Noyabrın 10-da Ermənistan hökumətinin iclasında Azərbaycana qarşı sərt ittihamlar səsləndirən Baş nazir Nikol Paşinyan bir gün sonra əks mövqedən çıxış edərək sülhdən danışıb.
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”, - deyə Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.
“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - o əlavə edib.
Paşinyanın 10 noyabr Bəyanatının imzalanmasının ikinci ildönümündə Azərbaycanı tənqid etməsi əslində, Ermənistanın sözügedən razılamada üzərinə götürdüyü öhdəlikdən diqqəti yayındırmaq məqsədi daşıyır.
Baş nazirin çıxışı göstərir ki, rəsmi İrəvan Azərbaycan ərazisindəki silahlı birləşmələrini çıxartmaq, Zəngəzur dəhlizinin açılmasına icazə vermək və Qarabağa status iddiasından əl çəkmək niyyətində deyil. Sərhədlərin delimitasiyası və demarkasiyasının ön plana çəkilməsi isə sülh sazişindən yayınmaq məqsədi daşıyır. Çünki sərhədlərin müəyyənləşməsi 10 illərlə davam edə biləcək prosesdir. Bununla da Ermənistan sülh müqaviləsinin imzalanmasını növbəti, özü üçün əlverişli ola biləcək mərhələyə saxlamaq istəyir.
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanacağı barədə açıqlama verməklə siyasi blef edir:
“Ermənistan hakimiyyətinin gizli planı isə sülhdən yayınmaq və Qarabağa ərazi iddiasını təmin etməkdən ibarətdir.
Paşinyanın hökumətin iclasında sülh müqaviləsinin imzalanmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışdı. Guya Azərbaycan qeyri-konstruktiv mövqe tutur və 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmir. Bununla da Ermənistanın həmin bəyanata sadiq qaldığını nümayiş etdirməyə çalışır. Hətta Paşinyan bildirdi ki, Zəngəzurdan yolların və kommunikasiya xətlərinin açılacaq. Sülh sazişi ilə bağlı danışan zaman Paşinyan yenə Azərbaycanı ittiham etdi. Məncə, bu Qərbə hesablanmış mesajdır. Çünki Qərb Paşinyandan sülh sazişinin imzalanmasını tələb edir. O isə Azərbaycanı ittiham etməklə özünü təmizə çıxartmaq istəyir.
Amma bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında gələcək sülh müqaviləsinin əsasını təşkil edə biləcək "yol xəritəsi" imzalana bilər. Amma bu, süh sazişi demək deyil. Həmin sənəd daha çox "yol xəritəsi" və ya niyyət protokoludur. Bununla da Ermənistan hakimiyyəti sülh tərəfdarı olduğuna dair görüntü yaradır. Bu əslində, erməni hiyləgərliyidir. Ermənistanın gerçək məqsədi Qarabağdakı qondarma rejimin beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır. Yəni bir tərəfdən, sülh sazişinin imzalanması haqqında görüntü yaradırlar, digər tərəfdən noyabr 15-də Fransa Senatı tərəfindən Qarabağdakı cinayətkar qurumun "müstəqilliyi"nin Fransa və başqa ölkələr tərəfindən tanınmasına çalışırlar. Bu isə ermənilərin növbəti hiyləsidir.
Paşinyanın hökumətin iclasında Azərbaycanı guya Qarabağda soyqırım istədiyinə dair əsassız fikirlər söyləməsi də məhz bu məqsədə hesablanıb. Erməni diasporu və lobbisi noyabrın 15-də Fransa Senatında qondarma Dağlıq Qarabağ respublikasının tanınması məsələsini gündəliyə çıxaracaq. "Qarabağda soyqırım gözlənilir" fikrini irəli sürməklə Paşinyanın və ermənilərin hədəfi Qarabağdakı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması adı altında separatçı rejimin tanınması siyasətini həyata keçirmək istəyirlər. Bu da çox təhlükəli addımdır.
Senatda müzakirələr, qərarın qəbulu və onun təsdiqi üçün Prezidentə göndərilməsi üçün müəyyən vaxt lazım olacaq. Ancaq ermənilər bu prosesi başlatmaq istəyir. Azərbaycan da bunun qarşısını almaq üçün konkret addımlar atmalı və Fransanın belə bir qərarı qəbul etməsinə mane olunmalıdır".
Müşfiq Abdulla
Cebhe.info