“Qasid”in qəzetlərə borcunun taleyi necə olacaq?

18-09-2014, 10:54   
“Qasid”in qəzetlərə borcunun taleyi necə olacaq?Rahim Hacıyev: «Nə olursa olsun, borcun qaytarılması üçün mübarizə aparacağıq»

“Qasid” Açıq Səhmdar Cəmiyyəti pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırıb. Firmanın direktoru Mirkazım Kazımov “mediaforum”a deyib ki, bundan sonra qəzet-jurnalı yalnız abunə sistemi üzrə yayacaqlar. “Qasid”in qəzetlərə çox böyük məbləğdə borcu olduğunu nəzərə alsaq, firma fəaliyyətini dayandıracağı halda, həmin borcun taleyi necə olacaq?

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, əslində, “Qasid”in fəaliyyətini dayandırması 2012-ci ildən bəri müşahidə olunan proseslərin məntiqi nəticəsidir. Rahim Hacıyev yada salır ki, bir müddət əvvəl şəhərin abadlaşdırılması adı altında çox böyük mətbuat yayımı şəbəkəsi olan “Qasid”in sıradan çıxarılması prosesi başladı: “Yeni köşkləri Bakıya gətirməklə şəhərin abadlaşdırılması adı altında böyük bir yayım şəbəkəsi sıradan çıxarıldı. Bu müddətdə firmanın ”Azadlıq" qəzetinə çox böyük məbləğdə borcu yaranıb. Bu vaxta qədər atdığımız addımlar, hətta firmanın qarşısında keçirdiyimiz etiraz aksiyalarının belə səmərəsi olmayıb. “Qasid” firmasının rəhbərliyinin dəfələrlə vəd verməsinə baxmayaraq, “Azadlıq” qəzetinin borcu daim artıb və hazırda firmanın qəzetə olan borcu 73 min manat təşkil edir. Amma iş o yerə çatıb ki, “Qasid” firması rəhbərliyi heç bir sənədə əsaslanmadan firmanın bizə olan borcunun 73 deyil, 62 min manat olduğunu iddia edib. Bizim isə əlimizdə sənədlər var və həmin sənədlər göstərir ki, “Qasid”in “Azadlıq”a olan borcu ən azı, 73 min manat təşkil edir. Firma rəhbərliyi borcumuzu qaytarmamaq bir yana, üstəlik, böyük bir saxtakarlığa gedərək qəzetə borcunu 11 min manat məbləğində aşağı salıb".

Rahim Hacıyev onu da qeyd edir ki, “Qasid” firmasının fəaliyyətini dayandırmasıyla sözügedən borcun qaytarılması məsələsində daha ciddi bir problem yaranacaq: “Amma nə olursa olsun, borcun qaytarılması üçün mübarizə aparacağıq, bundan sonra da müvafiq addımlar atmaqda davam edəcəyik”.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov “mediaforum”a deyib ki, “Qasid”in pərakəndə satışı dayandırdığı haqda onlara məlumat verilməyib: “Bizə rəsmi şəkildə bu barədə məlumat verilməyib. Firma bizdən satış üçün qəzet nüsxələri götürür və bunu dayandırmayıb. Sadəcə olaraq, biz satdığı qəzetlərin pulunu verə bilmədiyi üçün ”Qasid"ə ayırdığımız tirajı çox aşağı salmışıq".

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.