Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirin yeni anonsu: Universitetlərdə nə dəyişəcək?

31-10-2022, 19:10   


Nazirin yeni anonsu: Universitetlərdə nə dəyişəcək?

"Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib.

"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq", - E.Əmrullayev qeyd edib.

Maraqlıdır, bu, təhsildə hansı dəyişikliklərə səbəb olacaq?

Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda mövcud akkreditasiya yalnız kağız üzərində müəyyən meyarları yoxlamaq üçündür:

"Qeyd edim ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə ümumilikdə 187 min tələbə təhsil alır. Bu gün Azərbaycan universitetləri müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına cavab verən kadr hazırlığı həyata keçirə bilmir. Hazırda mövcud akkreditasiya yalnız kağız üzərində müəyyən meyarları yoxlamaq üçündür.

Biz heç bir universitetdə gələcəklə bağlı qəbul edilmiş strateji plan görə bilmirik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) gəlib universitetlərin maddi-texniki bazasını ümumi halda yoxlayıb gedir. Hətta bu qurumun əməkdaşlarının özünün bu sahəyə təcrübəsi yetərli deyil. Ölkəmizdəki universitetlərdən heç biri “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”a (ESG) uyğun deyil.

Universitetlərin məzunlarının əmək bazarında iş tapma imkanları çox aşağıdır. Elektron kitabxanalar demək olar ki, yoxdur. Bütün bunlara rəğmən, TKTA necə olur ki, bu universitetləri akkreditasiyadan keçmiş kimi qəbul edir?

Tələbələrə yüksək təhsil verildiyi zaman, təhsil haqqı məbləğinin yüksək olmasından söhbət gedə bilər. Əks halda verilən təhsillə universitet tərəfindən alınan ödəniş üst-üstə düşmür. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, ADA, Xəzər Universiteti kimi universitetlər istisna olmaqla, digər ali təhsil müəssisələrində tədrisin keyfiyyəti elə də yüksək deyil. 

Bu səbəblə də təhsil haqqının yüksək  olmasını doğru hesab etmirəm. Bildiyimiz kimi, hazırda ölkəmizdə 146 min ödənişli əsaslarla təhsil alan tələbə var. Onların 98 430 bakalavr, 12 050 magistratura, 35 892 nəfər isə subbakalavr pilləsi üzrə təhsil alır. Bu tələbərin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu zaman təbii ki, tələbələr Təhsil Tələbə Krediti Fonduna müraciət edirlər. Amma bəzən elə hallar da olur ki, tələbələr təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq saxlayırlar".

O qeyd edib ki, təhsil haqqlarının ildən-ilə artması düzgün yanaşma deyil:

"Təhsil haqqı, universitetin yataqxanası, laboratoriyası, kitabxanası və verdiyi təhsil keyfiyəti diqqətə alınaraq formalaşmalıdır. Sözügedən amillərin istənilən səviyyədə olmadığı halda, təhsil haqqlarının ildən-ilə artması düzgün yanaşma deyil.

Kifayət qədər nüfuzlu universitetlər var ki, onların təhsil haqları bizim ölkəmizdəki bəzi ali təhsil müəssisələrinin təhsil haqları ilə bərabərdir. Halbuki təhsil səviyyəsinə görə onları müqayisə etmək belə düzgün deyil. Biz xarici təcrübəyə baxsaq, Avropada olan universitetlərin təhsil haqlarının bizim bəzi universitetlərimizdən dəfələrlə aşağı olduğunu müşahidə edərik. Niderland, Belçika, Fransa, İtalya kimi ölkələrdə təhsil haqqı vətəndaşların sosial vəziyyətinə uyğun müəyyənləşdirilir. 

Həmin universitetlər dünya sıralamasında ilk əllilikdə yerləşir. Bu da öz növbəsində təhsilin keyfiyətinin yüksək olmasının göstəricisidir".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar