Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycana agent ixrac edən təşkilat: “Hüseyniyyun” haqda maraqlı məlumatlar

30-03-2023, 14:17   


Son vaxtlar İran-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən İran agentura şəbəkəsi üzvlərinin ifşa edilməsi, habelə İran xüsusi xidmət orqanlarının Azərbaycan ərazisindəki məkrli planlarının kəşfiyyat strukturlarımız tərəfindən qarşısının alınması İranın Azərbaycandakı casus şəbəkəsinin üzvlərinin sayının çox olduğuna dəlalət edir. Sözsüz ki, DTX-nın keçirdiyi əməliyyatlar gələəckdə də davam edəcək. 

İran agentura şəbəkəsinin Azərbaycan ərazisində adı hallanan əsas qruplaşması 2016-cı ildə yaranan “Hüseyniyyun” təşkilatıdır. Dövrü mətbuatda zaman-zaman bu təşkilat və onun məqsəd ilə məramı haqqında silsilə yazılar gedib. 

Nədir bu “Hüseyniyyun”?

Yenisabah.az bu təşkilatla bağlı məlumatları təqdim edir:

İranın dəstəklədiyi “Hüseyniyyun” (Hüseynçilər) son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb: 

“Hər iki ölkədə əhalinin böyük əksəriyyəti şiə müsəlman olsa da, ikitərəfli münasibətlər müasir tarixləri boyu problemli olub. Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə alaraq İranın regional rəqibləri olan Türkiyə, Pakistan və İsraillə hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməsi Tehranı qıcıqlandırır. “Hüseyniyyun” buna uyğun olaraq ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı daha sərt mövqe nümayiş etdirib”.

Məlumata görə, son bir neçə onillikdə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin bir çox ölkəsində şiə milislərini dəstəkləyib və onları səfərbər edib: “Livan Hizbullahı”, Yəmən Husiləri və İraqın şiə milisləri kimi həmin qruplar İranın regional və qlobal strategiyasının vacib hissəsinə çevrilib. Hər bir qrupun öz hekayəsi və imkanları var. “Hüseyniyyun” isə gələcəkdə İranın Azərbaycanla mübahisələrində əsas rol oynaya biləcəyinə baxmayaraq, bu milislər arasında ən az tanınanıdır”. 

Onu da xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin əvvəlində elə də çox tanınmayan Tohid İbrahimbəyli adlı azərbaycanlı radikal şəxs İranın Qum şəhərində “Hüseyniyyun” qruplaşmasını təsis edib. Bu şəhər şiə müsəlmanları, o cümlədən yüksək səviyyəli din xadimləri üçün müqəddəs hesab edilir. Yarandığı zaman qruplaşma Qumun şiə ilahiyyat seminariyalarından olan 14 şiə tələbədən ibarət olub. Onların hamısı hərbi təlim keçib və İranın prezident Bəşər Əsəd hökumətinin rəhbərlik etdiyi Suriya Ərəb Ordusunu dəstəkləmək üçün Dəməşqə göndərilib. 

Ordu.az-ın araşdırması zamanı məlum olub ki, İbrahimbəyli qurucusu olduğu qruplaşmanın Suriyada İŞİD-lə döyüşəcəyini iddia etsə də, “Hüseyniyyun”un Azərbaycanda təxribatlar törədəcəyi istisna edilmir. Bu, ilk növbədə ona görədir ki, İbrahimbəyli uzun müddət Azərbaycanın dünyavi hökumətinə qarşı təxribatçı fikirlər səsləndirib.

2021-ci ilin sonlarında İran Azərbaycan ordusunun Türkiyə və Pakistan hərbçiləri ilə birlikdə Azərbaycanda keçirdiyi “Üç qardaş” adlı üçtərəfli hərbi təlimdən şikayətlənib. İran buna cavab olaraq Azərbaycanla sərhədi yaxınlığında hərbi təlimlər təşkil edib və İsrailin Azərbaycanda mövcudluğuna dözməyəcəyini bildirib. “Hüseyniyyun” bu dövrdə daha da məşhurlaşdı. Lakin təbii ki, Suriya vətəndaş müharibəsində müxtəlif tərəflərdə vuruşmuş radikal azərbaycanlı döyüşçülər qanunsuz olaraq getdikləri Suriyadan ölkəmizə qayıdan zaman həbs olunurdular.

“Hüseyniyyun”un qurucusu T. İbrahimbəylinin kökləri İrandakı azərbaycanlı icmasından olan, lakin Azərbaycana köçmüş ailədəndir. O, din xadimi kimi elə də çox məşhur deyil, ancaq İranın dəstəklədiyi milislərin bir çox liderləri belə olub. T.İbrahimbəyli SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandanı Qasım Süleymani tərəfindən dəstəklənirdi və İran-Azərbaycan münasibətlərinin kəskinləşdiyi zaman ikisinin birgə şəkilləri yayılmışdı. Süleymaninin “Livan Hizbullahı”nı təqlid edərək qruplaşmaya “Hüseyniyyun: Azərbaycan İslam Müqavimət Hərəkatı” adını qoyduğu güman edilir. “Hüseyniyyun” Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyndən adını götürüb. İmam Hüseyn müsəlmanlar, xüsusən də şiələr üçün əsas şəhidlik simvoludur.

“Hizbullah”ın müqavimət iddiası əvvəlcə Livanın bəzi hissələrinin İsrail tərəfindən işğalına qarşı, “Kətaib Hizbullahı”nın iddiası isə ABŞ-ın İraqdakı hərbi mövcudluğuna qarşı idi, ancaq Azərbaycanda belə bir vəziyyət mövcud deyil. Buna görə də, Süleymani “Hüseyniyyun”u təbliğ etmək üçün Azərbaycanla müttəfiq olan xarici qüvvələri “işğalçı” kimi qələmə verirdi. Bu cür “işğalçı qüvvələr”ə İsrail, Türkiyə və ya İranın təhlükə hesab edə biləcəyi digər qüvvələr daxildir.

2017-ci ildə T. İbrahimbəyli İranın müttəfiq və dost islamçı qruplar və təşkilatlar üçün təşkil etdiyi İslami Oyanış toplantısında iştirak edib. O, İranın Ali Dini Lideri Seyid Əli Xameneyinin özü ilə görüşüb. Həmin görüşdə T. İbrahimbəyli Azərbaycan siyasətinin əleyhinə danışıb, dövlətin guya, dindarları sıxışdırdığını iddia edib. Gələcəkdə bu cür iddialar isə “cihad” elan etmək üçün əsas verə bilər.

Mövcud vəziyyətdə “Hüseyniyyun” hələ də kiçik milisdir, lakin mövcudluqlarının ilk illərində İranın dəstəklədiyi böyük bir neçə milis də belə idi. “Hüseyniyyun”un quruluşu və üzv sayı ictimaiyyətə məlum olmasa da, 20-yə yaxın üzvü olduğu güman edilir. “Hüseyniyyun”un İran və Azərbaycan arasında mübahisələrin daha da qızışacağı təqdirdə fəallaşma potensialı var. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar