Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsi başlayandan bəri nüvə müharibəsi ilə bağlı bir neçə üstüörtülü hədələr səsləndirib. Rusiyanın son bir neçə gündə həyata keçirdiyi strateji nüvə təlimi gərginliyi daha da artırıb.
Rusiyalı hərbi ekspert İqor Korotçenko nüvə müharibəsinin İngiltərə və ABŞ-ı xəritədən siləcəyini söyləyib.
Musavat.com xəbər verir ki, Qərbdə Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda "Politico" maraqlı iddia ilə çıxış edib.
Nəşrin məlumatına görə, ABŞ gələn il Avropaya göndərilməsi planlaşdırılan nüvə bombalarının çatdırılma tarixini irəli çəkib.
ABŞ-ın əsas nüvə bombası olan B61-in yenilənmiş variantı olan B61-12 nüvə bombalarının avropalı müttəfiqlərə 2023-cü ilin yazında deyil, dekabrın sonunda təhvil veriləcəyi bildirilir.
"Politico" iddianın 2 fərqli mənbə tərəfindən təsdiqləndiyini yazsa da, Pentaqonun sözçüsü, general Patrik Rayder prosesin sürətləndirildiyini təkzib edərək bildirib ki, B-61 bombalarının modernləşdirilməsi uzun müddətdir davam edir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə "RİA"ya açıqlamasında deyib ki, onlar ABŞ-ın nüvə silahlarının modernləşdirilməsi planlarına göz yuma bilməzlər və Rusiya öz hərbi planlarında ABŞ-ın Avropada yerləşdirdiyi nüvə bombalarının modernləşdirilməsini nəzərə alacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Qərb ilə nüvə gərginliyi nəticəsində dünyada nüvə müharibəsinin baş verə biləcəyi ilə bağlı açıq bəyanat verib:
“Nüvə silahları var olduqca, nüvə müharibəsi ehtimalı da olacaq. Qarşıdakı dövr İkinci Dünya Müharibəsindən sonra ən təhlükəli illər kimi yadda qalacaq. Bizə Ukraynaya nüvə hücumu lazım deyil, bunun nə siyasi, nə hərbi mənası, nə də faydası var. Biz öz təşəbbüsümüzlə Rusiyanın mümkün nüvə silahından istifadə etməsi barədə heç nə deməmişik. Biz ancaq qərb dövlətlərinin rəhbərlərinin bəyanatlarını nəzərdə tutmuşuq. Kiyev rejimi daim nüvə silahına sahib olmaq istədiyini bildirir. Zaporojye Atom Elektrik Stansiyasında gördüyümüz işlər haqqında daim söhbətlər gedir. Biz nə edirik? Bəzən birbaşa, bəzən də üstüörtülü deyirlər ki, biz AES-i yandırmışıq. Onlar, yəqin ki, ağıllarını itiriblər. Çünki biz bu elektrik stansiyasına nəzarət edirik və orada əsgərlərimiz var”.
NATO-nun Ukraynada genişlənmə siyasətindən narahat olduqlarını və bunun Rusiya üçün qəbuledilməz olduğunu xatırladan Putin bölgədəki gərginliyi NATO ilə əlaqələndirib.
Nigar Cəfərli,
Musavat.com