20 Yanvar metro-stansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının keçmiş həyətindəki meşəlik ərazinin məhv edilib, yerində tikinti işlərinin aparılmasına Yasamal Rayon İcra Hakimiyyəti reaksiya vermir.
Sözügedən ərazinin kimə satılması, tikintini kimlərin aparması, bununla bağlı Yasamal İcra Hakimiyyətindən icazənin alınıb-alınmaması ilə bağlı ünvanladığımız suallar cavabsız qaldı. İcra hakimiyyətinin bütün şöbələri problemi bir-birinə ötürdü.
Belə ki, Yasamal RİH başçısının köməkçisi Rüfət Əhmədzadə məsələ ilə bağlı danışmaq səlahiyyətinin olmadığını bildirdi. İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilovla da bu məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədovla əlaqə yaratmalı olduğumuzu söylədi.
V.Məmmədov isə məsələdən xəbərdar olmadığını deyib, bizi böyük məsləhətçi-memar Eyvaz Bağırov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərova yönləndirdi.
Memar E.Bağırov telefon zənglərimizə cavab verməsə də, Z.Cəfərov bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin cavab verməli olduğunu sözlərinə əlavə etdi.
Beləcə, Yasamal rayon İcra Hakimiyyətinin bütün şöbələri ilə əlaqə saxlamağımıza baxmayaraq, 20 Yanvar metro-stansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının keçmiş həyətində yaşıllıqların məhv edilməsi bahasına aparılan və sahibi bəlli olmayan tikinti ilə bağlı bir məlumat əldə edə bilmədik.
Z.Cəfərovun məsləhətinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfаtı Şöbəsinin müdiri Xalid Ələkbərovla da əlaqə saxladıq. Şöbədən Axar.az-a icra hakimiyyətinin bütün şöbələrinə mətbuata açıqlama verməyin qadağan edildiyini bildirdilər. İcra hakimiyyətinin mətbuat xidməti ilə isə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyəti olduğu iddia edilən ərazidəki meşəlik məhv edilir, ərazidə tikinti aparılır. Kinostudiyasının direktoru Müşfiq Hətəmov Axar.az-a açıqlamasında sözügedən ərazinin onlara heç bir aidiyyəti olmadığını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sualımıza cavab olaraq bildirdi ki, araşdırma aparılır və araşdırma yekunlaşandan sonra mediaya məlumat veriləcək.
Xatırladaq ki, Axar.az-ın hadisə yerində olan əməkdaşına özünü iş icraçısı kimi təqdim edən şəxs bir neçə tikilinin bir nəfərə aid olduğunu demişdi:
“Bu ərazini Vaqif müəllim alıb. Yerin sahibi deyir ki, ərazi mənimdir, əcəb edirəm, istəyərəm bir ev tikərəm, istəyərəm beş”.