərin mahiyyəti, fəlsəfəsi buna imkan vermədi və verə də bilməzdi. O, mütləq öz mahiyyətindən irəli gələrək, işğalçının, talançının, haqsızın, qatilin, bütün bəşəriyyəti nüvə fəlakətilə üz-üzə qoyan birini seçməli, onun yanında durmalı idi və durdu da...
O da məlumdur ki, İran rejimi Ukrayna savaşında tərəfə çevrilməklə yanaşı, həddini aşaqraq Azərbaycana qarşı hədəyanlarını da xeyli artırıb. Araz sahillərində təlimlərə başlaması bunun bariz nümunəsidir. Uşağa da bəllidir ki, İranın “hərbi təlim” üçün 1.6 milyon kvadrat kilometrlik ərazidə məhz Azərbaycanla sərhədi, Araz sahillərini seçməsi nəylə bağlıdır.
Onu da qeyd edək ki, bu təlimlərdə digər hərbi əməliyyat növlərilə yanaşı, pantonlardan istifadə etməklə Araz çayını keçmək, oradan hərbi texnika, silah-sursat keçirmək yolları, vasitələri məşq edilir. Bu, açıq siqnal və təhdiddir.
Lakin o da məlumdur ki, Azərbaycan da 30 il əvvəlki Azərbaycan deyil! Artıq son 30 ildə olduğu kimi, digər “əqidədaşları” olan ermənilərlə əlbir olub, onun ərazilərinə soxulmaq, təbii sərvtlərini, az qala daşını, torpağını da talayıb aparmaq mümkün olmayacaq.
Bu gün işğal barədə düşünənlərin qarşısında Qarabağda erməni ordusunun və onun havadarlarının başını əzmiş, döyüş təcrübəsinə malik, ən müasir silahlarla yaxşı təchiz olunmuş Azərbaycan Ordusu ilə yanaşı, Türkiyə kimi qardaş, strateji müttəfiq dövlət var. Azərbaycana qarşı işğalıçılıq cəhdi dərhal Türkiyə-İran sərhədi boyunca qardaş dövlətin adekvat cavab addımları ilə müşaiyət olunacaq.
Hələ İsrailin mümkün müdaxiləsini də nəzərə alsaq, bu cəhdlərin digər yandan da daxili təlatümlərin qarşısında çətin duruma düşən İran hakimiyyətini, onun sınıq-salxaq ordusunu hansı hala soxacağını proqnozlaşdırmaq çətin deyil.
İranın bir ayağı ilə Rusiyaya dəstək verərək, faktiki Ukraynadakı savaşa qoşulması, digər ayağı ilə isə Azərbaycana soxulması onu “haça-paça” pozasına soxar ki, bu pozada da çox qalmaq ağır fəsadlara gətirib çıxara bilər...
Demək istədiyimiz odur ki, İran rejimi hər nə qədər Azərbaycana hədə-qorxu gəlsə də, qarşılığında onu gözləyən bütün təhlükələri, ona verilə biləcək ağır cavabları, zərbələri də anlamamış deyil. Bu səbəbdən Araz sahillərində baş verənlər növbəti hədə-qorxu cəhdindən, “şirin burcutmasından” başqa bir şey deyil...
Bütün bunlarla yanaşı, indiki situasiyada narahatlıq doğuran məqamlardan biri budur ki, İrandakı rejim hipotetik də olsa, Azərbaycanı işğala qalxsa, məmləkətimizdə buna haqq qazandıracaq dərəcədə şərəfsizliyə, naqisliyə, xəyanətə qol qoymağa hazır satqınlar var.
Bunların bir qismi “qabaqda gedən zəncirlilər”dir ki, onlar konkret təlimatlar, maliyə dəstəyi, vədlər və s. əsasında “işləyirlər”. Onların ardınca isə savadsız, geridə qalmış, beyni məzhəbçilik nağılları ilə dumanlanmış, şüurları zəhərlənmiş azsaylı da olsa kütlə gedir. Təəssüf ki, ölkədə təhsil, hüquq, sosial ədalət, vətəndaş cəmiyyəti institutları, siyasi azadlıqlar və s. deqradasiyaya uğradıqca, bu kütlənin sıraları da genişlənir. Odur ki, təkcə İranın buradakı əlaltılarını, təbliğatçılarını, hazırlıqlı hücrələrini zərərsizləşdirməklə işimiz bitməyəcək, hələ işimiz çox, yolumuzsa uzundur...
Cəlal Məmmədov
“AzPolitika.info”