Dövlət rəsmisindən qudurğanlığa dair fakt
“Bəzi valideynlər uşaqlarını məktəbə ”toy karvanı"nda olduğu kimi bəzədilmiş avtomobillərdə gətirirlər". Bunu Trend-in yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtdakı vəziyyətlə bağlı sorğusunu cavablandırarkən Daxili Işlər Nazirliyinin (DIN) Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin Ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, hətta avtomobillərin sayı “toy karvanı”nda olduğundan da çox olur: “Bəzən məktəbə gedən şagirdi 15-20 avtomobil müşayiət edir. Bunun nəticəsidir ki, çoxsaylı nəqliyyat vasitələrinin küçə və prospektlərdə icazə verilməyən yerlərdə saxlanılmasına rast gəlirik. Bu isə yollarda hərəkəti demək olar ki, iflic edir. Indi belə çıxır ki, hər bir metrdən bir yol polisi durmalıdır ki, qanunsuz dayanma-durma hallarının qarşısını alsın? Insanlar bunu özləri dərk etməlidir ki, bu, əslində anormallıq və eybəcərlikdir və onlar belə etməklə, digərlərinə böyük narahatlıq yaradırlar. Onlar anlamalıdırlar ki, uşaq əsgərliyə yox, məktəbə dərsə gedir və cəmi bir neçə saatdan sonra yenidən evinə qayıdacaq”.
Şübhəsiz ki, 15-20 avtomobilin müşayiəti gedən şagird məmur, yaxud imkanlı şəxslərin övladıdır. Maddi imkanı aşağı olan vətəndaşın övladını bu cür dəbdəbə ilə məktəbə gətirməsi inandırıcı görünmür. Bu cür şəxslər məktəb ləvazimatlarını güclə alır. Bu halda aydın olur ki, ölkə başçısı Ilham Əliyevin müşavirələrdə “harınlıq və qudurğanlıq” barədə fikirlərinə əhəmiyyət verilmir. Ya da ölkə başçısı bu fikirlərində səmimi deyil.