Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə ölkənin şərq bölgələrində bütün şiddəti ilə davam edir. Ukraynanın torpaqlarını geri almaq üçün hücuma keçdiyi bir vaxtda ABŞ mətbuatı yeni iddiaları gündəmə gətirib.
Musavat.com xəbər verir ki, The Wall Street Journal (WSJ) çox məxfi söhbəti deşifrə edib.
Qəzet Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Potruşevlə görüşdüyünü yazıb.
WSJ sözügedən xəbəri adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslandırıb. Görüşün Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq etmək və davam edən münaqişələrin gərginləşməsi riskini azaltmaq üçün keçirildiyi vurğulanıb.
Sallivanın Rusiya rəsmiləri ilə görüşü barədə WSJ-yə danışan ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara bel bağlamadığını bildirib. Eyni mənbələr pessimist mənzərəyə baxmayaraq, Rusiya ilə əlaqə kanalının yaradılmasının vacibliyinə diqqət çəkiblər.
KREMLDƏN İLK BƏYANAT
Kremlin sözçüsü Dmitri Peskova WSJ-da yayımlanan xəbərlə bağlı sual ünvanlanıb, lakin o, məsələ ilə bağlı şərh verməkdən imtina edib: “Bir daha deyirəm, bəzi doğru xəbərlər var, lakin onların əksəriyyəti sırf spekulyasiyadır”.
Rusiyanın danışıqlara açıq olduğunu vurğulayan Peskov Ukraynanı ittiham edərək bildirib ki, Kiyev Moskva ilə görüşdən imtina etdiyi üçün onlar danışıqlar apara bilməyiblər.
ABŞ-ın “ZELENSKİ PLANI”
Digər tərəfdən ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın Rusiya ilə görüşməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb.
Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb. Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, Putinlə görüşə qoyulan qadağanı qaldırsın və nüvə müharibəsi qorxusunun artması fonunda müharibəni bitirsin.
Nigar Cəfərli,
Musavat.com