İşdən qovulan Məharət Mustafayev Gəncə İcra Hakimiyyətini “iş yeri”nə çevirib
Elmar Vəliyevin “sağ əli”, Gəncənin Nizami rayonunun icra başçısı Məharət Mustafayevin işdən çıxarılaraq həbsinə hazırlıq görülməsi haqda yazmışdıq. Artıq qoluna güc verməyə üstünlük verən sabiq icra başçısına xuliqanlıq maddəsiylə cinayət işi başlanıb. Baş Prokurorluq bu xəbəri təsdiqləyən məlumat yayıb.
Bu şəxs Elmar Vəliyevin Yevlaxdan gətirdiyi kadrlardandır. Vəliyevlərin üsul-idarəsinə bələd olanlar onların kadrlarını qorumaq üçün dəridən-qabıqdan çıxdıqlarını da bilməmiş deyillər. Bəs necə oldu ki, Elmar Vəliyev Məharət Mustafayevin işdən çıxarılaraq ittiham elan olunmuş birinə çevrilməsinə razı oldu?
Moderator.az yazır ki, M.Mustafayevin son zorakılığına yol açan da E.Vəliyev olub: “Bu insident Göygöl rayonunun icra başçısı Arif Seyidovla Gəncənin icra başçısının yola getmədiklərini, ən azı Məharət Mustafayev olayından sonra münasibətlərin kəskin soyuyacağından xəbər verir. Məlumatlara görə, xeyli vaxt imiş ki, Gəncə və Göygöl rayonun sərhədlərinin az qala hər perimetri uğrunda savaş aparılması, bu azmış kimi, əslində Məharət Mustafayevin Göygölün Gəncənin Nizami rayonu ilə sərhəd ərazisini qarış-qarış satması onsuz da münasibətləri xeyli əvvəldən soyudubmuş. Ola bilsin ki, Məharət Mustafayevə xuliqanlıq maddəsiylə cinayət işi başlanmasıyla kifayətlənməyəcəklər...
Daha doğrusu, həmin ərazidən torpaq alan adının çəkilməsini istəməyən bir mənbə artıq bu istiqamətdə fəaliyyətə başlanıldığı barədə Moderator.az-a məlumat verərək narahatçılığını bildirib. Onun bildirdiyinə görə artıq ondan tanımadığı adamlar həmin torpağın kimdən və neçəyə alındığı barədə dəqiq məlumat istəyərək qeydiyyat aparıblar. Görünür, məsələ xeyli ciddidir və xuliqanlıq maddəsi sadəcə əsas cinayəti pərdələmək niyyəti daşıyır. Bu yoxlamaların Elmar Vəliyevə zərbəsi dəyəcəyini isə proqnozlaşdırmağa dəyməz. Çünki bütövlükdə Gəncəbasarın patronajlığı prezidentin mühafizə xidmətinin rəhbəri general Bəylər Eyyubovdadır və bir-biri ilə torpaq davası aparan hər iki icra başçısı da bir rəhbərlik tərəfindən idarə olunur. Odur ki, məsələnin böyüyəcəyini gözləməyə dəyməz”.
Sayt yazır ki, hazırda M.Mustafayevin boş qalmış vəzifəsi Gəncə şəhər icra başçısının birinci müavini Mikayıl Zeynalova həvalə edilib. Başçı təyinatı hələlik yubansa da Elmar Vəliyevin ora yenə də öz adamını təyin etdirməyə çalışır: “Ola bilsin bu namizəd də YAP Gəncə Şəhər təşkilatının sədri, Kəpəz rayon icra başçısının müavini olsa da hər zaman Elmar Vəliyevin yanında olan Naqif Həmzəyev olsun”.
“Yeni Müsavat”a daxil olan məlumata görə, M.Mustafayev “yuxarı”ların qəzəbinə gəlsə də, E.Vəliyev sabiq başçıya onu himayə edir: “Məharət Mustafayev barəsində prezident sərəncamı elan olunandan sonra demək olar ki, hər gün Gəncə İcra Hakimiyyətində gedir. Saatlarla Elmar Vəliyevin kabinetində olur. Belə məlumat var ki, ara sakitləşəndən sonra Elmar Vəliyev onu Gəncədə digər vəzifəyə təyin edəcək”.
Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Kənan Məmmədovla əlaqə saxladıq. Xidmət rəhbəri sorğumuzu cavabsız buraxdı.
E.HÜSEYNOV