İRAN PARLAMENTİNDƏ ANTİ-AZƏRBAYCAN İSTERİKASI – Molla rejimi yenə Azərbaycanı hədəf göstərir

1-12-2022, 18:05   



İrandakı molla rejimi istər Azərbaycanla sərhəddə keçirdiyi məlum hərbi təlimlərdən əvvəl, istərsə də sonra Azərbaycana qarşı həyata keçirdiyi açıq qarşıdurma, bəzən isə düşmənçilik həddinə çatan çirkin təbliğatını davam etdirir.

İranın rəsmi təmsilçiləri, məsələn, İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin timsalında üzdə hər nə qədər yumşaq ritorikaya üstünlük verərək, ikiüzlülüklə “Azərbaycan xalqı bizim gözümüzün nurudur” desə də, əməldə ölkəmizə qarşı xain planlar qurmaqda, Ermənistanı “dirçəltmək” üçün əlindən gələni etməkdədir.

Bu gün İran parlamenti faktiki olaraq Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə qarşı ən açıq təhdidlər səsləndirilən anti-Azərbaycan platformasına çevrilib. Məsələn, parlamentin noyabrın 29-da keçirilən iclasında Salmas şəhərinin nümayəndəsi, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Yaqub Rzazadə və həmin komissiyanın sədri Vəhid Cəlalzadə Azərbaycanın ünvanına hədyanlar, hədə-qorxular, təhdidlər səsləndiriblər.



Yaqub Rzazadə Azərbaycanın İrana birləşdirilməli olduğunu bildirib və hətta ölkə rəhbərliyinə xəbərdarlıq edib: “Azərbaycan Prezidentinə ciddi xəbərdarlıq edirəm ki, əgər Azərbaycan birləşəcəksə, İran İslam Respublikasına daxil(olmalı) olan sizin Azərbaycanınızdır”.

İslam şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Cəlalzadə isə Azərbaycan dövlətini “ABŞ-ın və sionistlərin sifarişlərini yerinə yetirməkdə” günahlandırıb.


Əlbəttə ki, İran parlament təmsilçilərinin bu cür əmmaməli başlarından yekə bəyanatlar verməsi bu ölkənin dini-siyasi rəhbərliyinin icazəsi və göstərişi olmadan qeyri-mümkündür. Bu, o deməkdir ki, İran rəhbərliyi bir tərəfdən Ə.Vilayəti kimilərin dililə üzdə Azərbaycana “dost”, “qardaş” deyib, arxadan Y.Rzazadə, V.Cəlalzadə kimiliəri üstümüzə hürdürməklə “çox ağıllı” və “dərin” xarici siyasət yürütdüyünü düşünür. Əslində isə bu gün bütün sivil dünyanın haqlı olaraq təcrid etdiyi İranın indiki primitiv düşüncəli hakimiyyətinin gerçək sifəti həmin bu rzazadələr, cəlalzadələr kimilərin fitnə-fəsad dolu açıqlamalarında özünü açıq şəkildə büruzə verir. Bu, göstərir ki, İran hakimiyyətinin mahiyyəti Azərbaycana qarşı düşmənçilik, onun uğurlarını gözü götürməmək üzərində qurulub.

Bu gün Ukraynada dinc əhalini qıran, onun torpaqlarını işğal edən Rusiyanın dünyadakı az qala yeganə ümid yerinə çevrilən dövlətin də məhz İran olması təsadüfi deyil – “tay tayını tapar”. Bu, əsrlər boyu gözü qonşu ölkələrin, xalqların torpaqlarında, sərvətlərində olan iki imperiya təfəkkürünün ortaq nöqtədə - işğalçılıqda birləşməsinin göstəricisidir. Arazın o tayındakı həmvətənlərimiz də məhz bu işğalçı təfəkkür tərəfindən əsrlər boyudur ki, əsir götürülüb... 

Qonşu müsəlman ölkəsinin torpaqlarını işğal və talan edən, ona qarşı qətliamlar törədən, bir milyona yaxın müsəlmanı ev-eşiyindən didərgin salan, onun dini abidələrini, məscidlərini təhqir edən və bunu az qala “xaç yürüşü” kimi təqdim edən Ermənistan kimi vəhşi, işğalçı bir dövlətin sərhədlərini özü üçün “qırmızı xətt” hesab edən İran özünü yekə-yekə “islam dövləti” adlandırmaq hüququnu çoxdan itirib. Odur ki, bizim üçün Ermənistan parlamentindəki hansısa saqatelyanla İran parlamentindəki rzazadənin heç bir fərqi qalmayıb – it həmin it, karvan həmin karvandır...

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.