Noyabrın 1-də Gürcüstanın Marneuli şəhər məhkəməsi yerli şəhər məclisinin sədr müavini Rövşən İsgəndərova həbs verib. O, parlament seçkiləri günü bir neçə bülleteni qutuya atmaqda ittiham olunur. Məhkəmənin növbəti iclası Bolnisi rayon Məhkəməsində 25 dekabr tarixində keçiriləcək. Rövşən İsgəndərov isə ittihamları qəbul etmir və həbsi ilə razılaşmır. Anaxeber.info-ya danışan Rövşən İsgəndərovun həmyerlilərinin sözlərinə görə, Marneuli bələdiyyə məclisinin sədr müavini həmişə xeyirxahlığı ilə özünə nüfuz, rəğbət qazanıb. Rövşən İsgəndərovun fəaliyyətindən söz açan həmyerliləri qeyd edirlər ki, indiyə qədər hər hansı qanunsuz hərəkəti olmayıb. Sakinlər deyirlər ki, Rövşən İsgəndərov ehtiyacı olanlara əl tutan bir insandır. "Rövşən İsgəndərov xəstəsi olana kömək edən, əməliyyat üçün imkanı olmayanın xərcini qarşılayan, Ramazan günlərində iftar süfrələri açan, Qurban bayramında kasıb ailələrə qurbanlıq paylayan, övladının təhsilinə gücü çatmayanlara dəstək olan bir yaxşı, xeyriyyəçi azərbaycanlıdır. Hətta onu Marneulinin Hacı Zeynalabdin Tağıyevi kimi adlandırmaq olar. Çünki hər zaman darda olanların dadına çatıb. Ona görə həbs qərarı verilməsi bizi möhkəm sarsıtdı. Həbs Rövşən müəllimə yaraşmır və onun barəsindəki qərarla özü də razılaşmır. Biz hesab edirik ki, ədalətli və dəqiq araşdırma aparılmalıdır".
Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə müraciət edən Marneuli azərbaycanlıları Rövşən İsgəndərovun azad olunması üçün humanist addım atılmasını xahiş edirlər. Onlar Gürcüstan dövlətinin, hökumətinin və məhkəməsinin Rövşən İsgəndərovun yerli camaata etdiyi yaxşılıqları nəzərə alaraq, müsbət qərar verilməsini istəyirlər. Onlar inanmırlar ki, Rövşən İsgəndərov pis əməllərin sahibi olsun: "İkincisi, həyatda günahsız və səhvsiz insan yoxdur. Amma onun yaxşı əməllərini tərəziyə qoyaraq qiymət vermək lazımdır. Biz Rövşən müəllimdən pislik deyil, həmişə yaxşılıq görmüşük. Onun camaat üçün elədikləri, kasıb-kusuba, ehtiyacı olanlara yardım göstərməsi bir insanlıq nümunəsidir. Rövşən müəllimin elədiklərini biz və Allah görür. Onun bu savab əməlləri qarşılığında əvəzi həbs həyatı olmamalıdır. Biz inanırıq ki, Gürcüstan hökuməti də humanist davranacaq və ölkədə gedən inkişafı, islahatları nəzərə alaraq, o cümlədən seçkidəki qələbədən sonra xoş ab-havanı qiymətləndirərək Rövşən İsgəndərov barəsində alqışlayıcı addım atacaq. Biz də buna görə minnətdarıq olarıq. Həmçinin, onun pul girovu qarşılığında azad etmək də mümkündür və qanun buna imkan verir. Biz xeyirxah bir insanın yanındayıq və onun üçün nə lazımdırsa, dəstək verə bilərik. Odur ki, Gürcüstan dövlətindən və Bolnisi məhkəməsindən bu amilləri nəzərə almağı xahiş edirik. Bilsinlər ki, bir yardımsevər azərbaycanlı azadlığa çıxacaq, hamı buna görə dövlətə təşəkkür bildirəcək və o, yenə də insani əməllərini, xeyriyyəçiliyini davam etdirəcək".
Rövşən İsgəndərovun ona üz tutan hər bir kəsə kömək etdiyini deyən həmyerliləri bildirirlər ki, indi o, belə cəzaya layiq deyil: "İnsanın yaxşılıqları üstün götürülməlidir və səhvi də varsa, məhz buna görə bağışlanmalıdır. Rövşən müəllim özünü təqsirli bilmir və qərarla razılaşmır. Biz ona inanırıq və Azərbaycan cəmiyyətinə, dövlətinə də səslənirik ki, Gürcüstanda yaşayan xeyirxah soydaşa azadlığa çıxmaq üçün dəstək olsunlar, qonşu, dost Gürcüstan dövlətindən bu problemin həlli üçün xahiş eləsinlər".