Hacıqabul sakini Yalçın Dəmirov: “Vəhşicəsinə döyülmüşəm, Hacıqabul polisi işi ört-basdır etməyə çalışır” DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə: “Hər iki tərəf şikayətçidir, işə ədalətli baxılacaq”
Hacıqabul rayonu, Qızılburun kənd sakini, 20 Yanvar Cəmiyyətinin üzvü, 2-ci qrup 20 yanvar əlilli Dəmirov Yalçın Səməd oğlu redaksiyamıza müraciət edərək, şikayətini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat”dan kömək istəyib. O, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarından şikayətçi olduğunu bildirib.
Şikayətçi həmkəndlisi, sinif yoldaşı Ruslan Babayev tərəfindən vəhşicəsinə döyüldüyünü və aidiyyatı orqanların buna susduğunu iddia edir. Əlil deyir ki, sentyabrın 14-də günorta saatlarında sinif yoldaşı Ruslan dükana gəlib və siqaret alıb. O, Ruslana idarə etdiyi "KamAZ”ı yavaş sürməsi tövsiyə edib. Ruslana deyib ki, maşını sürətlə sürməsi ucbatından dükanının divarlarında çat yaranıb. Əlil deyir ki, həmin gün axşam saatlarında Ruslan sərxoş vəziyyətdə dükana gəlib, günorta etdikləri söhbətə görə onu döyüb.
Bundan sonra iş polisə düşüb: “Baş vermiş hadisə barədə dərhal 102 xidmətinə məlumat verdim. Sahə müvəkkili Rasim müəllimə şikayət etdim. Sahə müvəkkili günahı mənim üstümə atdı. O, cinayətkarı tutmaq əvəzinə mənim qoluma qandal vurub, şöbəyə apardı. Hacıqabul rayon Polis Şöbəsində baş verənləri olduğu kimi danışdım və izahat yazdım. Polisə şikayət etsəm də, Ruslanın barəsində heç bir tədbir görülmür. Hazırda o, azadlıqdadır”.
Yalçın Dəmirov əsas şikayətinin Hacıqabul RPŞ-nin əməkdaşlarından olduğunu bildirib: “Şöbənin təhqiqatçısı Natiq müəllim deyir ki, sən ruhi xəstəsən. Şikayət etdiyimə görə bu adı mənə verirlər. Əslində, ruhi xəstə-filan deyiləm. Ruslan mənim üzümə qarşı dedi ki, sənin qiymətin 2 min manatdır. Sonradan aydın oldu ki, o, şöbənin rəhbərliyinə bu qədər “şirinlik” verərək məsuliyyətdən boyun qaçırmağı bacarıb”.
Zərərçəkən Ruslan Babayev tərəfindən ölümlə hədələndiyini də qeyd etdi: “Açıq şəkildə mənə deyir ki, pul verib işi bağladım. Söhbəti uzatsan, 10 min manat verib, sonra sənin başını kəsəcəm. Özü də narkomandır. Bütün kənd sakinləri bunu bilir. Bir qrup insan Qızılburunda meydan sulayır. Hadisə ilə bağlı əlimdə dəlil-sübutlar var. Amma tədqiqatçı bunları qəbul etmir”.
Şikayətçi DİN-nin qarşısında intihar edəcəyini bildirib: “Cənab nazir Ramil Usubova müraciət edirəm. Mənə kömək edin, cənab nazir. Sizlərin adından istifadə edərək burada meydan sulayırlar. Korrupsiya baş alıb gedir. Ən azı 500 manatlıq mənə zərər dəyib. Xəstəxanaya getməyə imkanım yoxdur. Cənab nazir, Hacıqabul polisi pul alaraq, cinayətkarı azad edir. Güloğlan adlı məmura məsləhət görərdim ki, bir az insafa gəlsin. Prezidentimizin özü hər zaman məmurların cəmiyyətə nümunə olmasını istəyib. Amma Güloğlan kimi məmurlar dövlətimizin imicinə zərbə vururlar”.
Şikayətçi deyir ki, sağalana kimi problemim həll olmasa, həmçinin onu döyən şəxs məsuliyyətə cəlb olunmasa, DİN-nin qarşısında özünü yandıracaq.
Baş verənlərlə bağlı DİN-nin mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə döyülmə faktını təsdiqlədi: “Biz bununla bağlı dərhal Hacıqabul RPŞ ilə əlaqə saxladıq və hadisəni araşdırdıq. Məlum oldu ki, iki nəfər arasında baş verən münaqişədir. Polis idarəsinin ünvanına səsləndirilən ittihamlar əsassızdır. Həqiqətən Yalçın Dəmirov adlı şəxs tərəfindən idarəyə şikayət ərizəsi daxil olub. Hazırda şöbədə ciddi araşdırma aparılır. Məsələ ilə bağlı hər iki tərəf dindirilib. Ruslan Babayevin özü də ondan şikayətçidir. Yalçın Dəmirov tərəfindən vurulduğunu iddia edir. Hər iki tərəf şikayətçidir. Araşdırma aparılır. Nəticədən asılı olaraq, ədalətli qərar veriləcək”.