Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan və Ermənistan arasında yeni müharibə "ehtimalı böyükdür"

4-02-2023, 13:15   


Zaur Şiriyev

Bu həftə Beynəlxalq Böhran Qrupu hesabat yayaraq bildirib ki, Azərbaycan və Ermənistan bir-biri ilə üçüncü müharibəni başlamağa çox yaxındırlar.

Böhran Qrupu niyə belə hesab edir və bu dəfə müharibə hansı ərazilərdə ola bilər? BBC News Azərbaycanca hesabatın həmmüəllifi Zaur Şiriyevlə danışıb.


- Beynəlxalq Böhran Qrupunun sizin də həmmüəllifi olduğunuz yeni hesabatında deyilir kii, Azərbaycan və Ermənistan yeni müharibənin astanasındadır. Hesabatı oxumayanlar üçün qısaca deyə bilərsinizmi - niyə və bu dəfə müharibə harada olacaq.

-Bizim "İzlənməli 10 münaqişə" hesabatımız çıxmışdı və ondan əlavə də Beynəlxalq Böhran Qrupunun ən son Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrlə bağlı məruzəsi var. Hər iki məruzədə də yeni müharibə riskinin böyük olduğu bildirilir.

Bunu qeyd edərkən, müharibənin baş verəcəyi birbaşa qeyd olunmasa da, stimullaşdırıcı amillərin çoxluğu diqqətə çatdırılır.

Bunun səbəbləri ilk danışıqlarda yaranmış axsaqlıq və danışıqların istənilən formada getməməsi, xüsusilə 2022-ci ildə istər Bakı, istərsə də Yerevanın sülh müqaviləsinin imzalanması ilə bağlı rəhbər şəxslər tərəfindən səsləndirilən fikirlərin reallaşmaması və eyni zamanda geosiyasi dəyişikliklər - regionda baş verən və Rusiyanın Ukraynadakı işğalı və ən son isə Azərbaycanın hərbi gücünün artmasındadır.

Və artıq qeyd olunur ki, Azərbaycan uğursuz danışıqların davam etdirilməsində maraqlı deyil və bu da onu yeni müharibəyə sövq edə bilər. Eyni zamanda mühüm məqamlardan biri də odur ki, Beynəlxalq Böhran Qrupunun məruzələrinin heç birində müharibənin baş verəcəyi proqnozlaşdırılmır.

Sadəcə, müharibəni stimullaşdıran amillərin çox olduğu və müharibə ehtimalının daha böyük olduğu diqqətə çatdırılır. Yəni, bu ikisinin arasındakı fərq bəzən Azərbaycan mətbuatı və ya izləyicilər tərəfindən tam diqqətə alınmır.


- Hesabatda qeyd olunur ki, sərhədə Avropa İttifaqının monitorinq missiyasının gətirilməsi yaxşı xəbərdir. Və hətta sabitlik üçün artıq bütün ümidlər bu missiyayadır. Ancaq bu missiyaya Azərbaycan hökuməti isti baxmır - ən azı, bundan öncəki missiyaya isti baxmırdı. Ordusunu İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndirmiş Azərbaycan yenidən hücum etmək qərarına gəlsə, bu hərbi olmayan missiya onun qarşısını necə ala bilər?


- Birincisi, qeyd edək ki, qısamüddətli missiyanın 2022-ci ildəki əsas məqsədi həmin dövrdə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən oktyabr ayında Praqada razılaşdırılmışdı.

Əsas məsələ o idi ki, beynəlxalq sərhədlərdə yeni toqquşma olmayacaq. Xüsusilə sentyabr ayındakı toqquşmalardan sonra bu, sülh prosesinə öz mənfi təsirini göstərmişdi. Yəni, [missiyanın] əsas alt məqsədi, qabardılmayan məqsədi o idi ki, yeni müharibənin baş verməsinin qarşısı alınsın.

Bilirsiniz ki, hətta 2022-ci ilin sentyabr ayından əvvəl, 2020-ci il müharibəsindən sonra Azərbaycanda, xüsusilə Kəlbəcər istiqamətində Ermənistan tərəf ən şiddətli toqquşmaların olduğu bölgədir və daimi olaraq, orada gərginlik var. Məqsəd o dövrdə bu idi.

Uzunmüddətli missiyanın da müsbət tərəflərini qeyd edərkən, bu, yenə də beynəlxalq sərhədlərdə müharibənin baş verməməsi və tərəflərin bu stabillikdən sərhədlərin delimitasiyası və demarkasiyası prosesində istifadə etməsindən irəli gəlir.

Eyni zamanda bunu da nəzərə alaq ki, Avropa İttifaqının da məqsədlərindən biri həm sülh prosesini aparmaqdır, həm də stabilliyi saxlamaqdır. Burada narahatlıq ondan ibarətdir ki, yeni müharibə olsa, bu, Ermənistanda siyasi təlatümə və siyasi çaxnaşmalara və hakimiyyətin böyük zərbə görməsinə səbəb ola bilər. Yəni, siyasi sabitlik və təhlükəsizliyin artırılması məsələsində bu, [missiya] müsbət amildir.

Qeyd edək ki, bu il yanvarın 23-də yeni missiyanın texniki detalları elan olunmayıb. Bunun tək səbəbi var ki, hələ də Avropa İttifaqı Azərbaycanla danışıqlar aparır. Çünki birinci təhlükəsizliyi təmin etmək istəyirlər.

Ora göndəriləcək missiyanın tərkibində olan Avropa İttifaqının üzv dövlətləri də orada təhlükəsizliyin təmin olunmasında maraqlıdırlar. Orada Azərbaycanla danışıqlar olmasa, kommunikasiya xətti qurulmasa, bu, onların göndərəcəkləri insanların təhlükəsizliyinə mənfi təsir göstərə bilər və onlar da belə bir riski almaq istəmirlər. Birinci səbəb budur.

İkinci səbəb odur ki, bunun həqiqətən effekti olması üçün başa düşürlər ki, yalnız Ermənistanda olmaqla, Ermənistanda yerləşməklə və Ermənistanla kommunikasiya qurmaqla bu missiyanın sülh prosesinə müsbət təsiri olmayacaq. Ona görə burada Azərbaycan tərəfi ilə kommunikasiyanın yaradılması vacibdir. Ən sonda çalışırlar ki, Avropa İttifaqı Azərbaycanın qarşısındaymış kimi görsənməsin.

Çünki əgər təktərəfli olsa və Azərbaycan onunla əməkdaşlıq etməsə, onda belə bir imic yaranacaq ki, Avropa İttifaqı sərhədlərdə Azərbaycana qarşıdır.

Ermənistanda məsələyə necə baxırlar? Ermənistan tərəfində bunun deterant faktor olduğunu düşünürlər - hər hansı bir hücumun qarşısını ala biləcəyini düşünürlər. Ən azından beynəlxalq sərhədlərdə yeni müharibənin olmayacağını düşünürlər.

Bizim məruzədə yeni müharibə deyərkən, beynəlxalq sərhədlərdən daha çox, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, ermənilərin yaşadığı Dağlıq Qarabağ ərazisindəki region nəzərdə tutulur.

sərhəd Azərbaycan Ermənistan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

- Hesabatda qeyd olunur ki, Azərbaycan ordusunun gedərək daha da güclənməsi, sülh prosesinin irəli getməməsi Azərbaycanı hərbə addım atmağa vadar edə bilər, yəni belə bir risk var. İranla münasibətlərin çox gərginləşdiyi bir zamanda müharibəyə başlayarsa, Azərbaycan üçün yeni bir cəbhə açıla bilərmi?

Əslində, belə deyim də, məruzədə müharibə riskləri də qeyd olunur, yəni asan müharibə olmayacağı... müharibənin sülh prosesinə destruktiv təsiri olacağı xüsusilə qeyd olunur. Yəni müharibə olarsa, bu, sülh prosesini tamamilə aradan qaldıracaq və eyni zamanda sülh müqaviləsi üzrə danışıqların tamamilə dayandırılması ilə nəticələnəcək.

Onsuz da ötən ilin sentyabrından etibarən, danışıqlarda durğunluq müşahidə olunur və durğunluğun səbəblərindən biri də hərbi gərginlikdir. Amma tək səbəb o deyil...

Və sizin sualınıza gəlincə, regionda ikinci cəbhənin açılması məsələsinə, təbii ki, elə bir risklər mövcuddur, amma bu riskləri nəzərə alacaq tərəf Azərbaycan tərəfidir. Bu risk məruzədə qeyd olunmasa da, təbii ki, regiondakı gərginliyin buna səbəb olacağı göstərilir.

Amma, xüsusi olaraq, bəlkə də alt məna olaraq, qeyd olunur ki, Ukraynada müharibənin davam etdirilməsi və mümkün yeni cəbhə məğlubiyyətləri də burada yeni müharibə riskini artıra bilər.

- Mən hesabatda Ruben Vardanyan haqqında heç nə görmədim. Hesabatda qeyd edirsiniz ki, tərəflər ötən il sülhə yaxın olsalar da, 2022-ci ilin sonlarından bu prosess dayanıb. Sizcə, Vardanyanın gəlişi bu prosesin dayanmasının səbəblərindən biri deyilmi? Hesabatda Vardanyan məsələsinə toxunmağı niyə vacib bilməmisiniz? Sizcə, sülhdən uzaqlaşmaqda Vardanyan faktoru rol oynamırmı?

- Həmin məruzə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı idi, xüsusilə Qarabağdakı gərginliklə birbaşa bağlı idi. Qarabağda gərginliklə bağlı Avropa İttifaqında bir tövsiyə sənədi qəbul olundu. Tövsiyə sənədində “Avropa İttifaqı daha nə edə bilər” sualı əsasında bir məruzə hazırlanıb. Orada Qarabağla bağlı hissələr də yer alıb.

- Bəli, orda Azərbaycan hökumətinin Qarabağın defakto hakimiyyəti ilə danışıqlara gedə biləcəyinə işarə vurulub. Sizin Qərb diplomatları ilə müsahibələrinizdən belə anlaşılır...

- Həm Avropa İttifaqı, həm də ABŞ ötən ilin sentyabr ayından sonra Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparmasını və bu danışıqların bir formatda aparılmasının vacibliyini vurğulayırlar. Belə olarsa, Ermənistan hakimiyyətinin Qarabağ yükünü atmasının daha asan olacağı və sülh müqaviləsinin imzalanacağı fikri formalaşıb. Yəni, bu, Qərbdə təmərküzləşmiş bir fikirdir artıq.

Ruben Vardanyan faktoruna niyə görə toxunulmur? Çünki burada obyektiv olaraq, yəni Azərbaycan tərəfinin məsələ ilə bağlı narazılıqları aydındır, amma bu, əsas faktor olaraq, tərəfimizdən qiymətləndirilməyib hələ ki.

Yəni bunun əsas faktor olub-olmadığına şübhə ilə yanaşmırıq, amma əsas faktor olaraq qiymətləndirilməyib. Çünki, belə deyək, 2022-ci ildən sonra hazırda Qarabağda de-fakto hakimiyyətdə olan şəxslərin bir çoxu Azərbaycanda müharibə cinayətində günahlandırılırdı və onlara [cinayət] işi açılıbdı.

Buna baxmayaraq, Azərbaycan tərəfi, ölkə prezidenti tərəfindən vurğulanıb ki, Qarabağ erməniləri ilə danışıqlar aparılır. Yəni bu danışıqlar aparılan şəxslərin bir çoxu, belə deyim də, müharibə cinayətlərində yer alıblar. Yəni, əslində, bu faktor özü çəkindirici faktor ola bilərdi.

Amma Ruben Vardanyan faktorunun, məncə, Azərbaycan tərəfindən qabardılmasınin bir səbəbi Rusiyanın danışıqlar prosesini pozmasına cəhdi kimi göstərilir.

Bu, xüsusilə, oktyabr ayından [bəri] daha [aydın] görünür, çünki oktyabr ayında Praqada Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini tanıdıqlarını elan etdilər. Yəni, ilk dəfə idi ki, belə bir sənəd imzalanırdı. Və sonra Rusiya oktyabr ayının sonunda tərəflərlə görüşdü və Azərbaycan Rusiyanın sülh müqaviləsi ilə bağlı Qarabağın statusunu gələcəyə saxlamaq təklifinə və təkidinə qarşı çıxdı.

Ona görə, bu, bir az, məncə, daha çox Ruben Vardanyanla bağlı deyil. Burada Azərbaycanla Rusiya arasında olan məsələnin üzə çıxışıdır. Yəni, Ruben Vardanyan, sadəcə olaraq, bir fiqur rolunu oynaya bilər.

BBCcom

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar