ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcəyini açıqlayıb.
Bildirilib ki, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyi də “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi ilə bağlı açıqlama verib:
“Belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Bununla da “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək.
Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək. 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində səylərin, eləcə də, hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addım ciddi sual doğurur”.
Qeyd edək ki, Ermənistan KTMT-dən sonra Avropa İttifaqı və ATƏT-i sərhədyanı bölgələrə dəvət etdi. Ən çox diqqətçəkən məqam isə rəsmi İrəvanın bu mənasız təklifinə anında müsbət cavab verilməsi olub. Çünki Azərbaycan dəfələrlə ermənilərin 30 ilə ərzində işğal etdikləri torpaqlarda törətdikləri vəhşilikləri qiymətləndirmək üçün beynəlxalq təşkilatlara müraciət edib. Amma nə Avropa İttifaqı, nə də ATƏT ermənilərin törətdiyi dağıntıların miqyasını öyrənmək üçün heç bir missiya göndərməyib.
Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, Qərbin və xristian dünyasının ikili standart mövqeyidir:
“Çünki həmin təşkilatlar Azərbaycanın çağırışlarına heç vaxt cavab vermirlər. 30 il ərzində torpaqlarımız işğal altında qaldı, amma heç bir reaksiya vermədilər. Deməli, onlar da Ermənistanın tərəfindədirlər. Həm xristian dövləti olduğu üçün Ermənistanın regionda möhkəmlənməsinə, həm də özlərinin təsir imkanlarını gücləndirməyə çalışırlar. Bu təkcə rəsmi İrəvanın müraciəti ilə bağlı deyil, onların öz planıdır”.
Partiya sədri əlavə edib ki, Avropa İttifaqı və ATƏT Ermənistana nümayəndələr göndərməklə Azərbaycanın haqlı mövqeyinin qarşısını almağa çalışır:
“Onların məqsədi bundan ibarətdir. Hansı beynəlxalq təşkilat gəlir-gəlsin, Ermənistan nə qədər bağırır-bağırsın, Azərbaycan özünə məxsus olan ərazilərin hamısına daxil olmalıdır. Azərbaycan özünün qanuni torpaqlarını işğaldan azad edir. O cümlədən Şərqi Zəngəzur da bizim tarixi torpağımızdır. Ermənistan da bilir ki, 1920-1921-ci və digər illərdəki xəritələrdə həmin ərazilərin Azərbaycana məxsusu olduğu göstərilir. Yəni biz öz qanuni torpaqlarımıza da daxil olacağıq. Bu isə Qərbin maraqlarına cavab vermir. Lakin Azərbaycan qanunla və beynəlxalq hüquqla ona çatan tarixi sərhədlərini bərpa etməlidir. Lazım gələrsə, növbəti müharibəyə də hazırıq”.
Akif Nağı hesab edir ki, Azərbaycan da həmin təşkilatları ermənilərin vəhşiliklərini və dağıntılarını qiymətləndirmək üçün ölkəyə dəvət etməlidir:
“Düzdür, vaxtaşırı müəyyən beynəlxalq təşkilatlar və dövlətlərin nümayəndələri bu məqsədlə Azərbaycana gəlir. Düşünürəm ki, Ermənistanla paralel olaraq biz də ATƏT və Avropa İttifaqının nümayəndələrini ermənilərin vəhşiliklərini qiymətləndirmək üçün ölkəyə dəvət etməliyik. Amma onların bizə müsbət reaksiya verəcəklərinə inanmıram. Çünki onlar, özlərinin strategiyasına uyğun hərəkət edirlər.
Təəssüf ki, həmin təşkilatlar Azərbaycanın müraciətlərinə eyni dərəcədə reaksiya vermirlər. Buna baxmayaraq, rəsmi Bakı onların ermənipərəst mövqeyini ifşa etmək üçün müraciətlərini etməlidir. Digər tərəfdən Azərbaycan Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatına söykənərək haqlı mövqeyini müdafiə etməlidir”.
Elmir
Cebhe.info