Britaniyanın MI-5 əks-kəşfiyyat idarəsinin rəhbəri Ken McCallum bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladığı dövr ərzində kəşfiyyat şəbəkəsinə ağır zərbə dəyib. McCallum həmçinin deyib ki, Britaniya hələ uzun müddət Rusiyanın aqressiyasına hazır olmalıdır.
Britaniyanın üzləşdiyi təhdidlərlə bağlı illik hesabatı açıqlayan əks-kəşfiyyat rəhbəri qeyd edib ki, müxtəlif dövlətlər Rusiya səfirliklərinin ümumilikdə 600-dən çox əməkdaşını öz ərazilərindən qovub və böyük ehtimal, onların 400-dən çoxu casus olub. "Bu, müşahidə edilə bilən Avropa tarixində Rusiya kəşfiyyatına dəymiş ən güclü strateji zərbədir", - McCallum vurğulayıb.
MI-5 rəhbərinin sözlərinə görə, təkcə Britaniyadan diplomatik fəaliyyət adı altında işləyən 23 Rusiya casusu qovulub. Bundan başqa, Moskvanın geri dönmüş diplomatları əvəz etmək üçün göndərmək istədiyi yüzdən çox şəxsə təhlükəsizlik səbəbilə diplomatik viza verilməyib.
"Biz arxayınlaşmamalıyıq. Yaxın illərdə Rusiyanın Böyük Britaniyaya qarşı açıq və ya gizli aqressiyasına hazır olmalıyıq" - Britaniya əks-kəşfiyyatının rəhbəri belə deyib.
Onun fikrincə, Rusiya casuslar və kiberhücumlar vasitəsilə Britaniyaya qarşı gizli təhlükə, enerji daşıyıcılarının qiymətlərini artırmaq və əhalini məqsədyönlü şəkildə dezinformasiyaya məruz qoymaq yolu ilə təhlükə yaradacaq. "Onlar zərbə vurmağa davam edəcəklər", - deyə McCallum xəbərdarlıq edib.
Əvvəlki illərdə olduğu kimi, McCallum hesabatında Britaniyanın təhlükəsizliyinə təhdid yaradan ölkələr arasında İran və Çinin də adını çəkib. Onun sözlərinə görə, 2022-ci ildə MI-5 Britaniya vətəndaşlarını, o cümlədən, bu ölkədə yaşayan insanları qaçırmaq və ya öldürmək üçün İranın ən azı 10 potensial cəhdini ifşa edib. Bundan başqa, ötənilki hesabatdan keçən müddət ərzində hazırlıqları son mərhələdə olan 8 terror aktının da qarşısı alınıb.
Ötən həftə isə Britaniya polisi bu ölkədə yaşayan və işləyən bəzi iranlı jurnalistləri həyatlarına olan potensial təhlükə barədə xəbərdar edib. McCallum bununla bağlı bildirib ki, MI-5 "tamamilə qəbuledilməz fəaliyyətlərin" qarşısını almaq üçün həm ölkə daxilindəki, həm də xaricdəki həmkarları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, o xatırladıb ki, İran bütün Avropada bu cür "ağılsız hərəkətlər" etməyə hazırdır.
MI-5 rəhbərinin sözlərinə görə, əleyhidarlarını izləməkdən və bəzən də onları qorxutmaqdan çəkinməyən Çin daha bir "böyük və əbədi təhdid" olaraq qalmaqdadır. McCallum bu yaxınlarda Mançesterdəki Çin konsulluğunda demokratik hərəkat üzvünün hücuma məruz qalması faktını xatırladıb.
"Belə repressiyaların əlamətlərinin artdığını getdikcə daha çox görürük" deyən MI-5 rəhbəri əlavə edib ki, bu, Pekinin xarici ölkələrdə "polis məntəqələri" yaratması ilə bağlı xəbərlərdən kənara çıxan haldır. Bəzi məlumatlara görə, rəsmi olaraq Çin vətəndaşlarına inzibati məsələlərdə kömək üçün nəzərdə tutulmuş bu məntəqələrdə rejimin tənqidçilərinə təzyiqlər edilir, müxtəlif bəhanələrlə, o cümlədən, şantajla onları öz vətənlərinə qayıtmağa məcbur edirlər.
"Biz Britaniya vətəndaşlarının və ya Britaniyanı özlərinə vətən seçmiş şəxslərin təhdid və təqib edilməsinə dözməyəcəyik" - McCallum belə deyib.
Əks-kəşfiyyat idarəsi hələ yanvar ayında xəbərdarlıq etmişdi ki, Çin Britaniya siyasətinə təsir etməyə cəhd göstərir. MI-5 rəhbərinin sözlərinə görə, Çin kəşfiyyat orqanları ölkənin ictimai həyatına təsir göstərmək və ictimai və ya siyasi karyera qurmağa yeni başlayan şəxsləri, məsələn, yerli şuraların deputatlarını və ya deputatlığa namizədləri öz agentinə çevirmək cəhdlərindən əl çəkməyiblər.
Ken McCallum deyib ki, əvvəlki illərdəki qədər olmasa da, terrorizm hələ də ciddi təhlükə olaraq qalır.
O bildirib ki, 2017-ci ildən bəri polislə birlikdə MI-5 hazırlıq işləri son mərhələdə olan və həm islamçılar, həm də ifrat sağçı ekstremistlər tərəfindən planlaşdırılan 37 terror aktının qarşısını alıb. Sonuncular fəal şəkildə bütün dünyada kimlərisə öz təsir agentlərinə çevirir, sui-qəsd nəzəriyyələri yayırlar.
McCallum-ın sözlərinə görə, MI-5 bəzi beynəlxalq terror qruplarının yenidən təşkilatlanma cəhdlərini də izləyir. Bundan başqa, kəşfiyyat orqanları təkbaşına hərəkət edən terrorçuları aşkar etmək və planlarını reallaşdırmalarına mane olmaq kimi çətin bir işlə də məşğuldur.
O, həmçinin qeyd edib ki, MI-5 3D printerlər vasitəsilə yaradılan silahlar da daxil olmaqla, odlu silah əldə etmək cəhdlərinin artdığını müşahidə edir.
BBC.com