Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məhkəməyə verilib. “Modern.az”ın xəbərinə görə, Bakı meri qanunsuz olaraq günün günorta çağında, uşaqların gözü qarşısında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə ittiham olunacaq.
Məhkəmə sentyabrın 19-da, saat 15:30-da Nəsimi rayonunun 1 saylı inzibati iqtisadi məhkəməsində keçiriləcək. Bu haqda məlumat verən Elxan Mirzəyev və Anar Süleymanov bildiriblər ki, Bakı meriyası bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib.
“Azərbaycan dövləti 2007-ci ilin may ayında ölkə başçısının sərəncamı ilə “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin mart ayında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati cəza – 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub”.