“Bu yazını yazmağa tərəddüd edirdim, sonda qərara aldım ki, gənc dövlət məmurlarının tərbiyəsi baxımdan yazmaq lazımdır. Dövlətimizin büdcəsi sosial yönümlüdür. Yəni insan amili dövlətin prioritet vəzifələrindən biridir. Bu mühüm dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən analoji dövlət qurumları var, bəs onlar necə, qocalara, əlillərə, ailə başçılarını itirənlərə, şəhid ailələrinə, qazilərə xidmət edirlərmi?”
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, mərhum Prezident Heydər Əliyevin silahdaşlarından olan Məmməd Abbasov “Feysbuk” səhifəsində yazıb.
Məmməd müəllim daha sonra faktlar gətirərək adını çəkdiyi dövlət qurumlarının yarıtmaz fəaliyyətindən söz açıb: “Keçən ilin iyul ayından qeyd olunan qurumlar və Maliyyə Nazirliyi xüsusi əməliyyat apardılar. Muxtar Respublika üzrə xüsusi təyinatlı pensiyaçıların, yəni keçmiş dövlət qulluqçularının, hüquq-mühafizə orqanlarında çalışanların pensiyalarını qanunsuz olaraq dayandıraraq, yenidən hesablama apardılar. Nəticədə, təqaüdləri azaldıb, bu azmış kimi pensiyaçılara borc hesablayıb, hər ay verdiklərinin də 50 faizini tutmaga başlayıdılar. Mənə 2012-ci ilin avqust ayında qocalıga görə pensiya təyin edilib. 2013-cü ilin fevralında tutduğum vəzifədən azad olunduqdan sonra isə dövlət qulluqçusu kimi pensiya almağa başladım. Keçən ilin iyul ayına qədər, yəni 9 il ərzində təqaüdümü alırdım. Düzdür, bu müddət ərzində dövlət qulluqçularının maaşları artdıqca mənim də pensiyam 4 dəfə yenidən hesablanmışdı. Qəfildən, mənə heç bir məlumat vermədən pensiya kartıma blok qoydular. Bir müddətdən sonra təqaüdümü 25 faiz azaldaraq karta köçürdülər. Əlavə olaraq dedilər ki, güya mənim pensiyam səhv hesanlanıb və dövlətdən 40 min manat artıq pul almışam. Fondun şəhər şöbəsinin müdiri Anar (Eynalov) bildirdi ki, təcili mən o pulu ödəməliyəm, əks təqdirdə, mənimlə hüquq-mühafizə orqanları məşğul olacaq. Mən məktub yazaraq rəsmi şəkildə bildirdim ki, qanunsuz hərəkət edirsiniz və bu əməliniz insanların dövlətə qarşı inamını itirir, sizin vəzifəniz qocalara xidmət etməkdir, hədələmək deyil...”
Keçmiş nazir daha sonra qeyd edir ki, baş verən qanunsuzluğun dövlət qurumlarından ibarət yaradılan komissiya tərəfindən edildiyini bildiriblər: “Muxtar Respublika Nazirlər Kabineti də bu barədə bir qərar qəbul edib. Anar mənə heç bir əsas gətirmədən bildirdi ki, pensiyam 25 faiz azaldılmalıdır. Mən məcbur olub Muxtar Respublikanın Baş nazirinə müraciət etdim, amma heç bir cavab almadım. Keçmiş iş yoldaşı kimi Ali Məclisinin sədrinə də müraciət ünvanlasam da, ondan da heç bir reaksiya olmadı. Etika xatirinə heç olmasa, telefonla bildirə bilərdilər ki, müraciətinizə baxılacaq...” M.Abbasovun problemi Muxtar Respublikada baş verənlərlə bitməyib. Bildirir ki, qanunsuzluqla üzləşdikdən sonra Bakı şəhərində qeydiyyata düşüb, Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə pensiya qovluğunun Bakı şəhərinə göndərilməsini xahiş edib: “3 ay ərzində sorğuya cavab vermədilər. Dekabr ayında Anar mənə bildirdi ki, borcunuzun 20 min manatı silindi, heç olmasa, gəlin qalan 20 mini ödəyin. Sanki pensiyam atasının mülküdür, mənimlə alver etməyə cəhd edirdi. Dedim ki, əgər qanunidirsə, hamısını ödəməliyəm, qanunsuzdursa, heç nə ödəməyəcəm. Bir aydan sonra bildirdi ki, qalan 20 min manat borc da silindi. Bildirdim ki, pensiya sənədlərimi göndərin, dedi, xeyr, göndərə bilmərəm. "Borcların" silinməsini də güman edirəm Ali Məclisdən deyiblər”.
Keçmiş nazir əlavə edir ki, Anar Eynalov pensiyası kəsilən vətəndaşlardan məcburi ərizə alıb. Orada yazılıb ki, “xahiş edirik, artıq aldığımız təqaüdün 50 faizini hər ay tutun”. “Mən ona irad bildirdim ki, ayıb deyil? Dedi, özləri ərizə veriblər. Təəssüf, mənim bəzi həmkarlarım qorxaraq belə ərizə yazıblar. Anara, idarənin işçilərinə bidirdim ki, Səlim Müslümov ulu öndəmizin qızıldan olan imzasını yaxasına vurub, Fondun vəsaitini dağıtdı, indi həbsdədir, sizi də onun aqibəti gözləyir...”
M.Abbasov yazır ki, 8 aydan sonra pensiya sənədlərini Naxçıvandan Bakıda müvafiq quruma göndəriblər: “Ərizə ilə müraciət etdim, yenidən hesablanma aparıldı və məlum oldu ki, Anar sənədlərdə saxtakarlıq edərək mənim vaxtilə aldığım maaşı səhv göstərib. Hər ehtimala qarşı mən dövlət arxivindən çıxarış almışdım, onu da təqdim etdim, pensiyam bərpa olundu. Məndən qanunsuz olaraq 8 min manatdan artıq pul tutmuşdular, onun da geri qaytarılması təmin ediləcək”.
Məmməd müəllim media vasitəsilə Bakıda DOST Mərkəzinin işçilərinə dərin minnətdarlığını ifadə edib. O, həmçinin, Naxçıvanda baş verən hadisələrin fonunda Anar adlı dövlət məmurunun əl-ayağa düşdüyünü yazıb: “İndi məlum olur ki, Anar pensiyaçılara zəng edib deyir ki, pensiyalarınızı bərpa edəcəyik, tutduğumuz məbləğləri qaytaracağıq. Yəni səs-küy salmayın. Axı, bununla iş bitmir. Sizin onlara verdiyiniz mənəvi əzabı, sarsıntının əvəzini kim ödəyəcək? Dostlar, mən təqaüdə çıxdıqdan sonra söz vermişdim ki, istirahətimlə, müalicəmlə, ailə qayğılarımla yaşayacağam. Bu vədimə 10 il ərzində əsasən əməl etmişəm. Amma görürsünüz, mərdi qova-qova namərd edirlər. Əgər mənə belə münasibət göstərirlərsə, indi görün, mübariz olmayan insanların başı nələr çəkir?! Düzdür, əsl günahkarlar məlumdur, amma icraçı məmurların da bir vicdanı olmalıdır. Rasim Bağırov, Anar Eynalov, Nicat Babayev, sizlər bundan sonra yaddan çıxarmayın ki, qocalara hörmət - Allaha hörmətdir! Peyğəmbərimizin bu nəsiyyəti qulağınızda sırğa olsun! Siz də qocalacaqsınız. Tanrı hər şeyi görür və hər şeyi yerbəyer edir. Mənim xeyli məmur dostlarım olub. Onların inkişafına köməyim dəyib, çox təəssüf, əksəriyyəti dönük çıxdı, amma dostlar, mən sizi tapdım, siz təmənnasız dostlarsınız, ətrafım o çirkablardan təmizləndi. Allah amanında!”, – keçmiş nazir fikirlərini yekunlaşdırıb.
Rasim Əliyev
“AzPolitika.info”