Türkiyə Prezidenti Recep Tayyip Erdoğan istənilən çətin vəziyyətdən faydalanmağı bacaran siyasətçidir. Bu avtoritar lider həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlayır və Rusiyanın başlatdığı müharibədə nüfuzunu dünya miqyasında yüksəltmək şansı görür. Türkiyə bir tərəfdən Moskvayla sıx əməkdaşlığını davam etdirir, Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmur, bu ölkəyə uçuşları ləğv etmir, digər tərəfdən isə Ukraynaya pilotsuz təyyarələr verir və taxıl sövdələşməsində Vladimir Putinə qalib gəlir. Erdoğanın təsiri artır, amma o, iki stulda nə vaxta qədər otura bilər? Onun ambisiyaları Türkiyə daxilindəki siyasi problemlərin basdırılması ilə nəticələnməz ki?
2018-ci ilin may ayı. "Kvartal 95" studiyasının bədii rəhbəri Volodimir Zelenskinin prezident seçkilərində iştirak etmək niyyətini açıqlamasına altı ay qalıb. Hələ ki o, Türkiyə haqqında yumoristik səhnəciklər hazırlayır.
Zelenski səhnəyə Osmanlı İmperiyasında məşhur olan, Atatürk dövründə qadağan olunmuş keçə papaqla - qırmızı fəslə çıxır; türk ləhcəsini təqlid edərək Türkiyədə hakimiyyətin dəyişməzliyinə rişxənd edir və Recep Tayyip Erdoğanı "bığlı tarakan" adlandırır.
Dörd il sonra. Mənzərə dəyişib. Qara "Mercedes" Lvovdakı Pototski sarayına doğru irəliləyir. Əynində artıq ənənəvi geyimi - idman köynəyi, xaki rəngli şalvar və eyni rəngdə idman ayaqqabısı olan Volodimir Zelenski eyvanda dayanaraq maşının qapısının açılmasını gözləyir. Kostyum geyinib qalstuk taxmış Erdoğan Ukrayna Prezidentinin əlini xeyli vaxt buraxmır. Onlar nəsə danışırlar, ən çox da Zelenski. O, təşəkkür jesti olaraq əlini sinəsinə qoyub.
Bu dörd il həm Ukraynanı dəyişib, həm Türkiyəni. Yumoristik səhnəciklər unudulub, müharibədən əvvəlki illərdə bu iki ölkə əməkdaşlıqdan qarşılıqlı fayda əldə ediblər.
2014-cü ildən - Krım ilhaq ediləndən və Donbasın bir hissəsi işğal edildikdən sonra Türkiyə Ukraynaya öz pilotsuz təyyarələrini satmağa razılaşan azsaylı ölkələrdən biri olub. Hazırda bu təyyarələr Ukraynanın işğala qarşı mübarizəsinin simvoluna çevrilib.
Erdoğanın hədəfində ölkəsini regionun nüfuzlu siyasi oyunçusuna çevirmək planı vardı. Bundan başqa, o, Krımı - Türkiyənin həmişə sıx münasibət saxladığı Krım tatarlarının vətənini itirdiyi üçün Kiyevə şəfqətlə yanaşırdı. Bununla belə, Türkiyə Prezidenti Krımın Ukraynaya qaytarılmasının zəruriliyi barədə sadəcə bəyanatlar verməklə kifayətlənirdi. Bəzən tatar icmasına forumlar və dəyirmi masalar keçirmək imkanı yaratsa da, Erdoğan onları yalnız sözlə dəstəkləməyə davam edirdi. Ancaq Krım problemi həm də onun bəyanatları sayəsində dünya liderlərinin müzakirə etdiyi digər mövzular arasında itib-batmadı.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində öz təsirini genişləndirmək imkanı görən Erdoğan kənarda dayana bilmədi.
Türkiyə Ukraynaya "Bayraktar" satmağa davam etdi və bu PUA-ları hazırlayan "Baykar" şirkəti elə müharibə gedərkən Kiyevdə zavod tikməyə başladı.
Oktyabr ayında Türkiyədə Ukrayna Hərbi Dəniz Donanması üçün hazırlanmış ilk "Milgem" korveti suya buraxıldı - bu, Ukrayna donanmasının ən böyük gəmisi olacaq. Elə Zelenskinin geyindi gülləkeçirməz jilet də Türkiyə istehsalıdır.
Əgər bir vaxtlar Türkiyə adi adamlar üçün "hər şey daxil" Antalya kurortlarıyla assosiasiya olunurdusa, indi Erdoğan regionun ən nüfuzlu oyunçusu olmaq niyyəti sərgiləyir və vasitəçilik etmək üçün əlindən gələni edir. Buna nə Ukrayna, nə də Rusiya etiraz edib. Volodimir Zelenskinin mətbuat xidməti isə rəsmi hesabatlarda Erdoğanı "tərəfdaş və müttəfiq" adlandırıb. Ancaq Türkiyə liderinin hazırkı mövqeyi arzuladığı qədər güclü deyil.
Müharibənin hələ ilk günlərindən Ankara münaqişənin həllində vasitəçi olmaq üçün öz xidmətlərini təklif edir. Türkiyə Rusiyayla Ukrayna arasında danışıqları təşkil edib, əsirlərin dəyişdirilməsində iştirak edib, Ukrayna taxılının ixracına dair müqavilənin bağlanmasına kömək edib.
Ancaq müharibə uzandıqca, Ukraynanın və Qərb dövlətlərinin Türkiyəyə sualları artır. Bir tərəfdən, Erdoğan Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə pisləyir və işğal olunmuş ərazilərin, o cümlədən, Krımın Ukraynaya qaytarılmasında israr edir. Digər tərəfdən, Türkiyə Moskvaya sanksiya tətbiq etməyən yeganə NATO ölkəsidir.
Türkiyə hava məkanını bağlayan Avropaya da qoşulmayıb, Rusiya təyyarələri Türkiyə aeroportlarına uçuşları davam etdirir. Ölkə "Mir" kartlarını qəbul edib, rusiyalılara yerli banklarda hesab açmağa icazə verilib. Üstəlik, Avropa tələsik bir şəkildə Rusiya qazından vaz keçsə də, bu yanacaq növünün Türkiyəyə axını davam edib.
Bundan başqa, Rusiyanın Ukraynaya təcavüzü İsveç və Finlandiyanı NATO-ya üzvlük üçün müraciətə məcbur edəndə prosesi alyansın ancaq bir üzvü - Türkiyə yubadıb, sonra da Ankaranın terrorçu hesab etdiyi şəxslərin ekstradisiyasıyla bağlı ultimatum irəli sürüb.
Avropa və Amerika siyasətçiləri Ərdoğanın Rusiyaya sanksiyalar səddində boşluqlar tapmağa kömək etməsinə də narazılıqlarını bildiriblər. Yayın əvvəlindən etibarən Türkiyə Prezidentinə qarşı tənqidlərin səsləndiyi Ukraynada da bundan ehtiyat edirlər. Xarici İşlər Nazirliyi bəzi məsələlərlə bağlı "narahatlığını ifadə etmək" üçün son aylar ərzində Türkiyə səfirini artıq iki dəfə quruma çağırıb, Ukraynanın Türkiyədəki səfiri isə Erdoğanı açıq şəkildə Rusiyanın Ukraynadan oğurladığı taxılı almaqda ittiham edib.
Ukrayna uzun müddət Türkiyəylə münasibətlərinə Qərblə tərəfdaşlığın bir hissəsi kimi baxıb, amma müharibə dövründə Kiyev vəziyyətə başqa rakursdan nəzər salmaq məcburiyyətində qaldı.
"Müəyyən mənada Erdoğan uzun müddətdir ki, məhz buna nail olmağa çalışırdı - dünya siyasətində daha böyük rol oynamaq və Qərblə qeyri-Qərb arasında dayanmaq. Ukrayna xeyli vaxt bu incəliklərə ya diqqət etmədi, ya da onları görməzdən gəlməyə üstünlük verdi: axı, Türkiyə NATO üzvüdür. Rusiyanın hücumu Kiyevi məcbur etdi ki, Türkiyənin xarici siyasətinə daha real qiymət versin", - Karnegi Fondunun eksperti İlya Kusa belə deyir.
Ekspertin fikrincə, bu, yaxın zamanlarda Türkiyə və Ukrayna arasındakı münasibətlərdə fasilə yaranacağı demək deyil. Sadəcə, tərəfdaşlıq daha situativ və praqmatik xarakter alacaq - Türkiyənin Rusiyayla münasibətdən güddüyü maraqlar nəzərə alınaraq.
Ankara Rusiyayla sıx əməkdaşlığını öz maraqlarını müdafiə etməsiylə izah edir: onun üçün Moskva əsas qaz və neft ixracatçısı olaraq qalır. Bundan başqa, Zaporoje AES-də fəlakət təhlükəsi vardı və bu baş versəydi, Türkiyəyə birbaşa təsir edəcəkdi.
Recep Tayyip Erdoğan Türkiye Türkiyə Osmanlı imperiyası Ukrayna Rusiya Ukrayna müharibəsi Volodimir Zelensky Zelenski Vladimir Putin Krım
Çətin ki, Qərb izahat eşidəcəyinə ümid edir: onun reaksiya vermək və Türkiyəyə hansısa yolla təzyiq göstərmək imkanları azdır - Oxford Universitetinin Türkiyə üzrə eksperti Dimitar Beçov belə deyir.
Əslində, Qərbin kozırları olmamış deyil: Türkiyə üçün məhz Avropa İttifaqıyla (Aİ) münasibətlər mühüm rolu oynayır, çünki həm idxalda, həm də ixracda Aİ Ankaranın ən böyük tərəfdaşıdır və əsas investisiya mənbəyidir. Erdoğan bu əlaqələrə əhəmiyyət verməyə bilməz. Ancaq Aİ-də Türkiyəylə münasibətlərin necə qurulacağına dair konsensus yoxdur.
"Avropa İttifaqında Türkiyəyə münasibətlə bağlı fikir ayrılıqları var. Fransanın başçılıq etdiyi bir qrup sərt yanaşmaya ehtiyac olduğunu düşünür, Almaniyanın daxil olduğu digər qrupsa hesab edir ki, Türkiyəylə əməkdaşlığı inkişaf etdirmək lazımdır. Buna görə də Erdoğanın manevr etmək imkanları var və ən başlıcası, bunu o özü də bilir", - ekspert belə deyir.
Bundan başqa, dünya siyasətində Vladimir Putinlə müntəzəm ünsiyyətdə olan, demək olar ki, yeganə lider Erdoğandır; Qərb başa düşür ki, bu, Ukraynadakı situasiyanı tənzimləmək üçün kiçik də olsa, bir fürsət pəncərəsidir.
Son illərdə Recep Tayyip Erdoğanla Vladimir Putinin münasibətləri heç də problemsiz olmayıb. 2015-ci ilə qədər onları dost adlandırmaq olardı, amma Suriyadakı müharibədə Rusiya Bəşər Əsədi, Türkiyə isə müxalifəti dəstəkləyəndə Prezidentlər rəqiblərə çevrildilər.
2015-ci ilin noyabr ayı iki ölkə arasındakı münasibətlərin ən kəskin dövrü oldu - Türkiyə Suriyayla sərhəddə Rusiyanın bombardmançı təyyarəsini vurdu, Moskva rəsmi üzr tələb etdi, Ankara isə atəş açmaq hüququna malik olduğunu bildirdi. Vladimir Putin ictimai peşimançılığı gözləmədən Türkiyəyə əmtəə embarqosuyla cavab verdi və rusların iqtisadiyyatı turizmdən çox asılı olan bu ölkəyə səfərini qadağan etdi. O zaman əlaqələr faktiki olaraq kəsildi.
Erdoğanı əsəbiləşməyə məcbur edən bu gərginlik zamanı Rusiya hətta iddia etdi ki, Türkiyə Prezidenti gizli şəkildə islam ekstremistlərindən neft alır. Erdoğan bunun sübut ediləcəyə təqdirdə istefa verəcəyini dedi. Ancaq Moskva sözünün üstündə durmamaq qərarına gəldi.
7 ay sonra Erdoğan təslim olmadan təslim oldu. O, Putinə yazılı müraciət göndərərək həlak olan pilotun ailəsinə başsağlığı verdiyini və onun ölümünə görə üzr istədiyini bildirib. Ancaq öz tərzinə sadiq qalaraq təyyarənin vurulmasına görə üzr istəmədi. Buna baxmayaraq planı baş tutdu və iki ölkə arasında dialoq bərpa olunmağa başladı.
Lakin cəmi bir neçə həftə sonra Erdoğanın diqqəti daxili xaosa - ölkəsindəki hərbi çevriliş cəhdinə yönəldi. Həmin vaxt Aralıq dənizindəki kurortların birində dincələn Prezidentin özünü ələ keçirmək mümkün olmayıb və çevriliş yatırılıb.
Onda Erdoğana zəng edən ilk xarici lider Putin olub. Az sonra Türkiyə Prezidenti onunla görüşmək üçün Sankt-Peterburqa uçub. Bu görüşdəki ritorika əvvəlkindən fərqliydi: Erdoğan Putini dostu adlandırıb və görüşmək imkanına görə təşəkkür edib.
Ancaq problemlər bununla bitməyib. 2019-cu ildə Rusiya və Türkiyə yenidən Suriyanın şimal-şərqindəki barrikadaların əks tərəflərində olublar. Bir il sonrasa onlar sözün əsl mənasında müharibənin astanasında gəliblər: Erdoğan Suriyanın hökumət qüvvələrini hərbi əməliyyatla hədələyib, Rusiya isə Əsədə dəstək vəd edib.
O dönəmdə daha bir qarşıdurma meydanı Liviya idı - bu ölkədəki vətəndaş müharibəsində də Putin və Erdoğan müxtəlif tərəfləri müdafiə edirdilər.
Bütün bunlara baxmayaraq sonda onlar razılığa gələ biliblər. Ziddiyyətlər (eləcə də Qərb ölkələrinin etirazları) Türkiyənin Rusiyadan S-400-lər almasına, Ukraynadan yan keçən "Türk axını" adlı qaz kəməri açmasına və "Rosatom"a Türkiyənin Aralıq dənizi sahillərində atom elektrik stansiyası tikmək icazəsi verməsinə mane olmayıb.
Tez-tez Erdoğanla Putini müqayisə edirlər. Hər ikisi öz ölkələrindəki çətin dövrdən sonra hakimiyyətə gəliblər, insanlara sabitlik təklif ediblər, ənənəvi dəyərlərin tərəfdarı kimi çıxış ediblər, sonra avtoritar liderlərə çevriliblər; rəqiblərinə, eləcə də jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalara başlayıblar.
"İlk baxışda Erdoğanın idarəetmə üslubu Putinin üslubuna oxşayır, amma mühüm bir fərq var. Putin zərrə qədər də olsa, siyasi mübarizə təcrübəsi olmayan bir aparat işçisi, Erdoğansa siyasətdə uzun yol keçmiş biridir", - Rusiyanın Yeni Türkiyəni Araşdırma Mərkəzinin direktoru Yuri Mavaşev belə deyir.
Erdoğan İstanbulun bələdiyyə sədri olub və hətta siyasi baxışlarına görə qısa müddətə həbs edilib (1997-ci ildə Erdoğan hakimiyyətin xoşuna gəlməyən, onu bələdiyyə sədri vəzifəsindən istefa verməyə məcbur edən bir şeirə görə 120 günlük həbs həyatı yaşayıb - BBC)".
Bu fərqə baxmayaraq Erdoğan və Putin çox vaxt razılığa gələ, bir-birinin ambisiya və maraqlarına hörmətlə yanaşa biliblər. Ancaq Ukrayna müharibəsi Erdoğana daha əvvəl bilmədiyi bir şeyi göstərib.
Vladimir Putin başqalarını gözlətməyi xoşlamasıyla da məşhurdur. Dünya siyasətində belə davranış hörmətsizlik sayılır, amma Putinlə görüşlər nadir hallarda vaxtında başlayır.
Bu ilin iyul ayında isə Putinin özünü gözləməyə məcbur etdilər. Çox yox - bir dəqiqəyə yaxın vaxt ərzində Rusiya Prezidenti dodaqlarını büzüb bir ayağından o biri ayağının üstünə keçərək kameralar qarşısında tək dayanmalı olub. Sonra Erdoğan zala daxil olub və Putin sanki görüşə gecikmiş əziz dostunu qarşılayırmış kimi qollarını açıb.
Bunun təsadüf, yoxsa qəsdən hiss etdirilən bir işarə olması üzərində ekspertlər uzun müddət baş sındırıblar. Hər iki variant ağlabatandır, çünki Erdoğan xarici siyasət ambisiyalarını heç vaxt gizlətməyib. Keçən il o, İkinci Dünya müharibəsindən sonra formalaşmış siyasi sistemin ədalətsiz olduğunu söyləmiş, 5 ölkənin təmsil olunduğu BMT Təhlükəsizlik Şurasına üzv olmayan dövlətlərin hüquqlarını genişləndirməyi təklif etmişdi. "Dünya beşdən çoxdur" - artıq məşhur olan bu ifadəni Erdoğan məhz o vaxt demişdi.
Ambisiyalarından çıxış edən Erdoğan özünü (o cümlədən, Putini) həmişə Qara dəniz regionunun liderlərindən biri hesab edib. Ancaq Rusiya ordusunun nəyə qadir olduğunu nümayiş etdirən müharibə Türkiyə Prezidentinə əsas verir ki, məhz özünü lider adlandırsın. Ekspert Yuri Mavaşev qeyd edir ki, indi Rusiyanın imkanları Türkiyənin imkanlarıyla müqayisə oluna bilməz.
Bundan başqa, Rusiyanın müharibədə tez və asan qələbə qazanmaması regionda qüvvələr nisbətini dəyişib. Ekspert Dimitar Beçovun sözlərinə görə, indi Rusiyanın Türkiyəyə ehtiyacı Türkiyənin Rusiyaya olan ehtiyacından çoxdur.
Bəli, Rusiya qaz sektorunda Türkiyənin əsas tərəfdaşı olaraq qalır, amma Erdoğan yaxşı bilir ki, Moskva üçün ixrac bazarları hər gün daha çox daralır. Bu isə o deməkdir ki, Rusiya bu mühüm satış bazarını itirməyə risk etməyəcək. Erdoğana Türkiyədə "qaz qovşağı" - bütün əsas kəmərlərin birləşəcəyi qazpaylama mərkəzi yaratmağı təklif edən Vladimir Putin də bunu başa düşür.
Erdoğan, təbii ki, razılıq verdi. Bu layihə reallaşarsa, Türkiyə qaz satışında əsas vasitəçi olacaq, üstəlik, bunun üçün lazım olan infrastrukturu əldə edəcək. Putinsə sanksiyalara məruz qalmış Rusiya banklarına rublla ödəniş etmək məcburiyyətini aradan qaldıra biləcək belə bir sxemlə Avropaya qaz satacağına ümid edir.
Sözdə yaxşı fikir kimi səslənsə də, reallaşdırılması çətin olan ideyadır. "Türk axını" iki xəttdən ibarətdir - biri Türkiyə istehlakçılarını,digəri isə Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edir. Ancaq Avropanın cənubu texniki səbəblərə görə böyük həcmdə qaz ala bilmir.
"Yəni, daha bir boru çəkilməlidir. Bəs kim çəkəcək? Hansı pula? İşi kim icra edəcək? Axı, Rusiya sanksiyalar altındadır", - türkoloq Yuri Mavaşev layihəylə bağlı əsas sualları belə ümumiləşdirir.
Hərçənd, əsas məsələ heç texniki problem də deyil. Əslində Rusiya qazından söhbət getdiyini anlayan Avropa qovşaqdan "yerli" qaz almağa hazır olacaqmı? - əsas sual budur. Avropalı alıcılar buna can atmır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen bildirib ki, Avropa Rusiya qazının üçdə ikisini cəmi səkkiz ay ərzində əvəz edə bilib.
Dimitar Beçovun sözlərinə görə, hələ ki Erdoğan Ukraynadakı müharibədən faydalana bilir, amma Türkiyəylə qonşuluqda baş verən savaş nə qədər çox uzanarsa, onun üçün bir o qədər çətin olacaq.
Ukraynada sülh Erdoğan üçün böyük qələbə ola bilərdi, ancaq müharibə davam edir və Türkiyə liderinin indiyəqədərki şəxsi nailiyyətləri o qədər də çox deyil. Onlardan ən önəmlisi taxıl sövdələşməsində iştirakdır. Yayın ortalarına qədər Rusiya qoşunları Ukrayna limanlarını blokadaya almış, milyonlarla ton taxıl sözün həqiqi mənasında qıfıl altında qalmış, kasıb ölkələr ərzaq qıtlığı təhlükəsiylə üzləşmiş və dünya bazarında qiymətlər qalxmışdı. Erdoğanın və BMT-nin vasitəçiliyilə blokada aradan qaldırıldı. Ancaq qısa müddətə.
Payızda Rusiya Ukraynanı "təhlükəsizlik dəhlizindən" istifadə edərək Rusiya donanmasına hücum etməkdə günahlandırdı və birtərəfli qaydada taxıl sövdələşməsindən çıxdı. Ancaq gözlənilmədən - cəmi 72 saatdan və Erdoğanla bir söhbətdən sonra Vladimir Putin fikrini dəyişdi.
Türkiyə Moskvanı necə razı sala bildiyini açıqlamayıb, Rusiya tərəfi isə müəyyən zəmanətlər aldığını bildirib. Ancaq Qərbin xəbər agentlikləri anonim mənbələrə istinadən yazıblar ki, bu ölkənin sövdələşməyə qayıtması Türkiyənin Rusiyaya təzyiqinin nəticəsidir. Erdoğanın bu arqumentdən istifadə edib-etmədiyini təsəvvür etmək çətindir, amma taxıl gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin onları sadəcə müşayət etməsi kifayət edərdi - axı, Türkiyə gəmilərinə hətta təsadüfi hücum belə NATO gəmilərinə hücum deməkdir.
Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak əmindir ki, Putin "Osmanlı diplomatiyasına - ağıllı güc nümayişinə görə" fikrini dəyişib.
Erdoğan "Osmanlı diplomatiyası"ndan təkcə Moskva və Kiyevlə dialoqda istifadə etmir, o öz təsirini yaymaq üçün Afrikada da böyük potensial görür. Afrika ölkələrində davamlı olaraq Türkiyə nümayəndəlikləri açılır. Ölkənin bu qitədə 43 səfirliyi var. Türkiyə aviaşirkətləri Afrika ölkələrini səmada birləşdirir. Erdoğan mütəmadi olaraq Afrikaya səfərlər edir və artıq 30-dan çox ölkədə olub. Bu ilin əvvəlində Türkiyə Cənubi Afrika, Mərakeş, Nigeriya, Qana, Əlcəzair və Efiopiya da daxil olmaqla, 19 Afrika ölkəsinə hərbi attaşelərini göndərib. Son illərdə Türkiyə Qərbi və Şərqi Afrikanın əksər ölkələriylə hərbi müqavilələr imzalayıb.
Erdoğan artıq bir neçə dəfə Türkiyə-Afrika tərəfdaşlıq sammiti keçirib və qitə ölkələriylə əməkdaşlığa davam edir; onlara avtomobil, silah-sursat, o cümlədən, məşhur "Bayraktar"ları satır.
Yuri Mavaşev qeyd edir ki, Rusiya Ukraynayla müharibə etməkdəykən Recep Tayyip Erdoğan Avrasiyada və Rusiyanın iddia etdiyi bütün digər məkanlarda öz təsirini artırmaqla məşğuldur.
Özbəkistan, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderlərinin iştirak etdiyi Türk Dövlətləri Təşkilatının noyabrda keçirilən sammitinə Türkiyə sədrlik edib. Kuluarlarda bu təşkilata tezliklə Türkmənistanın da üzv ola biləcəyini müzakirə ediblər.
İndiki zaman kəsiyi Erdoğan üçün son dərəcə əlverişlidir, amma regionun ən böyük ölkəsi olan Qazaxıstan baş verənlərlə bağlı narazılığını bildirib. Ölkə başçısı Kasım-Jomart Tokayev qondarma "LXR" və "DXR"-in müstəqilliyini tanımaqdan imtina edərək onları "kvazidövlət əraziləri" adlandırıb.
Erdoğansa bu ölkələrlə ticarəti artırmağa və "yumşaq güc"dən istifadə etməyə - məsələn, yeni məscidlərin tikintisini, mövcud məscidlərin rekonstruksiyasını maliyyələşdirməyə davam edir.
Ancaq Erdoğanın bir problemi var. Gələn ilin yayında Türkiyədə Prezident seçkiləri keçiriləcək. Onun dünya səhnəsindəki qələbələri samballı görünsə də, ölkə daxilində baş verənlər seçicilər üçün daha vacibdir.
Erdoğan xarici siyasətdə müəyyən uğurlar qazana bilsə də, daxili siyasətdə ciddi problemlərlə üzləşib.
Türkiyə ciddi iqtisadi böhran içindədir. Hətta rəsmi qiymətləndirməyə görə də inflyasiya 85 faizdən çoxdur. Bu, son 24 ilin rekord göstəricisidir. Demək olar ki, hər şey bahalanıb, amma ən böyük artım qida məhsullarında və nəqliyyatda müşahidə olunur.
Bu inflyasiyanın səbəbi 2021-ci ilin payızında Türkiyə Mərkəzi Bankının əsas faiz dərəcəsini, yəni, kommersiya banklarına kredit vermə faizini aşağı salması və bundan sonra lirənin ucuzlaşmağa başlamasıdır.
Adətən, bütün dünyada mərkəzi banklar inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini artırmağa çalışırlar. Ancaq Erdoğanın pul siyasətinə baxışı fərqlidir. Hazırkı böhran öz rejimini əsasən iqtisadiyyatı sabitləşdirmək vədləri üzərində qurmuş Erdoğanın əsas problemidir - o, 1998-ci ildəki iqtisadi böhrandan sonra hakimiyyətə gəlmişdi.
Müxalifət Erdoğanı süni böhrana görə tənqid etməkdən çəkinmir. "İqtisadiyyatın necə idarə olunmasıyla bağlı minlərlə kitab yazılıb. Amma onu necə məhv etməklə bağlı bir dənə də olsun kitab yazılmayıb. Bu hissə sənin payına düşdü, cənab Erdoğan" - bir il əvvəl İYİ Partiyanın lideri Meral Akşener parlamentdə belə demişdi.
Türkiyədə seçkilər 2023-cü ilin yayına təyin edilib. Rusiyanın Yeni Türkiyəni Araşdırma Mərkəzinin direktoru Yuri Mavaşev qeyd edir ki, "Müxalifət boş oturmur. Onlar hələ də koalisiyanın namizədinin kim olacağını açıqlamayıblar. Çünki ad çəksələr, həmin şəxsə qarşı inzibati resursdan istifadə etmək, onun haqqında kompromatlar axtarmaq, bu mövzunu mətbuat vasitəsilə şişirtmək mümkün olacaq, buna görə də Ərdoğana belə bir şans vermək istəmirlər. İndi müxalifət Erdoğana, Erdoğan da müxalifətə baxır. Beləcə, 2023-cü ilə doğru irəliləyirlər".
Qarşıdakı seçkilərdə şansları yüksək olan potensial namizədlərə qarşı inzibati resurs artıq işə salınıb. İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlu Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməkdə ittiham oluna bilər. Bu baş verərsə, onu 4 ilə qədər həbs və rəhbər vəzifələrdə işləmək qadağası gözləyir.
İmamoğlunun Cümhuriyyət Xalq Partiyasından olan silahdaşları bu işi seçkiylə əlaqələndirir və hesab edirlər ki, Erdoğan müxalifətin potensial vahid namizədindən qurtulmağa çalışır.
Erdoğan xarici siyasətdəki qələbələrini daxili bazara yönəltməyə çalışır, amma ölkə vətəndaşları çoxlarının Türkiyəylə hesablaşmasına xeyli vaxtdır ki, alışıblar, Prezidentin adı mətbuat manşetlərindən əskik olmur.
"İnsanlarda artıq immunitet yaranıb. Bu məsələdə Erdoğan dozanı çox edib. Ən başlıcası isə odur ki, soyuducuda olmayan şeyləri televizorda olanlarla əvəz etmək çox çətindir. Bu mənada Türkiyədəki vəziyyət qətiyyən Rusiyadakı kimi deyil", - Mavaşev belə deyir.
Hərçənd Erdoğanın şansı hələ də yüksəkdir. Dimitar Beçovun qeyd etdiyi kimi, hökumət subsidiya proqramına start verib. Bu, qısamüddətli layihədir, amma Prezident təkcə buna arxalanmır. "Seçki komissiyası da daxil olmaqla, bütün təsir rıçaqları Erdoğanın əlindədir; üstəlik, mediaya da nəzarət edir. Demək ki, bütün iştirakçılar üçün bərabər rəqabət imkanı olmayacaq", - ekspert belə deyir.
Seçkidəki şanslarından asılı olmayaraq Erdoğan yaxın aylarda Ukrayna, Rusiya və Qərb arasında vasitəçi olaraq qalacaq.
Sadəcə ona görə ki, başqası yoxdur.
BBC.com