Hakimin icra başçısı fırtınası

17-09-2014, 11:45   
Hakimin icra başçısı fırtınasıElşad Abdullayev qalmaqalı ilə mümkün paralellər...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin 1 milyon müqabilində Ramazan Səlimov adlı birisini rayonların birinə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdirmək vədinin üstü açıldığına görə böyüyən qalmaqal davam edir. Əslində, bu qalmaqal olmaya da bilərdi. Yəni, Ramazan Səlimov icra başçısı vəzifəsinə təyin edilsəydi, bu söhbətdən də heç kimin xəbəri olmayacaqdı. Görünür, Həsən Əliyev gücü çatmayan bir işə girişdiyinin fərqində olmayıb.

Hakimiyyət isə Həsən Əliyev və bu rüşvət olayında adı keçən digərlərinin cəzalandırılmasında xüsusilə maraqlı olacaq. Amma rüşvət söhbətinə görə yox.

Birincisi, hakimiyyət əlinə göydən düşmüş bu fürsətdən ona görə yararlanmağa çalışacaq ki, Azərbaycanda adamların pulla vəzifələrə təyin edilməsi təcrübəsinin olmadığını sübut etsin. Hərçənd, belə bir təcrübə olmasaydı, rüşvətlə vəzifəyə adam qoydurmaq söhbətləri, hətta məhkəmə hakimləri arasında da dövr etməzdi. Hakimlər cəmiyyətin informasiyalı təbəqəsinə daxil olan adamlardır. Onlar praktikada olmayan məsələlərə müdaxilə etmirlər.

Ikincisi, hakimiyyət bu olayı xüsusi qəzəblə qarşılayacaq. Ona görə ki, Elşad Abdullayevin 1 milyona deputat mandatı video-faktlarından sonra belə bir təcrübənin icra hakimiyyəti strukturuna sıçradığı və oradan da ictimai rəyə sızması ağrılı hadisədir. Üstəlik, icra hakimiyyəti başçılarının təqdimatı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, onları təsdiq etmək isə prezidentin birbaşa səlahiyyətindədir. Birbaşa prezidentin səlahiyyətində olan bu əməliyyatın hansısa hakim səviyyəsində makler xidmətinə enməsi qəzəbli reaksiya ilə qarşılanmalıdır. Deputat mandatı qalmaqalı zamanı bu söhbətlər prezidentin səlahiyyətlərinə formal olaraq aid olmadığından sabiq deputat Gülər Əhmədova qısamüddətli həbslə yaxasını qurtara bilmişdi. Amma hakim Həsən Əliyevin belə bir yumşaq aqibətlə canını qurtaracağına ümid azdır.
Əlbəttə, Həsən Əliyevi də Elşad Abdullayevin videolarında adı keçən başqa bir hakim yoldaşının - Ağababa Babayevin taleyi gözləməsə, onun yüngül cəza ilə qurtaracağı şübhəli görünür.

Bu qalmaqalla bağlı məlumatlı adamlar başqa bir versiyanı da irəli sürürlər. Versiya bundan ibarətdir ki, nəzəri baxımdan Ramazan Səlimovu öz pullarını geri tələb etməyə, bu tələbi ictimailəşdirməyə ürəkləndiriblər. Söhbət hakimiyyət daxilindəki ziddiyyətlərdən gedir. Hakimiyyət dəhlizlərində hər kəs bu cür təqdimatların Ramiz Mehdiyevin səlahiyyətləri daxilində olduğunu bilir. Onun səlahiyyətləri daxilində olan bu məsələlərin Prezident Administrasiyasının divarlarından kənarda müzakirələrə çevrilməsi, hətta hansısa hakimin icra başçısı vəzifəsinə adam təyin etdirə bilmək imkanlarının mövcudluğa yaxın olması, əlbəttə, Ramiz Mehdiyevin ziyanınadır.

Xatırladaq ki, mandat alveri məsələsində də Elşad Abdullayev israrla Ramiz Mehdiyevin üzərinə gedirdi. Kənardan da görünürdü ki, sanki onu kimsə yalnız bu istiqamətdə təhrik edir. Həm Beynəlxalq Universitetin onun əlindən alınması, həm qardaşı Mahir Abdullayevin oğurlanması və qeybə çəkilməsi, həm də mandat alveri söhbətinin yalnız Ramiz Mehdiyevin üzərində fokuslaşdırılması bu prosesin idarə edildiyi qənaətini yaradırdı. Uzun müddət YAP və onun hökuməti ilə ən yaxın təmaslarda olan universitet rektoru bu məsələlərin xaraktercə eyni mərkəzə bağlı olmadığını bilməmiş olmazdı, hər halda. Üstəlik, bizdə olan bilgiyə görə, hakimiyyət daxilindəki bir qrupun Elşad Abdullayevlə təmasa girdiyi və bütün söhbətlərin yalnız Ramiz Mehdiyev üzərində fokuslaşdırılması üçün danışıqların olduğuna dair versiyalar vardı (Bu, başqa bir söhbətin mövzusudur, əlbəttə).

Indiki icra başçısı təyinatı ilə bağlı rüşvət qalmaqalının əks-sədasının həmin o söhbətlərə bənzəməməsi üçün bütün vasitələrdən istifadə ediləcək. Prosesdə adı hallananların hamısı bu və ya digər dərəcədə cəzalandırılacaq. Əlbəttə, əgər bu prosesi də əvvəlki proses kimi idarə edən və tənzimləyən biriləri yoxdursa, heç kim qısamüddətli cəza ilə yaxasını qurtara bilməyəcək.
Buna görə də, sadəcə olaraq, prosesi izləmək lazımdır.

Azad Akifoğu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.