Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MOLLA REJİMİNİN YENİ TƏBLİĞAT ÜSULU – “Telegram”-da at oynadan İran casusları + FOTOLAR

1-02-2023, 13:06   



İrandakı molla rejimi Azərbaycanda təxribatlar törətmək, ictimai rəyi çaşdırmaq və öz ideologiyasını cəmiyyətin beyninə yeritmək üçün bütün media resurslarını səfərbər edib.

Əlbəttə, İranın Azərbaycana qarşı təbliğat maşınının bu məqsədinin yeni olmadığı, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü hər kəsə məlumdur. İran rejimi uzun müddətdir maliyyələşdirdiyi azərbaycandilli sosial platforma kanalları vasitəsilə ölkəmizə qarşı kampaniyalar aparmağa, hakimiyyət institutlarını gözdən salmağa, insanları iğtişaş törətməyə təşviq etməyə çalışır.

Bu çirkin əməllərini gerçəkləşdirmək üçün isə Azərbaycan əhalisinin dini inanclarını istismar edirlər. İran, dini və hərbi radikal qanadlarının köməyi ilə insanların şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə, Azərbaycanın inanclı kəsimi üzərində təsir yaratmağa, həmçinin Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdıraraq, Türkiyə və İsrailin ölkəmizdəki mövqeyini gözdən salmağa çalışır. 

Təəssüf ki, İranın həyata keçirdiyi uzunmüddətli siyasətin nəticəsində Azərbaycanda bu ölkənin “5-ci kolon”u formalaşıb və bu şəbəkə üzvləri adətən İran maraqları müzakirə mövzusu olanda xüsusilə sosial şəbəkələr üzərindən aktivləşdirilirlər. 

“AzPolitika.info”-nun bu şəbəkəylə bağlı araşdırmaları zamanı isə məlum olub ki, İran rejimi indi daha çox “Telegram” üzərindən təbliğat aparmağa, burada yaratdıqları qrupları böyüdərək, daha geniş auditoriyalara açılmağa çalışır. Hazırda Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan, İran təxribatçıları tərəfindən idarə olunan azərbaycandilli “Telegram” kanallarının sayı 100-dən çoxdur.



Niyə məhz “Telegram”?

“Telegram”-ın digər sosial şəbəkələrlə müqayisədə əsas üstünlüyü ondadır ki, bu tətbiq anonimlik şərtləri əsasında hazırlanıb. Sözügedən tətbiq 2014-cü ildə rusiyalı Pavel Durov tərəfindən Berlində yaradılıb. Bu sosial şəbəkənin yaradılmasında əsas məqsəd istifadəçilərə hökumət rəsmiləri tərəfindən izlənilmədən şifrəli mesajlaşma xidməti təqdim etmək olub. 

Təsadüfi deyil ki, “Telegram” indiyədək heç bir istifadəçisinin şəxsi məlumatlarını üçüncü şəxslərə verməyib. “Telegram” öz istifadəçilərinə telefon nömrəsini gizlədərək mesajlaşmaq, gizli söhbət başlatmaq, söhbətin hər iki tərəf üçün də tamamilə silinməsini təmin etmək, “proxy”dən istifadə etmək, hesabı kilidləmək kimi, bir sıra məxfi xidmələr təqdim edir. Ən maraqlısı isə odur ki, “Telegram”-ın təqdim etdiyi “proksi” xidməti ilə “İP” adresini dəyişdirmək və bu yolla hökumət tərəfindən məhdudlaşdırılan vebsaytlara daxil olmaq mümkündür.



Bu gün “Telegram” əsas prinsiplərindən olan “məxfilik siyasəti” ilə təxribatçı İran şəbəkəsinin əlində güclü bir silaha çevrilib. İnformasiya hücumunun “Telegram” üzərindən təşkil olunmasının başqa bir səbəbi isə son dönəmlərdə ölkəmizdə fəaliyyət göstərən bir sıra media resurslarına girişin məhdudlaşmasıyla bağlıdır. Belə ki, 2021-ci ildə ölkəmiz əleyhinə təbliğat aparan və molla rejiminin tezislərini yayan - nur-az.com, deyerler.az, maide.az, ehlibet.info, shia.az, islaminsesi.org kimi saytlar bloklanıb.

Bundan sonra ölkəmizə qarşı düşmən mövqedən çıxış edənlər cəbhə dəyişdirməyə, “Telegram” üzərindən hücuma keçməyə başlayıblar.

Bu kanallar haradan maliyyələşir?

Bu kanallara əsas maliyyə dəstəyi Azərbaycanda axtarışda olan Tohid İbrahimbəyli adlı şəxsin İran rejiminə bağlı olan “Hüseyniyyun” (Hüseynçilər-red.) terror təşkilatı tərəfindən göstərilir. İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən milis təşkilatı kimi tanınır.

Sözügedən təşkilatın nəzdində təxribatçı tezislər hazırlayan departamentlər fəaliyyət göstərir. İranın Qum şəhərindən idarə olunan departament Suriyadakı döyüşlərdə iştirak etmiş ekstremistlər- Orxan Məmmədovun başçılıq etdiyi “Hüseyniyyun Azərbaycan Araşdırma Mərkəzi”i, Musa Əsədzadə, Bəxtiyar Bayramov, Əli Qumi, Rəşid Hacıyev, Seyyid Mirağadadaş Ağayev və bu kimi təxribatçılar tərəfindən idarə olunur. 



“Huseyniyyun” terror qruplaşmasının üzvlərinə Azərbaycan qanunvericiliyi ilə cinayət işi açılsa da, İran indiyə qədər özünün “təsir agentlərini” təhvil verməkdən imtina edir. Əksinə, onların Azərbaycana qarşı informasiya-təbliğat hücumlarını artırmalarına şərait yaradır.

“Azərbaycan müqavimət mediası” adlı institut formalaşdıran bu şəxslər yaratdıqları sistem vasitəsilə aldıqları göstərişlər əsasında məlumatlar yayır, aktual mövzular üzrə dezinformasiyalar emal edirlər. 

“SEPAH”a bağlı “Telegram” kanalları

Əvvəllər Azərbaycanın informasiya məkanına daxil olmaq üçün İran öz ərazisində yaratdığı KİV qurumlarından faydalanırdısa, indi bu missiyanı “Telegram” tətbiqi üzərindən icra etməyə çalışır. İran təxribat maşınının fəaliyyətində belə bir hal da müşahidə edilir ki, sosial şəbəkə platformalarında, “Telegram” kanalında hesablar fərqli adlarla açılaraq, daha sonra dəyişdirilir. Ehtimal olunur ki, bunu iz azdırmaq üçün edirlər. İran resurslarını səfərbər edərək, bütün istiqamətdə Bakıya qarşı düşmənçilik siyasətini Azərbaycan ictimai rəyinə sırımağa çalışır və bu işdə “azərbaycanlı” adını daşıyanlardan istifadə edir. Bu kanalların hər biri Azərbaycanda müəyyən bir sahəni hədəf seçib, “ixtisaslaşıblar”. İranda və Azərbaycanda baş verən hadisələrlə bağlı gündəlik xəbərlər hazırlayan bu kanallar aldıqları “tezis”lərə uyğun təqdimat aparırlar. Mərkəzi ofisi Qumda yerləşən “İslam dünyası xəbərləri” adı altında bir araya gələn müxtəlif məzmunlu 30 “Telegram” kanalının 40 minə yaxın izləyicisi var. Təəssüf ki, bu cür kanallarda rejimin təsiri altına düşən və ona uyğun rəylər yazan onlarla, yüzlərlə vətəndaşımıza rast gəlmək mümkündür.

“SEPAH”-a bağlı və İranın təbliğat maşınının bir parçası olan “Telegram” kanallarının siyahısını təqdim edirik:

- “İslam dünyası xəbərləri”;

- “313”;

- “Mütaliə Azərbaycan”;

- “Ustad Hucai”;

- “Vahid Hümmət”;

- “Zühur Azərbaycan;

- “Hicab”;

- “Pro Analitika”;

- “Azerbaycan tarixi”;

- “İswnews”;

- “Dini kitablar”;

- “Ayetullah Xamenei”;

- “Yemənin səsi”;

- “Fələstinin səsi”;

- “Kölgədə qalan həqiqətlər”;

- “Kərimə Dövlət”;

- “Cihad 313”;

- “Virtual Müqavimət”;

- “Müqavimət İncəsənəti”.

Onu da qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə olunan silahlı terror hücumundan sonra sözügedən şəbəkənin idarəçiləri bütün media resurslarında olduğu kimi, “Telegram”-da da xüsusi canfəşanlıq göstərərək, teraktın guya digər xarici qüvvələr tərəfindən təşkil olunduğunu bildirirlər. 

Təbii ki, İran rejimini arxasına alan belə kanallardan bundan artıq nəsə gözləmək sadəlövhlük olardı. Hər halda ümid edirik ki, Azərbaycan ictimai rəyini zəhərləyən bu kanallarla bağlı müvafiq qurumlar tərəfindən lazımi addımlar atılacaq və bu cür informasiya resurslarının yayımı əngəllənəcək. 

E.Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar