Suriya lideri Bəşər Əsəd ərəb diktatorlarının "sonuncu mogikanı" idi. Amma dayaz, idealist olmayan bir despot sayılırdı. Onun üçün korrupsiya və tiranlıqdan başqa "dəyər" yoxuydu. Əsədlə müqayisədə Müəmmar Qəddafi idealist və döyüşkən idi. Ona görə də qaçmadı və sona qədər Liviyada qaldı, vəhşi və marginal qrupların əli ilə öldürüldü. Əsəd isə vətəninə bağlı biri deyildi, ideyaları yoxuydu və bu səbəbdən də 12 gün içərisində təslim olaraq sakitcə ölkədən qaçdı. O, müharibə cinayətləri törətməkdə ittiham edilərək Haaqa məhkəməsinin həbs orderi çıxardığı Putinə sığındı. Kreml sözçüsü Peskov necə demişdi - ona yalnız Rusiya sığınacaq verə bilərdi...
Bəli, Rusiya Əsədi Suriyada tək buraxdı, amma həyatda tək qoymadı. Ona görə də canını və ailəsini götürüb Moskvaya getdi, Kreml də, təbii ki, ərəb diktatora qucaq açdı. Hətta Tehrana getməyi də üstün tutmadı. Görünür, İran belə bir təkliflə çıxış etməyib, ya da Əsədin istəyi olmayıb. Hər şeyin belə ildırımsürətli olması isə göstərir ki, Əsədi müdafiə etmədilər. Suriyadakı rejimin iki qalxanı var idi - Rusiya ilə İran. Və 13 il məhz onlar Əsədə qahmar çıxmışdılar deyə onu devirmək mümkün olmamışdı. Bu dəfə isə onun üstündən əllərini çəkdilər, heç 2 həftə olmamış 60 illik bir rejim süqut etdi. Peskov isə deyir ki, dünya və biz təəccüb içindəyik, niyə belə sürətlə rejim əldən getdi. Hər halda, ya Rusiyanın Ukraynada qan itirməsi onun Suriyada döyüşməyə taqət qoymamışdı, ya Türkiyə ilə gizli anlaşma olmuşdu, Aralıq dənizindən ruslar çıxır, Donbasda möhkəmlənir, yaxud da həqiqətən Putin artıq strateji mövqelərini itirir. İranın da qolları budanıb - HƏMAS, Hizbullah darmadağındır, SEPAH Dəməşqdə zəiflədilib. Lakin ən çox bu hadisələrdə sövdələşmə hiss olunur. Əsəd rejimi bu qədər tezliklə çökməzdi. Üstəlik, üsyançı dəstələr az qüvvə ilə şəhərlərə girir, ordu müqavimət göstərmir, çox qan tökülmədən Hələb və digər ərazilər ələ keçirilir. Üstəgəl, bu dəfə zorakılıq azdır, silahlı müxalifət vəhşilik etmir, mülki əhali sevinclə qarşılayır, Türkiyə baş verənləri öz uğuru kimi piar edir, Ərdoğan Əsəd üzərində qələbə kimi dəyərləndirir. Deməli, Qarabağ, Liviya, indisə Suriyada Türkiyə-Rusiya razılaşması istisna deyil. Çünki Putin və Ərdoğan bir sıra konfliktləri koordinasiyalı həll etməyə çalışırlar. Təsadüfi deyil ki, Türkiyə lideri elə srağagün özünü və Putini iki ən böyük lider adlandırdı. Bundan sonra qalır Ukrayna münaqişəsi. İntəhası, burada daş qayaya rast gəlib. Çünki qlobal müharibədir. Əgər anqlosakslar olmasaydı, Ərdoğan və Putin çoxdan Ukraynada axan qanları dayandırmışdı. Beləliklə, Suriyanı qarşıda yeni böhran gözləyir. Lakin güc mərkəzləri konsensus əldə etsələr, bu ərəb ölkəsində tezliklə sabitlik bərqərar ola, hökumət qurula, silahlı üsyançılar bölgədən çıxarıla, Suriya sivil həyata qayıda bilər. İndi bu çətin görünür. Ölkədə PYD/YPG, Təhrir əş Şam, Azad Suriya ordusu və bir sıra marginal silahlı dəstələr var. Həmçinin, Hizbullah, İran, ABŞ, Rusiya, Türkiyə hərbi cəhətdən Suriyada müxtəlif mövqelərdə yerləşiblər. Odur ki, Əsəd Putinə sığınıb əzablarını qurtardı, Suriyanın əzabları isə hələ indi başlayır. Bu hadisədə ən maraqlı analogiya isə Rusiyadan hansı liderlərin mədəd ummasıdır. Tarixdə belə hallar azdır, amma Azərbaycan və Ukrayna üçün var. Eks-prezidentlər Ayaz Mütəllibov və Viktor Yanukoviç Əsəddən əvvəl Moskvaya gedərək sığınacaq almışdılar. Ərəb prezident üçüncü oldu. Görəsən, üzərində həbs orderi olan Putinin sığınacaqa ehtiyacı olacaqmı?
Azər Talıbov
Anaxeber.info