KUDRİN DƏ PUTİNDƏN ÜZ DÖNDƏRDİ? - Vaxtilə “Avropanın ən yaxşı maliyyə naziri” olmuş Kudrinin istefası nəylə bağlıdır?

30-11-2022, 10:44   


Baxiş sayı: 1324
Dərc olunub: 30/11/2022 - 08:58
Bölmə: Manşet

Vladimir Putinin komandasında ən savadlı və peşəkar maliyyəçi kimi tanınan Aleksey Kudrinin Hesablama Palatasının(HP) sədri vəzifəsindən gözlənilməz istefasını Rusiyada, istərsə də ondan kənarda müxtəlif səbəblərlə izah edirlər. Bir çoxları bunun siyasi qərar olduğunu, daha bir yaxın adamının Putini Ukraynada başlatdığı savaşa və adının onunla birgə hallanmasını istəmədiyinə görə tərk etməsi kimi qiymətləndirirlər. Bəs, əslində nə baş verir və bu istefa nəylə bağlıdır?

Aleksey Kudrin hələ 1990-cı illərdə Putinlə birgə Anatoli Sobçakın komandasında çalışıb. O, 1996-cı ildə Putinlə birgə Moskvaya vəzifəyə gəlib. 2000-ci ildən, yəni Putin Rusiyaya başçılıq etməyə başlayandan 2011-ci ilə qədər Rusiya hökumətində Maliyyə naziri vəzifəsini daşıyıb. Həmin illərdə Qərbdə bir çox mütəxəssislər onu Avropanın, hətta dünyanın ən yaxşı Maliyyə naziri adlandırırdılar.

Lakin 2011-ci ildə o vaxtkı Prezident Dmitri Medvedevlə aralarında yaranan qarşıdurma Kudrinin istefası ilə nəticələndi. Həmin vaxt böyük qalmaqal hesab olunan Prezident-Maliyyə naziri qarşıdurması onunla bağlı idi ki, Kudrin Medvedevin yürütdüyü iqtisadi siyasətlə razı deyildi və özündə cəsarət taparaq, bunu açıq şəkildə mətbuata, ictimaiyyətə çatdırırdı. Bu isə təbii ki, Medvedevə xoş gəlmirdi. Buna görə də o vaxt Putinin Prezident postundakı dublyoru vəzifəsini daşıyan Medvedev Putinin qarşısında Kudrinlə bağlı seçim qoymuşdu – ya Kudrin, ya mən.



Həmin vaxt Baş nazir vəzifəsini daşıyan Putin də Medvedevi seçməli olmuşdu və Kudrinə getməyi məsləhət görmüşdü.

Ümumiyyətlə, Kudrin Rusiyanın daxili iqtisadi siaysətinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Onu 1990-cı illərdə Anatoli Çubaysın, Yeqor Qaydarın silahdaşı hesab edirdilər. Məsələn, Kudrin Rusiyanın ÜTT-yə qəbulunun əsas təşəbbüskarlarından sayılır. O, ümumiyyətlə Rusiya iqtisadiyyatının Qərbə inteqrasiyasının tərəfdarı olub.

2018-ci ildən etibarən Hesablama Palatasının sədri olan Kudrin bu qurumun nüfuzunu bir qədər artırmağa nail olub, əsasən də öz nüfuzu və Putinə yaxınlığı sayəsində.

Bir sözlə, Kudrin Putinin komandasının ən qocaman və uzun illər ölkə başçısına yaxın şəxslərdən biri sayılıb. Ona görə də onun istefası xəbəri dərhal hansısa siyasi motivlərlə, Ukraynadakı müharibə ilə və s. izah olunmağa başladı.


Lakin məlum olur ki, Kudrinin Hesablama Palatasından gedişi heç də Putindən üz döndərməsi, hansısa etiraz filan deyil. Yəni, bu, Çubaysın gedişinə bənzər bir gediş deyil.

Kudrin öz istefasını izah edərkən deyib ki, 25 ildir dövlət vəzifələrindədir. İndi isə artıq “fərdi təşəbbüslərin inkişafı ilə bağlı olan iri layihələrdə” özünü sınamaq istəyir.

Mətbuat bundan sonra Kudrinin “Yandeks”də çalışacağını yazır. Bununla bağlı hələlik hər hansı rəsmi məlumat yayılmasa da, əksər müşahidəçilər və mütəxəssislər məhz belə olacağını deyirlər. Məsələ ondadır ki, Kudrinin istefası xəbəri hələ iki ay əvvəl də yayılmışdı. Elə həmin vaxtdan onun “Yandeks” şirkətinə keçəcəyi bildirilirdi. İndi bu xəbər təsdiqlənir və məlum olur ki, sabiq Maliyyə naziri və HP rəhbəri Risiya İT industriyasının flaqmanı, ən böyük şirkəti sayılan “Yandeks”in başına keçəcək. Daha doğrusu, onun Rusiyada qalan hissəsinin. Artıq Kudrinin “Yandeks” direktorlarının İstanbulda keçirilən iclasına qatıldığına dair xəbərlər var.



Məsələ ondadır ki, hazırda sözügedən nəhəng şirkətin aktivlərinin bölüşdürülməsi prosesi gedir. Ukraynada başlanan müharibə “Yandeks”in vəziyyətinə çox pis təsir edib. Şirkətin yaradıcılarından və əsas pay sahibi olan iş adamı Aleksey Voloj hələ müharibə başlamazdan əvvəl İsrailə gedib və artıq Rusiyaya geri qayıtmaq istəmir. Rusiya mətbuatı isə yazır ki, Putin Voloja Yandeksin bir hissəsini ölkədən çıxarmağa icazə verib. Rusiyada qalan hissəyə isə Kudrin rəhbərlik edəcək. Vəssalam!

Yeni vəzifə Kudrin üçün böyük pullar qazanmağa imkan verir. Hətta onun “Yandeks”in aksiyalarının 5 faizinə sahiblənəcəyi qeyd olunur ki, bu da təxminən 300 milyon dollar qiymətəndirilir.

Doğrudur, Kudrin vaxtilə Baş nazir olmaq istəyirdi. İndi isə Rusiyanın ən böyük İT şirkətinə rəhbərlik edəcək. Ancaq bu da pis nəticə deyil. Belə ki, ən azından onun çox yüksək gəlirli pensiyaçı həyatı təmin olunacaq...

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.