Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qarant İnvest” MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazəsini-lisenziyasını ləğv edib.
Virtualaz.org saytı xəbər verir ki, komitənin mətbuat xidmətindən yayılan məlumatda belə deyilir. “Qarant İnvest”in broker fəaliyyəti üzrə lisenziyasının hansı səbəblərdən geri alındığı göstərilmir.
Komitə bildirir ki, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
“Qarant İnvest” şirkəti nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasını idarə edən, əvvəllər “ZQAN Holdinq” olan, indi isə adını dəyişərək onun oğlu Anar Məmmədovun rəhbərliyi altında “Qarant Holdinq”ə çevrilən konqlomeratın tərkibində 2011-ci ildə yaradılıb. Elə həmin ilin noyabrında “Qarant İnvest” Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin broker fəaliyyətinin göstərilməsinə dair 5 illik lisenziya alınmışdı. İndi isə komitə şirkətin lisenziyasını vaxtından əvvəl ləğv edir.
Şirkət bildirirdi ki, onun əsas fəaliyyəti öz müştərilərinə beynəlxalq maliyyə bazarlarına yatırımların qoyulmasında vasitəçilik, yəni broker xidmətinin göstərilməsindən ibarətdir. “Qarant İnvest” lisenziya alandan sonra bir sıra investorlara xarici şirkətlərin səhmlərini almaqda, habelə onların pullarının İsveçrə banklarında yerləşdirilməsində kömək edib. “Qarant İnvest” Azərbaycanda fəaliyyəti müstəsna olaraq xarici investisiyalardan ibarət olan yeganə lisenziyalı broker şirkəti olub.
2012-ci ildə, şirkətin yaranmasının 1 illiyi ilə balı təşkil olunan mərasimdə “Qarant İnvest”in direktoru Fərid Səttarov bildirmişdi ki, növbəti illərdə şirkət əldə etdiyi uğurları daha da inkişaf etdirmək niyyətindədir.
Bəs indi hansı səbəblərdən Azərbaycan oliqarxlarının pullarını xarici banklarda yerləşdirməkdə və xarici şirkətlərin səhmlərinə yatırmaqda vasitəçilik edən “Qarant İnvest”in yolunu kəsdilər? Görəsən, şirkət hansı səhvə yol verib, yaxud hansı qüdrətli oliqarxın pullarını batırıb?