Arzu Nağıyev: “Qərbin İŞİD-ə qarşı müharibəsinin nəticəsində Yaxın Şərq yenidən şəkilləndiriləcək”
“Ölkəmizdə radikal cərəyanların yayılmasına əsas səbəb dini maarifçiliyin və təbliğat işinin zəifliyidir”
Nağıyev Arzu Nəsib oğlu uzun müddət təhlükəsizlik orqanlarında çalışıb, Qarabağ müharibəsi veteranıdır. 2011-ci ildən Trend İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışır. Mediada siyasi şərhlər, beynəlxalq və regional proseslərlə bağlı ekspert rəyləri ilə çıxış edir. İki kitabı çap olunub.
Son günlərin əsas gündəm mövzusu Yaxın Şərqdə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın yaranması və regionda başlayacaq yeni müharibədir. Bu savaş birbaşa Azərbaycan sərhədlərində olmasa da, coğrafi olaraq çox yaxında və istənilən halda ölkəmizə də bu və ya digər formada təsir edəcək. Radikal terrora qarşı yeni koalisiyada Azərbaycanın yeri, ölkə daxilində dini radikalizm və ona qarşı mübarizə məsələləri ilə bağlı Arzu Nağıyevlə söhbət etdik.
- Bildiyiniz kimi, ABŞ hökuməti İŞİD-ə qarşı mübarizə məqsədi ilə beynəlxalq koalisiya yaradır. Necə düşünürsünüz, Azərbaycan İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirak edəcəkmi?
- Düşünürəm ki, ilk növbədə İŞİD-in təsnifatını vermək lazımdır. İŞİD klassik terror təşkilatıdırmı? Bu gün istər “əl-Qaidə”, istərsə də “Taliban” terror təşkilatı kimi qəbul olunub. Ancaq fikrimcə İŞİD ilk dəfə ortaya çıxıb özünü elan edəndə ən böyük səhv onun adının dövlət kimi hallandırılması idi. İraq-Şam İslam Dövləti qruplaşması adından da göründüyü kimi onu yaradanların əvvəlcədən məqsədləri dövlət qurmaq olub. Əsas quruluş regionu isə ərəb ölkələri, yəni Yaxın Şərq nəzərdə tutulmuşdu.
Bu gün İŞİD İslam dəyərlərinə zərbə vuran, həqiqi dini dəyərləri gözdən salan əsas quruma çevrilib. Qanuni sərhədləri dünya tərəfindən tanınmış dövlətlərin içində öz dövlətini elan edib, yeni qaydalar, qanunlar müəyyən edib. Bu qruplaşmanın böyüməsinə imkan verməmək lazım idi. Lakin olmadı. İndi isə koalisiya yaradılır, İŞİD-in havadan bombalanmasına start verilib. Ancaq bütün bunlara baxmayaraq günü gündən bu qruplaşma daha da böyüyür.
İŞİD-lə bağlı əsas fikirlərdən biri budur ki, bu qruplaşmaya əsas dəstək Türkiyə və Qətərdən gəlir. Ərdoğanın son olaraq Qətərə səfəri də göstərdi ki, Türkiyəyə bu məsələdə siyasəti dəyişmək tövsiyə olunub. Bu da ona işarədir ki, artıq İŞİD necə deyərlər, öz dayaqlarını itirir.
- İndi ekspertlər daha çox terrora qaşı mübarizədə əsas faktor kimi onun maliyyə mənbələrinin sıradan çıxarılmasını göstərirlər. Konkret olaraq İŞİD-ə qarşı mübarizədə bu istiqamətdə təkliflər var. Çünki bu qruplaşma böyük maliyyə imkanlarına malikdir və bunun vasitəsilə qruplaşma günü gündən böyüyür. Eyni zamanda iddialara görə Azərbaycanda, Türkiyədə bu qruplaşmaya dəstək verən maliyyə mərkəzləri mövcuddur.
- Hər bir bu tip qruplaşmaların arxasında ciddi maliyyə mənbələri dayanır. Çünki döyüşmək üçün silah lazımdır, silah əldə etmək üçünsə pul. Yəni ciddi maliyyə mənbələri olmadan bu cür qruplaşmaların fəaliyyət göstərməsi mümkün deyil. Məsələn, “Taliban” haqda iddialar vardı ki, Əfqanıstanda narkotikdən gələn gəlirin 16 faizi bu terror təşkilatına çatır. Ancaq onlar özləri bu iddiaları təkzib edirlər. Lakin unutmaq lazım deyil ki, Əfqanıstanda 1 milyard dollar dəyərində qiymətləndirilən narkotikin Avropa bazarındakı qiyməti 30-32 milyard dollar olur. Yəni 32 dəfə qiymət bahalaşır. Bu isə böyük bir bazar deməkdir.
Eyni fikirləri İŞİD barəsində də demək olar. Bu qruplaşma, narkotik, silah, neft və insan alverindən böyük pullar qazanır. Əlbəttə ki, böyük pullar olmadan döyüşmək mümkün olmaz. Hər bir qruplaşmanın arxasında böyük maliyyə gücü dayanır. Hər bir əsgərin gündə 3 dəfə yeməyi, aylıq maaşı, ailəsinin saxlanma xərcləri, digər xərclər və nəhayət, silah-sursata xərclənən pullar.
Azərbaycanda bu cür terroru maliyyələşdirən mənbələrin olmasına inanmıram. Olarsa, yəqin ki, müvafiq qurumlar onların qarşısını tez bir zamanda alarlar.
- Belə bir iddialar var ki, ABŞ İŞİD-ə qarşı geniş koalisiya quraraq müharibəyə başlaması İraq və Suriyanın yenidən işğal olunmasına hesablanıb. Bu tendensiya müşahidə olunurmu? İŞİD-ə qarşı mübarizənin belə desək yan təsirləri nədən ibarət olacaq?
- Çox maraqlı durum alınır. İŞİD ortaya çıxdığı gündən bu yana Fələstin-İsrail mövzusunda heç zaman toxunmayıb. Eyni zamanda bu həm də onu göstərir ki, terror təşkilatının bu mövzu ilə bağlı mövqeyi yoxdur. Mən belə düşünürəm ki, Qərbin İŞİD-ə qarşı müharibəsinin son nəticəsi olaraq Yaxın Şərq yenidən şəkilləndiriləcək, İraq və Suriyanın parçalanması baş verəcək. Suriya və İraqı parçalamağın ən asan yolu İŞİD-dir. Artıq ABŞ öz ordusundan və ya NATO birləşmələrindən istifadə etmədən terrora meylli bir qurumun əli ilə Yaxın Şərqin iki böyük dövlətini parçaladı.
- Necə düşünürsünüz, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi necə olmalıdır?
- Azərbaycan hər zaman terrora qarşı mübarizənin yanındadır. Bu hər zaman olub, indi də hiss olunur. Çünki İŞİD-in tərkibində azərbaycanlılar da var. Onların da Azərbaycan üçün real təhlükəsi var.
- Siyasi baxımdan necə olmalıdır? Azərbaycan Amerikanın yaratdığı koalisiyaya qatılmalıdırmı?
- Əgər həqiqətən mübarizə olacaqsa, düşünürəm ki, Azərbaycan Amerikanın yanında, antiterror koalisiyasında olmalıdır.
- Konkret olaraq Azərbaycana qarşı da təhdid var. Bu günlərdə mediada yayıldı ki, İŞİD-in rəhbərlərindən biri “cihadı” Şimali Qafqaza gətirəcəkləri ilə hədələyib. Sizcə bizə qarşı belə bir təhlükə realdırmı?
- Bu təhdid daha çox Şimali Qafqazla bağlıdır. Ancaq bunun özü də çox böyük təhlükədir. Çünki bu cür müharibələr nə qədər bizim sərhədlərə yaxın olsa, təhlükənin həcmi də o qədər böyük olar. Aydın məsələdir ki, Şimali Qafqaz dedikdə nəzərdə tutulan Çeçenistan və Dağıstandır. Dağıstan isə Azərbaycanla böyük bir sərhədə malikdir. Orda baş verən cücərtilər istənilən an Azərbaycan tərəfə də keçə bilər. Ancaq təbii ki, əsas hədəf Çeçenistandır, çünki onların köhnə haqq-hesabları hələ də qalmaqdadır.
- Azərbaycandan Suriyadakı döyüşlərə, konkret olaraq İŞİD-ə qatılanlar var. Doğrudur, əvvəlcə hökumət bu mövzuya xüsusi önəm vermədi, ancaq gedənlərin sayı artdıqdan sonra narahatlıq hiss olunmağa başladı. Bir sıra addımlar atıldı. Necə düşünürsünüz, bu mövzuda hökumətin konkret tədbirlər planı varmı? Yoxsa sadəcə ənənəvi metodlardır?
- Ümumiyyətlə, diqqətlə analiz etdikdə, xüsusən də yerləşdiyimiz ölkələrlə müqayisə aparanda görürük ki, Azərbaycanda həqiqətən də dini tolerantlıq mövcuddur. Din azadlığı var. İstənilən insanın öz dinini təbliğ etməsi, yayması imkanları var. Ancaq son illərin hadisələri göstərdi ki, artıq bu cür dini fəaliyyətlərin içərisində həm də terrora meylli fəaliyyətlər də cücərib. Doğrudur, bu məsələdə ən böyük təsiri Şimali Qafqazda gedən proseslər qoydu. O dövrdə radikal qruplar Azərbaycanın şimal bölgələrində müəyyən toxumlar səpməyi bacardılar. Burda da müəyyən qruplar meydana gəldi. Kimsə vəhhabiliyə, kimisə başqa radikal cərəyanlara meylləndi. İlk vaxtlarda Azərbaycan hökuməti fərqli dinlərə tolerant yanaşaraq onların fəaliyyətinə maneçilik törətmədi. Lakin sonradan bu qruplar açıq şəkildə radikallaşmağa başlayanda, Azərbaycan dövlətinə, cəmiyyətin əsaslarını sarsıda biləcək bəyanatlar yayanda və fəaliyyətlər həyata keçirəndə bu qrupların təhlükəyə çevrildiyi məlum oldu. Bundan sonra artıq Azərbaycan dövləti bu qruplara qarşı müəyyən addımlar atmağa başladı.
Burda maraqlı məqamlardan biri də budur ki, Azərbaycandan Suriyaya üz tutanlar Türkiyə ərazisindən istifadə etdilər. Çox maraqlıdır ki, bu adamlar bir qayda olaraq eyni qrafikdən istifadə edirdilər. Türkiyəyə gedir, oradan Suriya sərhədinə gedir və sərhəddən də Suriyaya keçir. Mən iddia etmirəm ki, Türkiyə hökuməti buna bilərəkdən şərait yaradırdı. Ancaq hər halda bütün məlumatlar bunu göstərirdi. Bu cür insanların yoldan çıxarılaraq, radikal təbliğatların təsiri ilə xaricə aparılması təhlükəli tendensiya idi.
- Azərbaycandan daha əvvəl də Əfqanıstana, Şimali Qafqaza döyüşlərə qatılan insanlar olub. Hətta 90-cı illərdə bu qruplaşmaların üzvlərinə qarşı məhkəmə prosesləri də oldu. Ancaq aydın məsələ idi ki, bu cür radikal dini təbliğatlar Azərbaycanda yeni idi. Azərbaycanda ənənəvi məzhəblər tərəfindən bu cür çağırışlar olmayıb, bu tendensiya müstəqillikdən sonra baş verib. İndi daha çox bu sual gündəmdədir ki, Azərbaycan hökumətinin, xüsusən də xüsusi xidmətlərin radikal dini cərəyanlarla bağlı, onların qarşısının alınması ilə bağlı hansısa konsepsiyası, fəaliyyət proqramı olubmu?
- 90-cı illərdə, yəni müstəqillikdən sonra dini maarifçilik işinə o qədər də diqqət yetirilmədi. Bu sahədə bir boşluq yarandı. Dini radikallığın nə dərəcədə qorxulu olduğunu və hansı fəsadlar törədə biləcəyini hiss eləmədilər. Yalnız sonradan Əfqanıstandakı, Dağıstandakı, Çeçenistandakı hadisələr zamanı aydın oldu ki, bunlar böyük bir qrupa çevrilə bilir. Bu mənada fikrimcə, radikal cərəyanların yayılmasında əsas amil dini maarifçiliyin və təbliğat işinin zəifliyi idi. Heç kimi hansısa dinə inanmağa və ya inanmamağa məcbur etmək olmaz. Bu, vicdan azadlığıdır. Dini bölmək olmaz, dini bölücülük olanda, son nəticə belə məsələlərə gətirib çıxarır.
Şimal tərəf bir istiqamətə yönəldildi, cənub tərəf bir başqa tərəfə. Müxtəlif bölgülər yaradıldı və din üzərində qruplaşmaların sayı artdı. Bütün bunların əsas səbəbi isə dini maarifçiliyin zəif olması idi.
- Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri maraqlı bir fikir söyləyib. Deyib ki, dini maarifçilik, təbliğat işi ilə biz məşğul olacağıq, cinayət törədən və ya buna hazırlaşanlarla isə hüquq-mühafizə orqanları. Necə düşünürsünüz, indi radikal qrupların Azərbaycan üçün hansısa təhlükə törətməsi realdırmı?
- Düşünürəm ki, İslam dini Azərbaycan xalqının qəlbindəki gerçək yerinə qayıtmalıdır. Dədə-babalarımız bu dini necə sevə-sevə, şövqlə yaşayıblarsa, indi də dinə o cür səmimi, imanlı münasibət olmalıdır. Dindən sui-istifadə halları, göstərmək, dəb xatirinə, yaxud hansısa siyasi, qrup maraqları xatirinə dini istismar etməyə imkan verilməməlidir. Bu günlərdə din xadimlərinin yeni formaları təqdim olundu. Münasibət birmənalı deyildi, ancaq məlum olanda ki, bu geyim Hacı Zeynalabdin Tağıyevin geyiminə bənzədilib, münasibət dəyişdi. Yəni dini insanlara təqdim edib, sevdirmək lazımdır. Bunun yolu isə təbliğata bağlıdır. Təbii ki, dindən öz cinayətkar məqsədləri üçün istifadə edənlər olduqda, onlara qarşı hüquq-mühafizə orqanlarının fəaliyyəti olacaq.
- O sahədə vəziyyət necədir?
- Azərbaycanda bu gün dini ekstremizmlə mübarizə yüksək səviyyədədir. Sadəcə olaraq bilmək lazımdır ki, bu, mürəkkəb, ağır bir sahədir. İnsanları öyrənmək, araşdırmaq lazımdır və onların hər biri ilə ayrıca iş görülməlidir. Elə bir zamanda yaşayırıq ki, hər gün situasiya dəyişə bilir. Bu mənada onların üzərinə böyük bir məsuliyyət düşür. Bu sahədə son vaxtlarda görülən işlər, əldə olunan nəticələr belə görünən işlərin uğurlu olduğunu deməyə əsas verir. Hüquq-mühafizə orqanları bu qruplarla mübarizədə itki verdi. Ancaq əlbəttə, istənilən halda bu cür fəaliyyətlərin qarşısını almaq hüquq-mühafizə və təhlükəsizlik orqanlarının borcudur. Azərbaycanın gələcəyi naminə bu cür hadisələrin qarşısını almalıdır.
Kənan Rövşənoğlu