ABŞ Prezidenti Joe Biden çərşənbə axşamı günü Polşaya atılan raketin Rusiya tərəfindən endirilməsi ehtimalının aşağı olduğunu bildirib.
Associated Press agentliyi isə ABŞ-ın üç rəsmisinə istinadən yazıb ki, Polşaya raket zərbəsi Ukrayna ərazisindən atılıb.
BMT və Böyük Yeddilik ölkələri Polşada iki nəfərin ölümünə səbəb olan raket hücumunun dərhal araşdırılmasına dəstək nümayiş etdirib.
Çərşənbə axşamı media Polşanın Ukrayna ilə sərhədinə raket zərbəsi düşdüyünü yazıb. Noyabrın 15-də Rusiya Ukraynaya intensiv raket hücumları edib.
Bu hücumlar zamanı iki raketin Polşa sərhədini keçərək iki nəfərin ölümünə səbəb olduğu iddiaları ilə bağlı Polşa və Macarıstanda fövqəladə təhlükəsizlik iclasları keçirilib.
İddialarla bağlı BBC-yə danışan Polşa Baş nazirinin ofisindən bir mənbə deyib: "Məlumat xaosu var, biz heç nəyi təsdiq və ya təkzib edə bilmərik".
Rusiya Polşaya hücumla bağlı ona qarşı səslənən ehtimalları rədd edib.
ABŞ Prezidenti Joe Biden açıqlamasında bildirib ki, Polşada iki nəfərin ölümünə səbəb olun raket zərbəsinin Rusiyadan endirilməsi "ehtimalı aşağıdır".
O deyib ki, insidentlə nəticələnən raket zərbəsinin Rusiyadan atılmasına dair "ilkin məlumatlar ziddiyyətlidir".
"Hadisə tam araşdırılanadək nəsə demək istəmirəm, lakin raketin trayektoriyasına baxdıqda belə fikir formalaşır ki, zərbənin Rusiyadan endirilməsi ehtimalı azdır", - Joe Biden qeyd edib.
Ağ Ev rəhbəri əlavə edib ki, Polşadakı araşdırmaların nəticəsinə uyğun olaraq, növbəti addımlar müəyyənləşdiriləcək.
BMT-nin Baş katibi Antonio Guterres Polşada baş verən raket partlayışından "çox narahat" olduğunu və aralşdırmaların aparılacağına ümid etdiyini deyib, qurumun sözçüsü bəyanatında bildirib.
"Ukraynada müharibənin eskalasiyasından qaçmaq olduqca vacibdir", - BMT-nin sözçüsü Farhan Haq qeyd edib.
İndoneziyada bir araya gələn Böyük Yeddilik ölkələri Polşada baş verənlərlə bağlı bəyanat yayımlayıb.
Avropa Komissiyasının dərc etdiyi həmin bəyanatda Rusiyanın Ukraynaya raket zərbələri qınanılıb və Polşaya dəstək nümayiş etdirilib.
"Polşanın Ukrayna sərhədinə yaxın şərq hissəsində baş verən partlayışı müzakirə etdik. Hadisənin araşdırılmasında Polşaya tam dəstək və yardımımızı təklif edirik. Araşdırmalar davam edərkən, atılacaq növbəti addımların müəyyənləşdirilməsi ilə bağlı əlaqəni intensivləşdirməyə qərar verdik", - bəyanatda bildilir.
Böyük Yeddiliyə ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.
Fransa Polşanın şərqində baş verən partlayışın araşdırılmasında "olduqca ehtiyatlı" davranmağa çağırıb, AFP yazıb.
Region ölkələrinin çoxu müxtəlif silahlara malik olsa da, hər hansı hadisədə həmin silahlardan istifadə edilməsi o demək deyil ki, bu silahı ona sahib olan ölkə istifadə edib, Fransa Prezidentinin ofisinin bəyanatında bildirilir.
Fransa hücumu "əsas eskalasiya riskləri" kimi qiymətləndirib.
Associated Press xəbər agentliyi ABŞ-ın üç dövlət rəsmisinə istinadən yazıb ki, ilkin qiymətləndirmələrə görə, Polşaya düşən raket Ukrayna ordusu tərəfindən Rusiyanın hava zərbələrinə cavab məqsədilə atılıb.
Məsələni ictimai formada müzakirə etmək istəməyən rəsmilər Associated Press-ə anonim şəkildə açıqlama verib.
Rusiya Polşaya hücumla bağlı ona qarşı səslənən ilkin iddiaları rədd edib.
TASS-ın məlumatına görə, hadisədən sonra Rusiya Müdafiə Nazirliyi yaydığı bəyanatda bu iddiaların regionda gərginliyi artırmaq istəyən Qərb dövlətləri tərəfindən irəli sürüldüyünü və Rusiyanın Polşa-Ukrayna sərhədinə yaxın heç bir bölgəni hədəf almadığını bildirib.
"Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə Rusiyanın məhvetmə vasitələri ilə heç bir zərbə endirilmədi", - bəyanatda deyilir.
İddialar ilk olaraq Polşa mətbuatında yer almışdı.
Çexiya Parlamenti noyabrın 15-də axşam saatlarında toplaşaraq Rusiya hökumətini "terrorçu" elan edib.
BBC.com