“1 milyona icra başçısı” işinə Gəncədə baxılacaq

18-09-2014, 09:29   
“1 milyona icra başçısı” işinə Gəncədə baxılacaq«Həsən Əliyev dedi ki, pul elə adamdadır, adını çəkmək olmaz...»

Ramazan Səlimov: «Mən o adamın adını prokurorluqda demişəm, amma belə məsləhət oldu ki, onun adı hallanmasın»

1 milyon dollara icra başçısı “bazarlığından” bəhs edən cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Söhbət uzun illər Binəqədi rayon məhkəməsinin sədri, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevun ittiham olunduğu cinayət işindən gedir.

“Azadlıq”ın ötən saylarında bu iş barədə ətraflı məlumat vermişdik. Bir daha xatırladaq ki, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb. Həsən Əliyev Ramazan Səlimovu bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən dövlət komitəsinin sədri, müxtəlif rayonların icra başçıları, “Azəriqaz”, “Azərsu” kimi qurumların rəhbərliyinə daxil olan şəxslərlə görüşdürüb.

Qeyd edək ki, Həsən Əliyevlə yanaşı, Elman Məmmədov və Taleh Süleymanov adlı daha iki nəfərin də təqsirləndirilən şəxs qismində tanındığı bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Orada Azər Orucov, Əlövsət Abbasov və Əlisultan Osmanovdan ibarət hakimlər heyətinin icraatına verilmişdi. Həmin hakimlər uzun müddət Həsən Əliyevlə birlikdə işlədiklərini əsas gətirərək, bu işə baxmaqdan imtina etdilər və özləri özlərinə etiraz verdilər.

“Azadlıq”ın ötən saylarından birində də yazmışdıq ki, etiraza Bakı Apelyasiya Məhkəməsində baxılıb, müvafiq qərar verilməlidir. Onu da qeyd etmişdik ki, Həsən Əliyev təxminən 7 il Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyindən, çox güman ki, cinayət işinə bu qurumda baxılmayacaq. Azərbaycanda isə digər Ağır Cinayətlər məhkəməsi Lənkəranda, Şəkidə və Gəncədə yerləşir. Ona görə də iş bu üç məhkəmədən birinə verilməlidir. Dünən isə məlum oldu ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə “Azadlıq”a daxil olan məlumatı iş üzrə zərərçəkmiş Ramazan Səlimovun vəkili Iradə Cavadova da təsdiqləyib. Vəkil bildirib ki, hələlik məhkəmə iclasının vaxtı və işin hansı hakimin icraatına verildiyi haqda məlumatı yoxdur.

Yeri gəlmişkən, Ramazan Səlimov bu iş üzrə prokurorluqda aparılan ibtidai istintaqdan narazı qalıb. Bu barədə o, “virtualaz.org”a açıqlamasında bildirib: “Ilkin izahatımda göstərdiklərimin 50 faizi ittihamda yoxdur. Mənə hüquqlarımı başa salmayıblar. Cinayət işinin sənədlərini verməyiblər. Bir vaxt xəbər tutmuşam ki, məhkəməyə çağırırlar. Zərərçəkmiş şəxs kimi tanınsam da, özümü zərərçəkmiş kimi hiss etməmişəm. Istintaq idarəsinə 60-70 dəfə çağırılmışam. Ittiham aktında təsdiqini tapan faktlar - SMS-lər, telefon zəngləri, getdiyimiz müəssisələr var. Əgər bu faktlardan biri düz gəlməsəydi, inanın ki, məni də məsuliyyətə cəlb edərdilər. Hətta müstəntiq Ramin Qurbanov məni hədələdi ki, bu işdə ən böyük cinayəti sən eləmisən. Bu barədə Rüstəm Usubova yazılı müraciət etdim. Əgər tələbim olmasaydı, bəlkə də martın 13-də zərərçəkmiş haqda qərar da verməzdilər”.

Ramazan Səlimov deyir ki, əsas məqsədi verdiyi pulu geri almaqdır: “Ittiham aktında hər şey sübut olunub, pulu qaytarmalıdır, vəssalam. Çalışacam ki, Həsən həbs olunsun, yoxsa mənə dəymiş ziyanı qaytarmayacaq. Həbsini istəmirdim. Amma görürəm ki, mənə dəymiş ziyanı qaytarmayacaq. Binəqədi parkında bütün obyektlər onundur - kafelər, attraksionlar. Hakim işləyəndə o parkı özəlləşdirib. Binəqədi şosesində tikinti mağazaları var. Başqalarının adına olsa da, hamı bilir ki, Həsən Əliyevindir. Onun Xudatda, Nabranda nələri yoxdur ki... Hamı da bilir. Bəs mənə dəymiş ziyanı niyə qaytarmır? Istintaq vaxtı satdığı əmlakın dəyəri 1 milyon manatı da keçib. Niyə qaytarmır mənim pulumu? Elə bilir ki, onun bu hala düşməsinin günahkarı mənəm. Başına gələn hadisələrin səbəbkarı özüdür, amma günahı məndə görür. Bəlkə də pulu elə bir adama verib ki, ala bilmir. O, özü də harasa hakim getmək istəyirdi. Bəlkə mənim verdiyim pulu kiməsə ötürüb ki, öz işini görsün?! Amma bunun mənə heç bir aidiyyəti yoxdur. Mən sənədlə verdiyim pulu istəyirəm. Sənədsiz verdiyimin isə heç adını da çəkmirəm. Yəqin ki, ədalət qalib gələcək. Istintaqdan kənar sözlərimi ona deməyə vaxtım olacaq”.

Ramazan Səlimovun sözlərinə görə, o, hər dəfə pulunu geri istədikdə Həsən Əliyev bir az da səbr etməyi məsləhət görürmüş:ÿ"Deyirdi ki, bir az gözlə, böyük dəyişikliklər olacaq. Hər dəfə cürbəcür bəhanələr gətirirdi. Gah dedi pul elə adamdadır ki, onun adını çəkmək olmaz. Dedim 3 ildir gözləyirəm, banka qoysaydım, 120 min manat qazancım olardı. Bir dəfə dedi ki, mart ayında yeniliklər olacaq, gözlə. Mən o adamın adını demişəm prokurorluqda. Amma belə məsləhət oldu ki, o adamın adı hallanmasın".

Ramazan Səlimov onu da qeyd edib ki, bu cinayət işi MTN-də və Baş Prokurorluqda da araşdırılıb: “Ötən ilin avqust ayında mənə bir nəfər zəng vurub MTN-dən olduğunu, adının Ilqar olduğunu deyib nazirliyə çağırdı. Ertəsi gün getdim. Həmin şəxslə görüşdüm. Elman adlı şəxsi adamı tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, mən Həsən Əliyevi də tanıyıram. Məni MTN-də 4 saat sorğu-suala tutdular. Sonra başa düşdüm ki, Həsən MTN-ə Elmandan şikayət edib. Məni də elə buna görə çağırıblar.

Həmin gün axşam yenidən mənə zəng gəldi. Zəng vuran şəxs baş prokurorun I müavini Rüstəm Usubov idi. Təcili prokurorluğa gəlməyimi tapşırdı. Ertəsi gün - 18 avqustda Rüstəm Usubovun qəbuluna getdim. Məni orada Mehdi Mirzəyev adlı şəxs qarşıladı. Hər şeyi olduğu kimi danışdım, Rüstəm müəllim də mənə əvvəldən-axıra kimi diqqətlə qulaq asdı. Dedi ki, bu iş dərindən araşdırılacaq, sizə dəymiş maddi ziyan ödəniləcək, əlinizdəki faktların hamısını müstəntiqə təqdim edin".
Azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.