Heyvanlar sağlam ərazilərdən gətiriləcək
Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib. Bu barədə İnterAz-a DBX-nin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Qurum sözçüsü bildirib ki, artıq bugündən ət kəsim məntəqələlərində gecə monitorinqi də həyata keçiriləcək.
“Eyni zamanda, bayramla əlaqədar Nodulyar dermatit xəstəliyi riski olan rayon kəndlərindən Bakıya iri buynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Yəni, bu rayonlardan ət almaq qadağan olunub. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək”-deyə Y. Xanvəli söyləyib. O, eyni zamanda qeyd edib ki, Qurban bayramında iribuynuzlu heyvanın kəsilməsinə heç bir qadağa qoyulmayacaq.
Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq və nodulyar dermatit virus xəstəliyinin yayıldığı Biləsuvar, Ucar, Cəlilabad, Bərdə və Ağdaş rayonlarının bəzi kəndlərindən iri buynuzlu heyvanların paytaxta gətirilməsinə icazə verilməyəcək.