Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin rejimi aqoniyada: Ukrayna bizi nədə xilas etdi və Lavrov bu gün Bakıya niyə gəlir? - Pərdəarxası...

27-02-2023, 10:47   





"Qərb bizi məhv etmək , hissələrə bölmək və parçalamaq istəyir" - son bir həftədə indi bu sözləri isterik şəkildə Rusiya siyasi rəhbərliyindən tez-tez eşitmək olur. Rusiya rəsmiləri başda prezident Putin olmaqla artıq çılpaq şəkildə bəyan edirlər ki, onlar yox olmaq təhlükəsi ilə üzləşiblər. Eyni fikirləri xor kimi Medvedev, Şoyqu, Lavrov və digərləri səsləndirir. Sözsüz ki, rus xalqını aldatmağa hesablanmış, ideoloji don biçməyə hazırlanmış eyforik ifadələrdir. Diktatorlar qürub çağında belə danışmağa başlayırlar - xalqımızı, dilimizi və mədəniyyətimizi qoruyuruq. Kreml lideri də çeynənmiş fikirlərlə baş verənlərə ideoloji ad qoymağa çalışır: Rusiya təkqütblü dünyaya qarşı savaşır, Rusiya Amerikanın maraqlarına uyğun şəkildə dünyanın qurulmasına imkan vermir, Rusiya özünü qoruyur və s.
Ötən ilin bu vaxtları isə müharibə başlayanda demilitarizasiyadan, denasifikasiyadan danışır, terminlərlə leksikonu bəzəyirdilər. Guya Ukraynada neonasist rejimi var və Donbasdakı rus əhalisinə "qan uddurur" və ona görə xüsusi hərbi əməliyyat keçirilir, yəni Rusiya Ukraynaya rəsmi müharibə elan etməyibmiş. Bir il sonra nə baş verir? - Putin artıq Ukraynanın silahsızlaşdırılması haqda danışmır, onsuz da Kiyev indi daha böyük silahlanır, Putin daha nasist propaqandasına qarşı mübarizədən dəm vurmur, xeyli sayda nasist gördükləri "Azov"çu da azad edilib, hansısa faşist elementi bütün ölkəni və siyasi hakimiyyəti ifadə edə bilməz. Ona görə işğalın ildönümü ərəfəsində Rusiya lideri konteksti dəyişməli oldu - biz Qərblə savaşırıq. Bunu həm də daxili auditoriyaya işarə etmişdi. Yəni geopolitik qarşıdurma gedir. Əslində SSRİ ilə ABŞ arasında "soyuq müharibə" illərində vəziyyət bu dərəcədə kritik görünmürdü. İndi nüvə sazişində (START) fəaliyyətini dayandıran bir üzüdönmüş Putin var və dünyaya meydan oxuyur ki, atom bombası ata bilərəm. Deməli, Rusiya çəmbərin daraldığını başa düşür, müharibəni hansısa formada, belə desək, təhdidlə dayandırmağın yollarını axtarır. Çünki Rusiya Ukraynada bir sıra əraziləri qəsb etməkdən başqa heç bir hədəfinə çatmayıb: nə qaz şantajı Avropanı qışda qorxutdu, nə enerji sektoruna raket zərbələri Ukrayna xalqının əzmini qıra bildi, nə kollektiv Qərbin mövqeyində Ukraynaya dəstəklə bağlı mənfiyə doğru dəyişiklik olub, o halda Putinin "Z" ordusu nəyə nail oldu bir ildə? Finlandiya kimi qonşusu belə NATO alyansına üzv olursa, öz sərhədlərindən bu bloku uzaqlaşdırmağa necə müvəffəq olub?
Belə vaxtda isə bu gün Rusiya baş diplomatı Sergey Lavrov Bakıda olacaq. Anaxeber.info bildirir ki, ötən il 22 fevralda imzalanmış Moskva bəyannaməsi ildönümü ilə bağlıdır. Amma Brüssel platformasının yenidən bərpası ərəfəsində Lavrovun Bakıya səfəri təkcə sənədə görə deyil, həm də sülh danışıqları mövzusunda portfelində hansısa təkliflər gətirir. Amma biz Ukrayna savaşının bizə təsirlərini bu mənada dəyərləndirməliyik: Rusiya-Azərbaycan müttəfiqlik anlaşmasının bir ili səssiz-sədasız tamam oldu...
Biz Rusiyanın Ukraynada qələbəsinə əmin olaraq Putinin quracağı yeni "SSRİ"də yerimizi bəri başdan ayırmışdıq. Bu sənədin başqa bir izahı yox idi. Ukrayna xalqı öz tarixi əhəmiyyətli müqaviməti ilə bizi və bütün keçmiş sovet xalqlarını bu aqibətdən qurtardı. Bildiyiniz kimi, 2022-ci il Sovet Sosialist Respublikaları İttifaqının təsis olunmasının 100-cü ildönümü idi. Putinin simvolik, sakral tarixlərə, numerologiyaya önəm verən lider olduğu məlumdur. Əgər hərbi əməliyyat onun planlaşdırdığı kimi getsəydi və Ukraynanı Rusiya təsir sferasına qaytarmaq mümkün olsaydı, bu hadisə və ümumən 2022-ci il Putinin triumfu kimi tarixə keçəcəkdi. Şübhə yoxdur ki, Kiyevdə Moskvaya bağlı kukla rejim qurulduqdan sonra Ukrayna Rusiya-Belarus İttifaq Dövlətinə qoşulacaqdı. Ukraynanın Kremlin iradəsinə tabe etdirilməsindən sonra digər postsovet ölkələrinin də başqa yolu qalmayacaqdı və beləliklə, 100-cü ildönümdə Putin geosiyasi fəlakət adlandırdığı hadisənin (SSRİ-nin dağılmasının) nəticələrini aradan qaldırmış olacaqdı. Ukraynaya hücum əmri verən rus tiranın baş planı bu idi. Lakin plan baş tutmadı və proyekt iflasa uğradı. Putin rejiminin aqoniyası başlayıb...
Bir il əvvəl Putin qorxulu görünürdü. Sözlərinin çəkisi və təsiri var idi.
İndi isə öz-özünə eyni şeyləri təkrarlayıb duran qoca kimi görünür, sözlərinin əvvəlki çəkisi və təsiri qalmayıb.  
Bir il əvvəl Putin ABŞ-a və NATO-ya ultimatum vermişdi, indi parçalanma kimi təhlükə olduğunu yalandan deməklə öz xalqını inandırmağa çalışır. Halbuki günü bu gün rus qoşunları Ukrayna sərhədlərindən çıxıb 24 fevraldan əvvəlki vəziyyətə qayıtsınlar, Rusiyaya heç bir təzyiqlər olmayacaq. Yəni heç nə Putin üçün plan üzrə getmir və getməyəcək...


Azər Talıbov


Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar