"İkimiz də özümüzü günahkar hiss edirik". Rusiyalılar ailəlikcə müharibəyə necə gedirlər?

10-11-2022, 10:40   


Прощание с мобилизованными

ŞƏKLİN MƏNBƏYİ,YEGOR ALEYEV/TASS

Rusiya Prezident Vladimir Putin ölkədə səfərbərlik elan edəndən sonra oğullarının ardınca bəzi atalar da müharibəyə getməyə başladılar. Kremlin nəzarətindəki media qurumları isə belə ordunun məğlubedilməz olması tezisini tirajlamağa çalışdı. Amma bu cür ailələrdə ata və ya oğul, ya da hər ikisi Ukraynadan yaralı halda evə qayıdandan və ya orda həlak olandan sonra hakimiyyətyönlü informasiya vasitələri mövzunu gündəmə gətirməyi dayandırdılar.

"Qismən səfərbərlik zamanı oğluna çağırış vərəqəsi gələn ata heç hərbi komissarlığa da müraciət etmədən dərhal onunla birlikdə Kamışindəki toplanış məntəqəsinə gedib və xüsusi hərbi əməliyyatda könüllü olaraq iştirak etmək istədiyini bildirib. Əlbəttə, döyüş hazırlığı və silahdan istifadə təcrübəsi olan, üstəlik, yaşı (45 yaş) da uyğun gələn birinə rədd cavabı verə bilməzdilər. Birlikdə xidmət edəcəklər, bir-birini qoruyacaqlar, bir-birinə kömək edəcəklər, dəstək olacaqlar. Tezliklə və qələbəylə qayıdın!" - oktyabrın 3-də "Mahal. Kamışin rayonunun xəbərləri" qəzeti öz oxucularına Aleksey və Vasili Kalianidilərin müharibəyə getməsi haqda belə məlumat vermişdi. Ata və oğul cəbhəyə Volqoqrad vilayətinin Kamışin rayonunun yaxınlığındakı kiçik Petrov Val şəhərindən yollanmışdılar.

Daha əvvəl - 2021-ci ilin yanvarında Alekseyi hərbi xidmətə çağırmışdılar. Komissarlığa getməzdən əvvəl atası oğlunun başını şəxsən özü qırxmış, sonra da anası onun yolunu gözləyə-gözləyə günləri, ayları saymışdı. Aleksey Petrov Vala 2022-ci ilin əvvəlində qayıtmış və dəmiryolu nəqliyyatının hərbiləşdirilmiş mühafizəsində çalışan atası kimi, bu sahəyə yönəlib maşinist olmağa qərar vermişdi.

O, ikici dəfə orduya çağırılanda vaxtiylə Çeçenistandakı hərbi əməliyyatlarda iştirak edən ata Vasili Kalianidi oğluyla birlikdə müharibəyə getmək istəyib. Aleksey çağırış vərəqəsi alandan az sonra, cəbhəyə yollanmazdan qabaq - sentyabrın 24-də evlənib.

"Bir-birimizin gözünün içinə baxmaq da çətindir"

Amma ata-oğul birlikdə çox az döyüşüblər. Oktyabrın 21-də həmin "Mahal" qəzetində yeni məqalə dərc olunub: "Göylər ağlayırdı - 20 yaşlı həmyerlimiz Aleksey Kaliandini son mənzilə yola salmağa gəlmiş uşaqların, yeniyetmələrin, ağsaqqalların, çox gənc qadınların, hər kəsin yanaqlarından süzülən göz yaşlarını yuya bilmədən ağlayırdı".

Yerli qəzetin ilk səhifəsi
Şəklin alt yazısı,

"Mahal. Kamışin rayonunun xəbərləri" qəzetinin pn səhifəsi

Moskvanın Burdenko adına hərbi hospitalında müalicə olunan yaralı Vasili Kalianidi oğlunun dəfnində iştirak etməyib.

BBC onun müharibəyə getməsiylə bağlı danışmağa hazır olub-olmadığını həyat yoldaşından soruşanda Yelena Kalianidi belə cavab verib:

"Bilirsizmi, mən əvvəlcə ondan soruşmalıyam ki, sizinlə danışa bilər, ya yox. Çox çətindir. Hətta bir-birimizin gözünün içinə baxmaq belə bizimçün çətindir, hər şeyi birtəhər başqa səmtə yönəldə bilmədiyimizə görə ikimiz də özümüzü günahkar hiss edirik. Mən bilmirəm, bunu necə ifadə etmək lazımdır, amma başa düşün, övlad itirmək çox ağırdır. Yaramız çox təzədir deyə bu mövzuda danışmaq çox çətindir".

Kalianidilərin tarxçəsi unikal deyil. Rusiyanın Ukraynaya hücumu başlayandan sonra bir ailədən olan yaxın qohumların həlak olması və ya yaralanması halları artıq bir neçə dəfə baş verib.


Atanı oğlunun yanında dəfn ediblər

Dzerjinskdən olan hərbçi Kirill Lyadovun ölüm xəbəri bu şəhərə oktyabrın 4-də gəlib çatıb. "Yaxın ailə dostumuz, silahdaşımız, çox mehriban insan. Cəmi 23 yaşı vardı. Ən pozitiv və çoxları üçün əvəzolunmaz insan. Kömək etməyə, dəstək verməyə həmişə hazırıydı. Kolona açılan artilleriya atəşi nəticəsində həlak olub".

Yerli qəzetin səhifəsində - ailə şəkli, ata və oğlu
Şəklin alt yazısı,

Yerli qəzetin səhifəsində - ailə şəkli, ata və oğlu

Kirill Lyadovun atası Romanı avqustun sonunda, elə orda - Dzerjinskdə dəfn ediblər. O, hər iki Çeçenistan müharibəsində iştirak edibmiş, Ukraynaya isə əvvəlcə könüllü olaraq gedib, Ümumrusiya Xalq Fondunun Nijni Novqorod şöbəsindən göndərilmiş humanitar yardımı paylayıb. Sonra Çeçenistanın "Əhməd" alayında xidmət etməyə başlayıb, iki ay döyüşüb və minamyot atəşi nəticəsində həlak olub.

"Oğlu altı aydır ki, məzuniyyətə buraxılmayan ata evdə qala bilmədi" - Roman Lyadovun həyat yoldaşı BBC-yə belə deyib. O, ətraflı danışmaqdan imtina edib: "Öz aramızda müzakirə etdik... Ailə razı deyil. Bu, vəziyyətin faciəviliyini azaltmayacaq. Əksinə, kənardakılar dil uzadıb dərdimizi zibilləyəcəklər ".

Eyni bölmədə xidmət edən və eyni döyüşdə həlak olan Loskutov qardaşlarını may ayının sonunda Komidə dəfn ediblər. Mərasimdə qubernator Vladimir Uyba da iştirak edib, Filip və Aleksandr Loskutovların pulemyotçu kimi xidmət etdiklərini və mayın 13-də atəş altından çıxa bilmədiklərini deyib:

"Onlar bizim üçün, bizim övladlarımız, nəvələrimiz üçün həlak oldular. Onlar azad və müstəqil Rusiya uğrunda həlak oldular. Malorossiyada - Ukrayna ərazisində yaşayan qardaşlarımızın azad və müstəqil həyatı üçün".

Müharibənin ilk günündə həlak olublar

Krasnodar diyarından olan Vasili və Aleksandr Murenkix qardaşları müharibənin elə ilk günü - fevralın 24-də həlak olublar.

Böyük qardaş Vasilinin iki oğlu, kiçik qardaşınsa onun ölümündən bir neçə gün əvvəl dünyaya gəlmiş, üzünü heç görmədiyi bir qızı qalıb.

"Vətənimiz üçün əsl müdafiəçilər yetişdirdiyiniz üçün sizə çox sağ olun deyirəm və qarşınızda baş əyirəm. Onlar vətənimizi qorumaq, nasist murdarları məhv etmək üçün öz hərbi borclarını sona qədər yerinə yetirdilər" - qardaşların Korenovski rayonunun Bratskovskoye kəndindəki dəfnində iştirak edən vitse-qubernator Aleksandr Vlasov onların anasına belə deyib.

Səfərbərlik başlayandan sonrakı günlərdə Kremlə yaxın media qurumları oğullarının ardınca cəbhəyə gedən atalar barədə xəbərlər dərc edir, bununla da müharibəyə və səfərbərliyə ümumxalq dəstəyini nümayiş etdirməyə çalışırdılar.

"Ata və oğul döyüşə eyni BMP-də gedəcəklər"; "Tula vilayətində - Uzlovayada bir gəncə çağırış vərəqəsi verilib, Fövqəladə Hallar Nazirliyində işləyən atası oğlunun arxasınca gedib. Belə atalarla qürur duyuruq!".

"Dostumun atası da oğluyla birlikdə getdi. Eyni rotadadırlar. Hər ikisi neft-qaz şirkətində, yüksək vəzifədə işləyirdi. İndi ailəmizdə hər axşam onların həyat yoldaşından və anasından aldığımız məlumatların müzakirəsiylə bitir. Onlarla fəxr edirik və qayıtmalarını gözləyirik. İndi orduda maraqlı kontingent - ixtisasca mühəndislər var. Düşünürəm ki, onlar xüsusilə faydalı olacaqlar və biz tezliklə qalib gələcəyik!" - belə hekayələri, məsələn, "Komsomolskaya Pravda"nın əməkdaşı Alexander Kots dərc edirdi.

Səfərbərliyin əhali arasında son dərəcə qeyri-populyar olduğu bilinəndən və ilk səfərbər edilənlərin ölüm xəbərlər gəlməyə başlayandan sonra müharibəyə gedən qəhrəman atalarla bağlı xəbərlərin dərci dayandırılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.