Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirlik də ev bazarına girdi: Kasıb evsizlərə də mənzil çatacaq?

27-12-2022, 17:53   


Nazirlik də ev bazarına girdi: Kasıb evsizlərə də mənzil çatacaq?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixindən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, gələn il yanvarın 23-ü saat 10-dan etibarən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına start veriləcək: 

"Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Satış Nazirlik tərəfindən hazırlanmış elektron portal - ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək. Portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur". 

Agentlik sədri qeyd edib ki, mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək: 

"Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Bu mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq mənzillərlə tanış ola bilər. Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq”.

Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Mənzili seçən şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq. Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək. 

Qeyd edək ki, bu gün paytaxtda mənzilə ehtiyacı olan, kirayədə yaşayan çox sayda vətəndaş var. Mənzil bazarındakı yüksək qiymətlər və əhalinin  gəlirləri vətəndaşların daşınmaz əmlaka sahib olmasına imkan vermir. 

Hazırda ölkədə ipoteka, sosial evlər, kirayə mənzillər kimi layihələr olsa da, həmin mənzillərdən evsiz əhalinin çox az bir qismi yararlanır. Bu da həmin layihələrin şərtlərinin ağır olması ilə əlaqələndirilir. Reallıq odur ki, bazardakı mənzillər baha qiymətə təqdim edilir, vətəndaşların isə onu almağa maddi imkanı yoxdur. Yeni tikilən binalardakı evləri isə demək olar ki, elə yenə də daha çox evləri olan insanlar alır. Evsizlər isə yenə evsiz qalır. Hazırda ƏƏSMN-in təqim etdiyi layihədəki mənzillər yeni binalardakı evlərdən bir qədər ucuz olsa da, ərazi baxımdan paytaxtdan kənarda yerləşir. 

Yeni layihə daşınmaz əmlak bazarında ucuzluq yarada bilərmi? 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, təqdim olunan mənzillər mərkəzdən kənarda olduğuna görə əraziyə uyğun qiymətlərdir və alıcı üçün münasibdir: 

“Mənzil sayı az deyil və yüzlərlə mənzil var. Qiymətlərlə bağlı, bir mənzilin kavdratmetri 700 manatdırsa, ən yaxşı halda o ərazi üçün mənzilin maya dəyəridir. Çünki sıradan bir şirkətdirsə, təbii ki, daha baha qiymətə satar. Dövlət layihəsi olduğuna görə burada bir sıra güzəştlər olub. Bu, birmənalı olaraq o deməkdir ki, minlərlə evsiz insanlar bu layihədən, ucuz qiymətə satılan evlərdən yararlana biləcəklər. Ancaq bu layihə mərkəzə elə də böyük təsir etməyəcək. Çünki Ümid qəsəbəsi ilə yanaşı, bu gün Abşeron, Xırdalan, Masazırda da çox sayda binalar tikilib və hər ərazilərin də öz müştəriləri var. Məsələn, Xırdalan müştərisi gəlib Bakının mərkəzindən mənzil ala bilməz. Həmçinin Bakının mərkəzində ev almaq istəyən də gedib kənardan almaz. Hər kəs öz büdcəsinə uyğun alır. Ancaq yenə də birbaşa mənzil bazarına öz təsirini göstərəcək”. 

Ekspert deyir ki, əgər layihənin müəllifi olan ƏƏSMN daha çox aztəminatlı, evə ehtiyacı olan insanların bu layihədən yararlanmasına diqqət yetirməlidir:

“Yəni bu, açıq bazar deyil ki, tikinti şirkəti satır, kim istəyir gəlib alsın. Bu məsələlərə diqqət yetirilərsə, ilk növbədə evsiz insanları nəzərə alsalar, daha yaxşı olar. Bu, onların daxili proqramlarıdır, mexanizmi özləri tənzimləyir, ona görə də həmin prosesin necə olacağını dəqiq demək çətindir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar