NATO ÜÇÜN POLŞA SINAĞI – Rusiya Şimal Alyansının nəbzini yoxlayır, yoxsa?...

16-11-2022, 14:54   



Polşa ərazisinə raket düşməsi və iki Polşa vətəndaşının həlak olması dünən gün ərzində Ukraynaya 100-ə yaxın raket atılması və onun enerji infrastrukturuna növbəti ağır zərbə endirilməsi faktını az qala kölgədə qoyan hadisəyə çevrildi. Təsadüfi deyil ki, bu hadisəni Rusiya-Ukrayna savaşında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirənlər var...

İlk olaraq, Rusiyanın necə qorxaq, heç bir ləyaqət, əxlaq normalarına sığmayan davranışlara qadir olduğunu bu növbəti hərbi cinayətin XİN başçısı Sergey Lavrovun “G20” sammitinə səfəri ilə eyni vaxtda həyata keçirilməsi faktı bir daha göstərir. Belə ki, bu cür kütləvi raket hücumu bir saatın, bir günün ərzində hazırlanan və dərhal həyata keçirilən əməliyyat deyil. Buna ən azı bir neçə gün, hətta həftə lazımdır. Deməli, Lavrov Baliyə getməzdən öncə belə bir zərbənin endiriləcəyini çox yaxşı bilirdi. “G20”-ni tədbir başa çatmadan, tez-tələsik qoyub qaçması da elə bununla bağlıdır. Çünki orada qalsaydı, bu gün həmin qlobal tədbir iştirakçılarının birbaşa ittihamları və cavab verə bilməyəcəyi sualları ilə üz-üzə qalacaqdı...



Digər yandan Kremlin Kiyevə və Ukraynanın digər şəhərlərinə raket hücumunu məhz “G20”-nin keçirildiyi günə təyin etməsi bir daha bu dövlətin bütün dünya üçün yaratdığı təhlükəni, heç bir yazılan və yazılmayan beynəlxalq qanunlara, adi insani, əxlaqi, mədəni və s. dəyərlərə məhəl qoymadığını göstərmiş oldu. Bununla Rusiya həm də onun özünün xahişləri, yalvarışları ilə Qərblə, Ukrayna ilə danışıqlar təşkil etməyə çalışan vasitəçiləri, xüsusilə də Türkiyəni çətin vəziyyətə saldı...

Sırf Polşa ərazisinə düşən raketlərə gəlincə, bunların “S-300”-lər olduğu güman edilir. Məsələ ondadır ki, əvvəllər də Polşa sərhədinin bir neçə kilometrliyinə Rusiya raketləri düşüb. Ancaq görünür, Kremlin buna görə cəzasız qaldığı, yaxud layiq olduğu cəza lazımi səviyyədə verilmədiyi üçün o, bir NATO ölkəsinin sərhədlərinə doğru rahatlıqla zərbələr endirməyi özü üçün məqbul, mümkün sayıb.

Ukraynada acı məğlubiyyətlər dadmasına baxmayaraq, Putinin sonradan istehza obyektinə çevrilən məşhur “biz hələ başlamamışıq” ifadəsini bu gün NATO-ya aid etmək olar. Çünki NATO doğrudan da hələ ciddi, birbaşa olaraq Ukrayna savaşına müdaxilə etməyib. Ancaq Rusiyanın bu cür təxribatları təşkilatın birbaşa müdaxilə riskini xeyli artırır. Bunu hardasa başa düşən Rusiya rəhbərliyi məhz bu səbəbdən dərhal bəyanat yayıb ki, Polşaya düşən raketlərin ona aidiyyatı yoxdur və bu, guya Ukraynanın təxribatıdır.

Əslində, NATO ilə birbaşa qarşıdurmanın nəylə nəticələnəcəyini Putin də gözəl anlayır və buna görə hələ savaşın ilk günlərində Şimal Alyansı ilə Rusiyanın hərbi imkanlarının müqayisə edilməsinin yersiz olduğunu etiraf etmişdi. Digər yandan, hələ 2018-ci ilin fevralında Suriyada ABŞ əsgərləri ilə hazırda Rusiya ordusunun ən hazırlıqlı hesab edilən “Vaqner” dəstələri arasında baş verən birbaşa döyüşün nəticələri hafizələrdən silinməyib. Fevralın 7-də Suriyada baş tutan həmin döyüşlə bağlı “The New York Times”-da yazı dərc edilmişdi. Orada qeyd olunurdu ki, cəmi 4 saat davam edən döyüşdə 400-600 nəfər elit rus döyüşçüsü məhv edilib.

Ukrayna savaşına gəlincə, ABŞ-ın verdiyi cəmi 20 ədəd “HİMERS” sistemi rus ordusunu aciz vəziyyətə salıb. Bu sistemlər savaşın gedişinə Ukraynanın xeyrinə böyük təsir göstərdi. Təkcə bunları nəzərə alsaq, NATO-nun daha ciddi və birbaşa müdaxiləsinin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin olmaz...


Hələ ki, ilkin reaksiyalar NATO-nun kəskin və birbaşa cavab zərbələri endirməyəcəyindən xəbər verir. Bundan öncə isə ABŞ Prezidenti Co Bayden və NATO Baş katibi Yens Stoltenberq dəfələrlə bəyan ediblər ki, NATO ölkələri ərazilərinin hər addımını müdafiə edəcəklər.

Qeyd edək ki, Polşaya raketlər düşən zaman Bayden Balidə olub. Orada gecəyarısı olmasına baxmayaraq, ABŞ Prezidenti dərhal hadisəyə reaksiya verib və bu günə olan bütün görüşlərini təxirə salıb.

Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç isə deyib ki, böyük ehtimalla bu hadisə ilə bağlı araşdırmalar, müzakirələr aparılacaq və dərhal Rusiyaya hansısa qəti və ağır zərbə endirilməsini gözləməyə dəyməz.

Bununla yanaşı, bu gün növbəti NATO toplantısı olan “Ramştayn-7” keçiriləcək. Həmçinin, Polşanın tələbi ilə NATO səfirləri Alyansın Nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edərək, hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görə bilərlər.

Lakin Polşaya endirilən zərbənin bilərəkdən edilən hücum olduğunu birmənalı şəkildə iddia və sübut etmək də çətindir. Ən azından ona görə ki, raketlər sərhədə çox yaxın əraziyə düşüb və hər hansı hərbi obyekti nişan almayıb. Buna baxmayaraq, bu hadisə layiqli cavab verilməsə, Rusiyanın “daha dərinə getməyəcəyinə” kimsə zəmanət verə bilməz... 

Doğrudur, Bayden raketlərin Rusiya ərazisindən atıldığına şübhə etdiyini bildirib və doğrudan da bunun Ukrayna Hava Hücumundan Müdafiə Sistemlərinin Rusiya raketlərini vurmaq cəhdlərinin nəticəsi olduğunu istisna etmək olmaz. Ancaq hər necə olsa, görünən odur ki, məhz Rusiyanın Ukraynaya etdiyi hücumun nəticəsi olaraq, bir NATO ölkəsinin ərazisi, əhalisi bombalanır. Bunu adi hal kimi qəbul edib, üzərindən keçsə, standart bəyanatlarla kifayətlənsə və ən azından Ukraynaya edilən hərbi yardımı yeni, qat-qat daha yüksək keyfiyyət və kəmiyyət səviyyəsinə qaldırmasa, o zaman NATO-nun da nüfuzu getdikcə “dünyanın ikinci ordsusu”nun ayaqlar altına düşən nüfuzuna, ləyaqətinə yaxınlaşmağa başlayacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.