Azərbaycan Fransadakı səfirini geri çağırır? – Mühüm açıqlama

16-11-2022, 17:36   





“Fransa parlamentinin atdığı bu addım bir daha onu göstərir ki, Fransa dövləti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını istəmir, habelə birmənalı olaraq Ermənistanın yanındadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.

Deputat Fransa Senatı tərəfindən qəbul edilmiş anti-Azərbaycan qətnaməsinin Fransa hakimiyyəti tərəfindən təsdiqlənicəyi təqdirdə Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayevanın geri çağırılması bağlı səsləndirilən təklifə münasibət bildirib.

Onun qənaətinə görə, Fransa Senatı anti-Azərbaycan qətnaməsi qəbul etmiş olsa da, bu tezis Fransa prezidenti Emmanuel Makrondan gəlib:

“Çünki onun 1 ay öncə “France 2” televiziyasına verdiyi müsahibəsinə fikir versəniz, Makronun səsləndirdiyi tezislər Senatın çıxardığı qətnamədə səslənən mövqe ilə tamamilə üst-üstə düşür. 

Belə olan vəziyyətdə bəs Azərbaycan hansı addımı atmalıdır? 

İlk növbədə, əsas məsələ budur: Fransa hökuməti Senatın təşəbbüsünə adekvat reaksiya verib, Azərbaycana qarşı Senatın nəzərdə tutduğu qərarları həyata keçirəcəkmi? Yəni Azərbaycanın neft və qaz sənayesinə qarşı sanksiyalar, qondarma rejimin tanınması, beynəlxalq sülhməramlı qüvvələrin Qarabağa gətirilməsi, bölgədə humanitar missiyanın açılması və s. qəbildən olan tezisləri nəzərdə tuturam. 

Əgər Fransa hökuməti belə bir addım atsa, bu, artıq sözün həqiqi mənasında, Azərbaycan səfirinin Fransadan geri çağrılmasını labüd edə bilər”.

E. Nəsirovun sözlərinə görə, Senatın bu addımına, Azərbaycan parlamenti də analoji addımla cavab verməlidir:

“Fransa Senatı qondara rejimi legitimləşdirib, onun müstəqilliyini tanıyırsa, bəs onda biz niyə 1768-ci ildə Fransanın Aralıq dənizində yerləşən Korsika adasını işğal etməsi məsələsinə münasibət bildirməyək?! 254 ildir ki, Korsika əhalisi müstəqillik uğrunda mübarizə aparır. Fransa dövləti isə deyir ki, onlar separatçı və terrorçudur. Fransa hakimiyyəti korsikalıların azadlıq mübarizəsini qan içində boğub onlara müstəqillik vermir. Əgər Fransa Senatı qondarma rejimin müstəqilliyini tanıyırsa, o zaman Korsikanın müstəqilliyinin tanınması Azərbaycanın müstəqil hüququ ola bilər”.

Tarixi faktlara toxunan həmsöhbətimiz izah edib ki, Fransanın Qarabağda müdafiə etdiyi ermənilərlə Korsikanın yerli əhalisini qətiyyən müqayisə etmək olmaz:

“Çünki Korsika əhalisi yerli, aborigendir, lakin Qarabağdakı ermənilər 1813-1828-ci il aralığında Osmanlı və İran dövlətindən köçürülmüş ermənilərdir, yəni yerli əhali deyillər. Necə ola bilər ki, Fransa yerli olmayan əhalinin müstəqilliyini tanıyır, ona separatçı-terrorçu demir, amma korsikalılar yerli əhalidir və Fransa 250 ildən çoxdur ki, onların azadlıq mübarizəsini boğub, onlara separatçı, terrorçu deyir. Tarix bizə bəllidir, 1768-ci ildə Fransa bu adanı işğal edib. Siz bu ikili yanaşmaya baxın”.

Deputat onu da təklif edib ki, Azərbaycan 1954-1962-ci illərdə davam edən və 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi ilə yekunlaşan Əlcəzairin Azadlıq müharibəsinin nəticələrini və bu soyqırımı tanımalıdır:

“Bundan savayı, Azərbaycan parlamenti Fransanın Əlcəzairdə həyata keçirdiyi soyqırımı siyasətinə qiymət verə bilər. Bu gün Milli Məclisdə də təkliflər olundu ki, xüsusi dinləmələr keçirilsin. Çünki 1,5-2 milyona yaxın əlcəzairliyə qarşı Fransa hakimiyyəti soyqırımı siyasəti həyata keçirib. Belə olan vəziyyətdə Azərbaycan parlamenti müvafiq sənədi qəbul edə bilər. Hesab edirəm ki, bu kimi addımların daha çox effekti ola bilər, nəinki fransız mallarının alışından imtina və s.”

Rafi MÜSLÜMOV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.