Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Quru sərhədlər mayın 1-də açılmasa, səbəb budur...

30-03-2023, 09:43   


Belə görünür ki, sərhədlərin regiondakı indiki həssas məqamda bağlı qalması daha məqsədəuyğundur; hüquq müdafiəçisindən etiraz: “Quru sərhədlər tezliklə açılmalıdır”

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verdi. Həmin qərara əsasən artıq hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVİD-19 pasportu ilə bağlı tələb ləğv edilib. Amma quru sərhədlərin bağlı qalması ilə bağlı qərar dəyişmədi.

“Sputnik Azərbaycan” pandemiya dövründə quru sərhədlərin bağlanması ilə bağlı qərarın nə vaxt ləğv olunacağını araşdırıb. Nazirlər Kabinetindən bununla bağlı sorğuya cavab verilməyib. Deputat Razi Nurullayev isə yerli mediaya açıqlamasında bildirib ki, artıq quru sərhədlərlə bağlı qərarın ləğv olunmasının vaxtı çatıb: “Məndə olan məlumata görə, may ayının 1-dən etibarən xüsusi karantin rejimi müddəti artıq uzadılmayacaq. Bununla da mayın 1-dən quru sərhədlər açılacaq. Bu çox sevindirici xəbərdir”.

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyevin nitqi  » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Prezident İlham Əliyev ötən ilin iyulunda keçirilən müşavirədə  son olaraq quru sərhədlərimizin bağlı olması ilə bağlı danışmışdı. “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq...” - deyə dövlət başçısı bildirmişdi. Düzdür, o zaman  Prezident  Ümumdünya Səhiyyə Təşkilatının  bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazım olması barədə xəbərdarlığını da yada salmışdı.

O vaxtdan bəri dünya üzrə pandemiyada xüsusi bir artım yoxdur. O səbəbdən bəzi ekspertlər hesab edir ki, söhbət bəzilərinin iddia etdiyi kimi, hansısa “qanadlı” şirkətin pul qazanmasından daha ciddidir. İddia olunur ki, söhbət quru sərhədlərimizdən ölkəmizə sızmalar olmasından gedə bilər. Təhlükənin önlənməsi bir başqa mövzudur, amma belə görünür ki, sərhədlərin regionda geopolitik vəziyyətin indiki həssas məqamında bağlı qalması daha məqsədəuyğundur, yəni Nazirlər Kabinetini aşan qərardır. Quru sərhədlərin bağlı qalmasından əlbəttə ki, əhalinin xüsusən aztəminatlı hissəsi əziyyət çəkir ki, bunları da qeyd etmək lazımdır. Amma belə görünür ki, məsələ biz düşündüyümüz qədər sadə deyil, o səbəbdən siyasi qərar verilənədək bu vəziyyətə anlaşıqlı yanaşmaq lazım gəlir. 

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, quru sərhədlər çoxdan açılmalı idi:  “Biz quru sərhədlərinin bağlanmasını COVİD-lə əlaqələndirirdiksə, amma görünməyən tərəfi var idi. Rusiya-Ukrayna müharibəsi, Azərbaycana kütləvi axın və sairə. Dövlət haqlı olaraq quru sərhədlərin  daha çox bağlanmasına üstünlük verib. Çünki qaçqın axını oldu - burada söhbət Rusiyadan gələn azərbaycanlılardan getmir- minlərlə rusiyalı yaxın respublikalara köç etdi. Bu baxımdan, başa düşülən idi.  Amma hər şeyin sonu olduğu kimi, bunun da sonu olmalıdır. Quru sərhədlər tezliklə açılmalıdır. Bəzi məhdudiyyətlərin Nazirlər Kabinetin tərəfindən bir neçə gün öncə götürülməsi isə əslində tətbiq edilməyən məhdudiyyətlər idi. Hava limanında gələn qonaqlardan COVİD pasportunun tələb olunmasından başqa elə böyük tələblər yox idi. Amma quru sərhədlər mütləq açılmalıdır. Ölkə azad, demokratik ölkədir və onun vətəndaşlarının sərbəst hərəkət etmək hüququ var. Hətta COVİD və digər məsələlər də olsa belə, bunun sonu olaraq açılmalıdır. Mən belə hesab edirəm ki, qarşıdan gələn yay fəslini nəzərə alaraq insanların başqa ölkələrə gediş-gəlişini, ölkəmizə normal turist axınını təmin etmək üçün sərhədlər açılmalıdır. Bundan başqa, bizim xaricdə, Türkiyədə təhsil alan çox sayda tələbələrimiz və soydaşlarımız var. Onların gəliş-gedişində problem var. İnsanlar AZAL-ın bilet qiymətləri ilə bağlı narazılıq edir. Mən eşitdim ki, bilet alana ikincisi hədiyyə ediləcək. Hədiyyə-filan lazım deyil, biletin qiymətləri aşağı salınmalıdır. Pandemiyadan əvvəl əgər 400-450 manata İstanbula gedə bilirdimsə, niyə indi 800 manata gedib-gəlməliyəm. Hesab edirəm ki, dövlətə çağırış etmək lazımdır ki, quru sərhədləri açın. Mən də onun tərəfdarıyam ki, yaxın vaxtlarda, ən geci mayın 1-də açılsın. Mayın 1-nə qədər də dövlət addım ataraq quru sərhədləri açmalıdır”.

Hüquq müdafiəçisi “sərhədlərin regionda geopolitik vəziyyətin indiki həssas məqamında bağlı qalması daha məqsədəuyğundur” kimi səsləndirilən fikirlərə də münasibət bildirib: “Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, sərhəd xidmətləri kifayət qədər professional kontingentlə təmsil olunublar. Ölkəyə hər hansı bir sızmaların qarşısının alınması üçün yoxlama-buraxılış məntəqələrində ciddi nəzarət olmalıdır. Yüklərin daşınmasında yoxlamalar aparılmalıdır. Onsuz da heç kim ölkəni tərk edərkən, ya şəxsi minik avtomobilində, ya da üstündə hansısa silah daşımır. Ölkəyə gəlib-gedən insanların şəxsiyyəti ilə maraqlanmalı olan dövlət qurumları var və biz iki-üç hala görə yüz minlərlə insanın bu qanundan, bu azadlıqdan istifadə etmək hüququnu məhdudlaşdıra bilmərik. Sızmalar həmişə olub. Sovet dövründə də olub, indi də var. Başqa dövlətlərə gedib-gələnlər də var. Terror dünyanın bir çox ölkələrində var. Biz hansısa bir hadisə olacaq deyə illərlə sərhədləri bağlamaqla özümüzü Şimali Koreyaya bənzətməli deyilik ki. O baxımdan, hesab edirəm k, istər sızmalar olsun, istərsə də olmasın, bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, milyonlarla soydaşımız quru sərhədlərin açılmasını istəyir. Bu, insanların cibinə, eyni zamanda maddi təminatına təsir edən amillərdir. Səyahət etmək istəyirlər, başqa ölkələrə maşınla getmək istəyirlər. Bu gün vətəndaşın Yesentukiyə təyyarə ilə  gedib-gəlmək üçün iki nəfər üçün təyyarə bileti təqribən 1000 dollara başa gəlir. Amma avtomobillə vətəndaş  Yesentukiyə təqribən 150-200 manat civarında gedib-qayıda bilir. Yəni yanacaqdan söhbət gedir. Buna görə də mən hesab edirəm ki, insanların "cibinə" toxunan məqamlar varsa, onun qarşısını almalıyıq ki, insanlar əldə etdiyi gəlirlərindən normal şəkildə istifadə etsinlər. Bir aylıq, iki aylıq məvacibini təyyarə biletinə verməklə onlar ac-susuz qalmalı deyillər. O təhdidlər, sızmalar ola bilər, hazırda həssas bir məqamdır. Amma biz buna görə sərhədləri bağlı saxlaya bilmərik. Hesab edirəm ki, yaxın vaxtlarda ən geci mayın 1-dən sərhədlər açılmalıdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar