Sentyabrın 10-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” mətbuat yayımı firmasının Bakıdakı mərkəzi ofisi qarşısında piket keçirib. Piketə səbəb “Qasid”in qəzetə olan borcunu ödəməməsidir.
Qəzet əməkdaşları firmadan redaksiyaya borcunu ödəməyi tələb ediblər. Firmanın redaksiyaya borcu artıq 70 min manata yaxındır.
“Qasid”in direktoru Mirkazım Kazımov “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşüb və növbəti dəfə problemi həll edəcəyinə söz verib.
Rahim Hacıyev isə “Azadliq.info”ya bildirib ki, “Qasid” rəhbərliyinin verdiyi vədlərə artıq inam qalmayıb. Buna görə də redaksiyaya olan borc qaytarılana qədər firmanın qarşısında aksiyanı davam etdirəcəklər.