Hakimiyyət yeni “çevriliş şousu” hazırlayır

19-09-2014, 10:55   
Hakimiyyət yeni “çevriliş şousu” hazırlayırBu dəfə də ABŞ dövlət çevrilişinin ssenari müəllifi kimi təqdim edilir

Azərbaycan hakimiyyəti yeni “çevriliş şousu” hazırlayır. Keçmiş siyasi məhbus, hazırda ABŞ-da yaşayan Səid Nurinin açıqlamaları belə deməyə əsas verir. Qeyd edək ki, Səid Nuri ötən həftə Azərbaycandan deportasiya edilib. O, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlmişdi. Səid Nuri vətəndə olduğu müddətdə saxlanılıb və prokuorluqda dindirilib. Keçmiş siyasi məhbusun sözlərinə görə, ondan ABŞ-ın yüksək rütbəli hərbçiləri və məşhur hüquq müdafiə qrupları haqqında məlumatlar almağa çalışıblar.

“Mənə Mərkəzi Kəşfiyyat Idarəsi ilə ehtimal olunan əlaqələrim haqqında absurd suallar verirdilər. Məndən Stenli Makkristal, Devid Petreus və digər yüksək səviyyəli hərbiçilərlə şəxsən tanış olduğumu, guya onların mənə təlimat verdiyini etiraf etməyimi tələb ediblər. Başa düşdüm ki, məni həbs etmək və Qərb və yerli QHT-lərin Azərbaycan hakimiyyətinə qarşı əsli olmayan sövdələşmənin iştirakçısı kimi təqdim etmək istəyirlər”, - deyə Səid Nuri bildirib.

Səid Nurinin dindirilməsinə qədər Azərbaycan hakimiyyəti açıq şəkildə anti-Qərb kampaniyası aparıb. Rəsmi qəzetlərdə ABŞ barədə sərt tənqidi materiallar dərc olunub. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın Milli Demokratiya Institununun, “Oxfam” təşkilatının fəaliyyəti dayandırılıb. “Irex”in ofisində axtarışlar aparılıb.

Bütün bunlar göstərir ki, hakimiyyətin 2005-ci ildə olduğu kimi yeni “çevriliş şousu” ilə bağlı planı var və bu dəfə də “çevriliş”in ssenari müəllifliyi ABŞ-ın üzərinə qoyulur.

Xatırladaq ki, 2005-ci ildə sabiq nazirlər Əli Insanov və Fərhad Əliyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilmişdilər. Xüsusilə Fərhad Əliyevin Qərb dairələri ilə əlbir olaraq hakimiyyəti ələ keçirməyə cəhd göstərdiyi iddia olunurdu. Lakin sonra sabiq nazirlərə qarşı ittiham dəyişdirildi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.