Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Azərbaycanda gələn il həmçinin minimum pensiya məbləği 270 manat deyil, 280 manat nəzərdə tutulub.
2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Gələn il həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.
Bəs bu rəqəmlər real bazar qiymətlərinə, inflyasiyaya, normal həyat şərtlərinə uyğundurmu?
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı ASTNA-ya danışıb.
* * *
Sual: Əkrəm bəy, Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəyə görə, gələn il Azərbaycanda minimum əməkhaqqı 400, minimum pensiya məbləği 280, ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək. Sizcə, bu rəqəmlər real bazar qiymətlərinə adekvatdırmı?
Cavab: Azərbaycanda minimum əmək haqqı göstəricisi nəinki real tələbatı əks etdirmir, həm də ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun deyil.
Belə ki, Azərbaycan 1992-ci ildən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq pakta qoşulub. Həmin sənədin 7-ci bəndinə əsasən, hər kəsin qənaətbəxş yaşayışını təmin edən ədalətli əmək haqqı olmalıdır.
2004-cü ildən Avropa Sosial Xartiyasına qoşulmuşuq. Həmin sənədin 4-cü bəndinə görə, dövlətimizin işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanımaq öhdəliyi var.
Sosial hüquqlar üzrə Avropa Komitəsinin qənaətinə görə, işçinin və ailəsinin layiqli həyat səviyyəsini təmin edən əmək haqqı ölkə üzrə orta əmək haqqının ən azı 60 faizini təşkil etməlidir. Orta aylıq əmək haqqı hazırda 993 manatdır. Deməli, layiqli əmək haqqı, yəni minimum əmək haqqı 595,8 manat olmalıdır. Bizdə isə cəmi 345 manatdır. 400 manat olsa, yenə də azdır.
Analoji yanaşmanı pensiyaya da şamil edəndə, görürük ki, vəziyyət daha da dəhşətlidir: 285 manatla insan necə yaşasın? Əlbəttə ki, bu məbləğ insanın normal yaşaması üçün kifayət deyil.
Sual: Xüsusilə, pensiya məbləğini götürsək, bu məbləğ bir pensiyaçının aylıq tələbatının neçə faizini öhd edə bilər?
Cavab: Pensiyaçı, bir qayda olaraq, yaşını nəzərə alsaq, yaşlanmış, həm də müəyyən xəstəliklərə düçar olmuş insandır. 285 manatla sağlam insan yaşasa, xəstələnər (necə ki, vətəndaşlarımızın çoxu elə xəstədir). Pensiyaçıya belə pensiyanı vermək yadıma “Dədə Qorqud” filminin əvvəlini xatırladır. İki cavan gor qazır. Dədə Qorqud soruşur ki, kimin üçün qazırsız? Cavab verirlər ki, sənin üçün: “Gorun da hazırdır. Gəl gir”. Bizim pensiya məbləğləri də əslində pensiyaçıya mesajdır: tez öl, gir gora.
Sual: Niyə hökumət pensiyaçılarla belə davranır? 20 ildən çoxdur ki, demək olar hər il pensiya yaşı, pensiya həddi, pensiya üçün tələb olunan stajla bağlı yeni- yeni qərarlar qəbul edilir. Bu dəyişikliklərdə məqsəd nədir?
Cavab: Burada iki məsələ var: ümumi və xüsusi. Ümumi məsələ odur ki, Azərbaycanda kəskin sosial qütbləşmə var. Və bu əsnada zənginlərin vergi yükü kasıbların yükündən fərlənmir. Zənginlər, onların əmlakı yüksək vergilərlə yüklənsə, həmin vergilər hesabına kasıblara daha yuxarı məbləğli pensiya vermək olar. Lakin məmurlar bunu ona görə etmir ki, faktiki olaraq özlərinin və yaxınlarının vergi yükünü artırmış olacaqlar.
Xüsusi məsələ də məmur maraqları ilə bağlıdır. Bizdə pensiya məbləğləri ədalətsiz müəyyən olunub. Adamlar, məmurlar var ki, pensiyası bir neçə min manat təşkil edir. Adi insan isə, o cümlədən ömrü boyu işləmiş insan qəpik-quruş alır.
Məsələ ciddi islahatlar tələb edir.
Sual: Ölkədə pensiya alanların sayı sürətlə azalır. Ekspertlərin hesablamalarına görə, 64 və yuxarı yaşda olan ən azı 200 min nəfər insanın yaşa görə əmək pensiyası almaq hüququ olmayıb.Bu azalmada bu vaxta qədər edilmiş dəyişikliklərin nə qədər rolu var?
Cavab: Bəli, yaş həddinin artırılması burada əsas rol oynayır. Digər tərəfdən, ölkədə xeyli saxta pensiyaçı var idi, bu neqativ hal demək olar ki, tam aradan qaldırılıb. Bunun da sayəsində pensiyaçıların sayı azalıb.
Sual: Amma həm də Azərbaycanda pensiya yaşı çox deyilmi? BMT-nin Avropa üzrə İqtisadi Şurasının ən son hesabatında Azərbaycan 65 yaşda insanların gözlənilən orta ömür uzunluğuna görə 47 ölkə içərisində 36-cı yerdə qərarlaşıb.Bu statistikanı götürsək və müqayisə aparsaq, Azərbaycan üçün 65 yaş həddi çox deyilmi?
Cavab: Ümumən pensiya yaşının artırılması qlobal tendensiyadır. İnsanların ömrü uzandığı üçün pensiya fondlarının vəsaiti kifayət etmir. Yəni yaş məsələsi vəsaitə bağlı məsələdir. Mən 65 yaşda problem görmürəm: ondan da yüksək yaş həddi var bəzi ölkələrdə. Əsas pensiya məbləğinin özünün yüksək olmasıdır.
Sual: 2001-ci ildə 1-ci, 2014-cü ildə 2-ci pensiya islahatı konsepsiyasında və 2009-cu ildə isə sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramında ölkədə yığım pensiya elementinin və könüllü yığım komponentinin yaradılması, son 2 sənəddə isə qeyri-dövlət pensiya fondlarının formalaşdırılması nəzərdə tutulsa da, son 20 ildə bunların heç biri həyata keçirilməyib. Sizcə niyə?
Cavab: Bizdə adətən dövlət proqramları nəsə yazmaq naminə yazılır. Ona görə də həmin proqramlarda yazılanların azı 90%-i icrasız qalır, heç yada da düşmür. Hətta Prezidentin Fərman və Sərəncamlarının az qala yarısı icrasız qalır. Çünki yazanda real istəklə yazmırlar.
Konkret bu halda isə məsələ odur ki, bizdə hansısa sahəni özəl əllərə o halda verirlər ki, orada inhisar yaratmaq istəyi olsun. İstək yoxdur hələlik.
Sual: Niyə ölkədə qanunla olsa da, reallıqda müstəqil pensiya fondları yoxdur?
Cavab: Ölkədə özəl pensiya fondları olmayacaq. Yəni cəm halda olmayacaq. Bir fond olacaq uzaq başı. Yəni adətimiz üzrə inhisar olacaq. Kabinetlərdə bu layihəni həyata keçirməyə hazır olan kimi tezbazar qanunvericilik bazasını təsdiq edib həmin fondu yaradacaqlar. Başqa məsələ ki, bizə həqiqətən bu lazımdırmı? Lazım deyilsə, elə indiki kimi bu sahənin dövlətin əlində qalması yaxşıdır.
Sual: Pensiya islahatı necə aparılmalıdır ki, insanlar üçün əlçatan olsun və pensiyaçının ehtiyaclarına cavab versin?
Cavab: Ehtyacları tam qarşılamaq onsuz da alınmayacaq. Azərbaycan çox uzunmüddətli və dərin iqtisadi böhran astanasındadır. Asan neft pulları erası bitmək üzrədir. Buna görə də heç olmasa zənginlərdən yüksək vergilər tutmaq lazımdır ki, pensiya məbləğləri tam yetərli olmasa da, daha insaflı olsun..