Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsrail susur, Ukrayna razıdır. İranın hərbi obyektlərinə zərbələr silsiləsi hara aparır?

1-02-2023, 11:47   



İran

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

İranın strateji obyektlərinə dron hücumdan 2 gün keçsə də, dünya mediası hələ də hadisənin icraedicisinin axtarışındadır. Hücumun məqsədinin kifayət qədər aydın olduğu üçün dünya ictimaiyyəti başını İsrailə tərəf çevirib. İsrail özü isə bu haqda heç bir şərh vermir.

O, niyə susur? İsraili bu hücumların müəllifi saymaq üçün hansı əsaslar var və bunun nəticələri necə ola bilər?

Yanvarın 29-na keçən gecə mərkəzi İsfahan əyalətindəki sursat istehsalı zavodu, Şərqi Azərbaycan əyalətindəki mühərrik yağı istehsalı zavodu, həmçinin, İranın qərbindəki Dizful şəhərindəki aviabaza vurulub.

Tehran üç hücumdan ikisinin dəf edildiyini, üçüncü dronun isə "binanın damına cüzi ziyan vurduğunu" bildirir. Bununla belə, yağ zavodundakı yanğının görüntüləri və aviabazada baş verən partlayışların şahid ifadələri var.

Bu arada, İsrail mediası İran hakimiyyətinin bəyanatlarının əksinə olaraq, bütün zərbələrin hədəfə vurulduğunu iddia edir. Lakin bu, hücumun icraedicisinin İsrail olduğunun dolayı etirafı belə sayıla bilməz. Çünki jurnalistlər öz məqalələrində Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə istinad edir.



Təsadüflər silsiləsi

ABŞ

ŞƏKLİN MƏNBƏYİ,AMIR LEVY

“The New York Times” qəzeti adını açıqlamadığı mənbəyə istinadən, İsrail və ABŞ-ın İrana gecə zərbəsini müzakirə etdiyini yazır. “Bu müzakirədən isə guya hücumun arxasında İsrail kəşfiyyat xidməti Mossadın dayana biləcəyi aydın olur”. Amerika mətbuatı da bir sıra təsadüflərə işarə edir.

Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru William J. Burns İsrailə səfər edib, bazar gününə keçən gecə İranın hərbi obyektlərinə hücum baş verib. Bazar ertəsi günortadan sonra ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdə bir sıra rəsmi görüşlər üçün İsrailə gəlib.

Vaşinqton rəsmiləri ABŞ-ın İrana endirdiyi zərbələrlə heç bir əlaqələrinin olmadığını açıqladılar. Hətta hücumları həqiqətən İsrailin etdiyini fərz etsək, onda o, bunu özünün təhlükəsizliklə bağlı narahatlığına əsaslanaraq edib.


"Oktopus doktrinası” və genişmiqyaslı təlimlər

Yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə edilən hücuma Amerikanın reaksiyası olduqca qeyri-adidir.

Aralarındakı qeyri-rəsmi anlaşmaya əsasən, İsrail irimiqyaslı hücumlar zamanı-xüsusən də söhbət İrandan və onun hərbi potensialından gedirsə- tez-tez Vaşinqtonu planları barədə əvvəlcədən xəbərdar edir və ya ən azı əməliyyat bitdikdən sonra onu təsdiqləyir.

Bu halda isə ya ABŞ Ağ Ev səviyyəsində neytral bir bəyanat verir, ya da şərh verməkdən çəkinir.

İndiki halda dünya mətbuatınnın adını açıqlamadığı mənbələrə istinad etməsi və mənbələrin özünün də qeyri-müəyyən bəyanatları Vaşinqtonda bu hücumla bağlı məlumatın zəif olduğunu göstərir.


Keçən ilin iyununda İsrail hökuməti İran məsələsində fəaliyyətinin tam muxtariyyət hüququnu özündə saxlayan “Oktopus doktrinası” adlı fəaliyyət planını həyata keçirməyə başladığını açıqlamışdı. O dönəmki Baş nazir Naftali Bennett bildirmişdi ki, " Oyunun yeni qaydalarına” əsasən, bundan sonra onlar “birbaşa başı hədəf alacaqlar”.

Hücumun təşkilinin digər versiyaları

Yaxın Şərq regionunda İsraildən başqa İrana qarşı hərəkətə keçmək üçün motivləri və nəzəri imkanları olan yeganə ölkə Səudiyyə Ərəbistanıdır.

Hərbi ekspertlər belə bir hücumun arxasında Səudiyyə Ərəbistanının dura biləcəyi ilə nəzəri cəhətdən razılaşırlar, lakin təcrübədə bunun mümkünlüyü ilə razı deyillər.

Səudiyyə Ərəbistanının əvvəllər belə hücumlar etdiyi görünməyib, logistikanın mürəkkəbliyi və Səudiyyə kəşfiyyat xidmətlərinin imkanları nəzərə alınsa, debütant biri üçün 29 yanvar hücumu çox qüsursuz həyata keçirilib.

“Belə bir əməliyyat dərin kəşfiyyat bacarığı tələb edir. Əgər onların pilotsuz təyyarələri həqiqətən də İran ərazisindən cəlb olunubsa, o zaman onlar partlayıcılarla birlikdə oraya çatdırılmalı idi. Ərazidə ya yerli əməkdaşlardan, ya da təhkim olunmuş agentlərdən, ya da hər ikisindən nə etdiklərini bilən bir qrup olmalı idi", -deyə David Gendelman izah edir.

Mətbuatda həmçinin belə fərziyyələr var ki, ola bilsin, amerikalı tərəfdaşlar İsraildən Ukraynaya Qərbin yardım kampaniyasına dəstək verməsini və Rusiyanın Ukrayna ərazilərini atəşə tutduğu “Şahed” dronlarının istehsalı üçün obyektləri sıradan çıxarmağı xahiş ediblər. Lakin ekspertlər bu versiyanı rədd edirlər.

Yaxın gələcəkdə Rusiya İrandan əlavə "Şahed" dronlarının çatdırılmasını gözləyir. Lakin bu, indi çətin olacaq.

İndi İsraili məlum hücumun arxasında onun dayandığına inanan İrandan hər hansı bir cavab gəlməsi ehtimalı narahat edir. Hətta belə olmadığı ortaya çıxsa belə.

Yanvarın ortalarında İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəhbəri Herzi Halevi "İsrail Müdafiə Qüvvələri yaxın və uzaq sərhədlərdə döyüşməyə hazır olacaq, biz ehtiyatlarımızı gücləndirəcəyik, ruh və peşəkarlığı qoruyacağıq", -deyə bildirmişdi.


İsraildə ümid edirlər ki, uzaq sərhədlər dedikdə o, İranın nüvə obyektlərini nəzərdə tutur.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar