Qarabağın dağlıq ərazisini anklava çevirmək istəyən Rusiyanın separatçı administrasiyaya əl gəzdirməsi yeni planlardan xəbər verir. Söhbət Xocali canisi Vitali Balasanyanın yola salınmasından gedir. Bu haqda az sonra... Moskva hər nə qədər Ukrayna bataqlığında başı qarışsa da, Cənubi Qafqazda çirkin siyasi oyunlarını gerçəkləşdirməkdən əl çəkmir. Əgər Rusiyanın Xankəndi və ətraf rayonları Abxaziya bölgəsinə döndərmək niyyəti olmasaydı, elə 44 günlük müharibənin nəticəsi də fərqli olardı. Bunun əksini kimsə iddia edə bilməz, faktiki ruslar Qarabağdakı qoşunlarını uzun illər saxlamağı, hərbi baza qurmağı hədəfləyiblər. Buradakı ermənilər və separatçı rejim maşa, istifadə edilən bəhanədir.
İndisə gəlirikötən həftəsonu xunta rejiminin daxilində baş verənlərə. Anaxeber.info bildirir ki, terrorçu-separatçıların lideri Araik Arutyunyan Vitali Balasanyanı "təhlükəsizlik şurası" katibliyindən azad edib.
Onun yerinə general-mayor Ararat Melkumyan “təyin olunub”. Balasanyanın gedişi gözlənilən idi. Çünki kukla rejimin "dövlət naziri" postuna gətirilən milyarder Ruben Vardanyanla yola getmirdilər. Son toplantılarda soyuqluq hiss edilirdi. Rubenin tədbirinə Vitali, Vitalinin iclasına Ruben qatılmırdı. Hətta son Xankəndi mitinqində də Balasanyan iştirak etməmişdi. Görünürdü ki, heç vaxt döyüşməmiş, pulu ilə öyünən Vardanyanın gəlişi ermənilərin qəhrəman saydığı Balasanyanın xoşuna gəlmir. Üstəlik, Balasanyan Əsgəranda doğulub, özünü yerli adam hesab edir, "artsax" uğrunda mübarizə apardığını düşünür, Vardanyan isə heç zaman ermənilərin yanan barmağına su tökməyib, indi gəlib vəzifə tutur. Bu qarşıdurmanın gücləndiyi göz önündə idi və nəhayət, Rusiya Qarabağda öz adamlarını əvəzlədi. Bəli, Vitali də rusların adamı idi, amma militarist qanadı sayılırdı, Moskva isə onu mülki qolla dəyişmək fikrinə düşdü. İndi proje Vardanyandır və uzağagedən nəticələr üçün onun personası üzərindən siyasət yürüdülür. Yəni məqsəd Rubenin Qarabağda nüfuzunu artırmaq və oradan İrəvana yolunu açmaq, Paşinyan hakimiyyətinin ömrünə son qoymaqdır. Balasanyan isə artıq istifadə müddəti başa çatmış erməni separatçısıdır, əvvəlki nüfuzu və təsiri qalmayıb, onunla, yaxud Araiklə heç bir proses başlatmaq olmaz. Üstəlik, Araik Paşinyanın adamıdır və indi əminliklə söyləmək olar ki, Qarabağdakı oyuncaq rejimin başçısı da Balasanyanın arxasınca gedəcək, beləliklə Vardanyan "artsax" lideri vəzifəsinə yüksələcək. Analitiklər onu da qeyd edirlər ki, Balasanyan son zamanlar Azərbaycanla təmaslarda iştirak edirdi, bu da Moskvanın xoşuna gəlməyə bilər. Onun həm Sərsəng su anbarına birgə baxış keçirilməsində, həm Laçın, Zabux və Sus kəndlərinin boşaldılması prosesində, həmçinin Volkovla azərbaycanlı eko mütəxəssislərin görüşündə iştirak etdiyi haqda xəbərlər var. Vardanyan isə komandanı dəyişmək, qondarma qurumda hamı ilə vidalaşmaq fikrindədir. Dediyimiz kimi növbə Araikindir. Bununla da milyarder Rubenin yolu açılır. Ümumiyyətlə, Balasanyanı müharibədən sonra separatçıların qondarma “təhlükəsizlik katibi” postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrə nəzarət ona verilmişdi. Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi. İndi Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın “vurulması” bu kontekstdə maraqlıdır: ruslar “hərbi gücü” “siyasi güc”lə əvəz edirlər.
Anaxeber.info-nun təhlil qrupu yazır ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanın bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir.
Kəsəsi, Moskva Vardanyan personası fonunda "bir güllə ilə iki dovşan vurmaq" fikrindədir: separatizmi gücləndirmək, onun idarəçiliyini tam nəzarətinə götürmək və Araiki də yola salmaqla Nikolun Qarabağ ermənilərinə təsirini sıfırlamaq, həmçinin bir müddət sonra Rubeni Ermənistanda hakimiyyətə gətirmək və Paşinyanı devirmək. Əgər hər ikisi istəyinə nail olarsa, Rusiya vəziyyəti öz xeyrinə dəyişmiş olacaq: Qərbin adamı olan Nikolu Saakaşvili kimi uzaqlaşdırır, yerinə İvanaşvili kimi milyarder Vardanyan gəlir, bununla Moskva onun vassalı, nökəri olan Ermənistanı yenə öz peykinə qaytarır, Cənubi Qafqazda daha da möhkəmlənir, eləcə də Qarabağda qondarma rejimin başına başqa bir ruslara bağlı adam gətirilir, rus hərbçiləri bölgədə xidmətini davam etdirir, sülh yoxdur bəhanəsi ilə sülhməramlılar daha 5 il regionda yerləşir, erməni məsələsi, Xankəndi mövzularında axı bağırsaq kimi uzanan manevrlərlə vaxt udmağa başlayır. Bütün bunlar isə iki önəmli məsələni aktuallaşdırır: Rusiya Ukraynada zəlil vəziyyətinə salınmalıdır ki, bu hədəflərinə çata bilməsin, bunu həm Paşinyan, həm Azərbaycan arzulayır, əks halda nəinki hər iki tərəfə təzyiqləri artıracaq, postsovet məkanına daha çox diş qıcamağa başlayacaq, ikincisi isə Rusiyanın Vardanyan proyektinin alt-üst etmək üçün Paşinyanla Bakının mövqeyi üst-üstə düşməkdədir.
Anaxeber.info