İndi İranda baş verən etirazlar birbaşa iqtisadiyyatla bağlı deyil. Daha geniş şəkildə rejimə qarşı müxalifət və onun siyasi və sosial zülmü ilə bağlıdır.
Bununla belə, İranın iqtisadi problemləri etirazçıların qəzəbini artıran və alovlandıran bir atmosfer yaratdı.
İranda 2022-ci ildə inflyasiya səviyyəsi 50%-i keçib və onun mənfi təsirlərinə ən çox məruz qalanlar İran cəmiyyətinin aşağı təbəqələri olub.
Sürətlə ÜDM azalır, qiymətlər davamlı olaraq yüksəlir. İqtisadiyyatın daralmaması əsasən yüksək neft qiymətləri ilə bağlı idi.
Hökumətin ölkənin üzləşdiyi iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün atdığı addımlar yetərli olmadı.
İndiki prezident Rəisi 2019-cu ildə hakimiyəttə gələndə iqtisadi bir proqram hazırladı.
Proqramda əsas hədəf əhəmiyyətli malların (o cümlədən ərzaq) idxalı üçün istifadə edilən xüsusi dollar məzənnəsi ləğv olundu.
Bu korrupsiya mənbəyini aradan qaldırsa da, istər-istəməz idxal malları üçün istehlak qiymətlərinin artımına təkan verdi.
Sərt sanksiyalardan qorunmaq üçün hökumət yersiz halda buraxılan istiqrazların həcmini durmadan azaltdı bu da İran iqtisadiyyatına xarici investitsiyaları kəskin azaltdı.
Güney Azərbaycandan olan iqtisadçı dostlarımızın fikirincə, yüksək inflyasiya və gəlirlərin ucuzlaşması kiçik biznesi əlavə kreditlər almağa sövq etdib. Lakin banklar maliyyə dəstəyi verməkdən imtina etməyə başladı. Və yaxud da elə yüksək faiz istədilər ki, sahibkarlar kredit götürməkdən imtina etdi.
İndi mollalar hesab edir ki, “müqavimət iqtisadiyyatı” modeli böyük dəyişikliklərə səbəb olacaq.
Doğrudur onlar 2010-12 və 2018-ci illərdə sanksiyaların tətbiqindən yaranan ilk şokdan sonra vəziyyəti sabitləşdirə bildilər.
Lakin onların İran iqtisadiyyatının təməlinə, məsələn, istehsal bazasını inkişaf etdirmək, xarici şirkətləri cəlb etmək qabiliyyətinə təsirini aradan qaldıra bilmədi.
Müəyyən mənada prezident Rəisinin də bəxti gətirmədi: o, sanksiyaların İranın iqtisadi təməlinə mənfi təsirinin ən kəskin şəkildə hiss olunduğu vaxt seçildi. 2019-cu ildən bəri avtomobil istehsalçıları, qida və tekstil istehsalçıları da daxil olmaqla, İranın bir çox sənaye sahələrinin istehsalı davamlı şəkildə azalmağa davam edir.
Bu tendensiyalar, öz növbəsində, birbaşa olaraq ölkənin xarici ticarətində əks olundu: İran ixracının həcmi həm dəyər, həm də çəki baxımından azalır, ticarət balansı (neft və qaz istisna olmaqla) davamlı olaraq mənfi olaraq artır. Bu problemlərin öhdəsindən gəlmək üçün Tehran rəhbərliyi İran iqtisadiyyatının xüsusiyyətlərindən qaynaqlanan və ABŞ və onun müttəfiqləri tərəfindən tətbiq edilən sanksiyalar nəticəsində daha da ağırlaşan struktur iqtisadi problemləri həll edə bilmədi.
Statistik məlumatlara görə 2022-ci ilə qədər İranda əhalinin 18,4%-i mütləq yoxsulluq içində yaşayırdı, təxmini 60%-i isə yoxsulluq həddində və ya ondan aşağı idi.
Həmçinin gənc qadınların İran cəmiyyətinin iki ən həssas qrupunu təmsil etdikləri üçün hazırkı etirazların siması olması təəccüblü deyil.
İranlı iqtisadçıların hesablamalarına görə, qadınlar arasında işsizlik nisbəti 13%, kişilərdə isə bunun yarısı (7,2%) təşkil edir. 18-35 yaş arası gənclər arasında bu rəqəmlər təxminən iki dəfədir. Digər mənbələrə görə, 15-24 yaş arasında olanlar arasında işsizlərin xüsusi çəkisi 77%-ə (7,1 milyon) çatır. Məşğulluqda da gender bərabərsizliyi var, hər beş qadından yalnız biri iqtisadiyyatda iştirak edir.
Təhlükəsizlik klapanının bağlanması
Və yenə də özlüyündə iqtisadi vəziyyətin pisləşməsi belə görünməmiş etirazları alovlandırmaq üçün kifayət etmədi. İran əvvəllər də sürətlə artan qiymətlərlə üzləşib və onlar həmişə bütün ölkəni əhatə edən kütləvi etirazlara səbəb olmayıb. 2017-ci ilin sonundan bəri yerli əhalinin əsasən iqtisadi və nadir hallarda siyasi şikayətlərini əks etdirən bir sıra kiçik etirazlar olub. Mənfi sosial göstəricilər də yeni problem deyil: İran cəmiyyətində son bir neçə onillikdə yüksək işsizlik və sosial təbəqələşmə problemi olub. İranın iqtisadi çətinlikləri yalnız hazırkı etirazlar üçün zəmin yaratmağa kömək etdi, siyasi amillər isə əsl katalizator rolunu oynadı.
İndi artıq əhalinin böyük əksəriyyətinin İslam Respublikası modelinə inamı yox olur.
Razi ABASBƏYLİ
hurriyyet.az