Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Avropa Zelenski ətrafında birləşir, Ukrayna ABŞ ilə danışıqlara hazırlaşır

7-03-2025, 12:07   


Rusiya ilə müharibənin dayandırılması istiqamətində Ukrayna və ABŞ-nin danışıqlara razılaşması fonunda Macarıstan istisna olmaqla Avropa liderləri Ukrayna lideri Volodimir Zelenskiyə dəstək ifadə ediblər.

Martın 6-da Brüsseldə keçirilən zirvə toplantısında çıxış edən Ukrayna prezidenti Zelenski ölkəsinə verilən dəstəyə görə sammitdə iştirak edən Avropa liderlərinə təşəkkür edib. Zelenski onlara çağırış edərək deyib ki, "tam və ədalətli nizamlanma, təhlükəsizlik zəmanətləri üzrə əhatəli bir saziş" ilə bağlı hər hansı danışıqlarda "rusların bizi aldatmamasına" əmin olmaq lazımdır.

"Ondan sonrakı addım danışıqların aparıldığı şəraitdə əsas etimadın qurulmasıdır... Əsirlərin azad edilməsi təməl etimadın yaradılmasında bir vasitə ola bilər", – o bildirib.

Zelenski Avropa liderlərini Ukraynaya qarşı hava və dəniz hücumlarını dayandırması üçün Kremlə təzyiq göstərməyə də çağırıb. O, bunun üç ildir davam edən müharibənin dayandırılması üçün etimadın qurulması və danışıqlarda irəliləyiş üçün vacib bir addım olduğunu deyib.

"Hər kəs əmin olmalıdır ki, Rusiya bu müharibənin yeganə mənbəyi kimi müharibəyə son qoymağın zəruriliyini qəbul etsin", - Zelenski əlavə edib.

O, görüşdən sonra sosial şəbəkədəki paylaşımında qeyd edib ki, gələn həftə Səudiyyə Ərəbistanına gedəcək. "Komandam amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq", - o əlavə edib.

Ağ evin xüsusi elçisi Stiv Uitkoff da ABŞ hökumətinin Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə görüş planlaşdırdığını təsdiqləyib. O, koordinasiya səylərinin hələ də davam etdiyini və danışıqların Ər-Riyad və ya Ciddədə keçirilə biləcəyini deyib.

"Amma düşünürəm ki, bizim üçün daha geniş müzakirələr... sülh razılaşmasının əldə olunmasıdır", - o, jurnalistlərə bildirib.

Parisdə və Londonda keçirilən fövqəladə toplantılardan sonra Brüsseldəki sammitdə əsas diqqət ABŞ-nin Ukraynaya yardımı dayandırması və Avropanın öz təhlükəsizliyində daha böyük rol oynaması barədə xəbərdarlığından sonra Aİ-nin müdafiə xərclərini artırması məsələlərinə yönəlib.

Sammitin açılış nitqini edən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen "Avropa açıq və real təhlükə ilə üz-üzədir, bu da onun özünü qoruya və müdafiə edə bilməsi zərurətini daha da artırır" deyə vurğulayıb.

"Avropa və Avropa ailəsinin bir hissəsi olan Ukrayna üçün həlledici məqamdır. Bu, Ukrayna üçün də dönüş nöqtəsidir", - o deyib.

Bir neçə saat davam edən müzakirələrdən sonra qəbul olunan yekun bəyanatda bildirilib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun Avropa və qlobal təhlükəsizliyə təsirləri "Avropa İttifaqı üçün mövcudluq təhdidi təşkil edir".

"Bu kontekstdə Avropa İttifaqı qurumun təhlükəsizliyini və vətəndaşlarımızın müdafiəsini gücləndirmək məqsədilə zəruri alətlərin və maliyyələşmənin hərəkətə keçirilməsini sürətləndirəcək", - deyə əlavə edilib.

Bəyanatda müdafiə xərcləri ilə bağlı büdcə çevikliyini təmin edən və silahlı qüvvələrini gücləndirmək üçün üzv ölkələrə Avropa İttifaqı tərəfindən dəstəklənən 150 milyard avro kreditlərin verilməsi ilə bağlı ifadələr yer alıb. Bu sənəd Macarıstan da daxil olmaqla Avropa İttifaqının bütün üzvləri (27 ölkə) tərəfindən təsdiqlənib.

Sammitdən əvvəl rəsmi Budapeşt Ukrayna ilə bağlı bəyanatı dəstəkləməyəcəyini elan etsə də, Aİ-nin müdafiə xərclərinin artırılmasını dəstəkləyəcəyini vurğulamışdı.

Brüsseldə Aİ sammiti ərəfəsində fəallar Avropa İttifaqı Şurasının binası qarşısında Ukraynaya dəstək üçün böyük banner açıblar.
Brüsseldə Aİ sammiti ərəfəsində fəallar Avropa İttifaqı Şurasının binası qarşısında Ukraynaya dəstək üçün böyük banner açıblar.
6 mart

ABŞ Ukraynaya yardımı dondurduğundan Avropa 800 milyardlıq plana hazırlaşır

Parisdə və Londonda keçirilən fövqəladə iclaslardan sonra Avropa liderləri bu gün – martın 6-da Brüsseldə "xüsusi sammit" üçün toplanır, burada müzakirə ediləcək mövzular arasında hərbi potensialın gücləndirilməsi planları da var. AzadlıqRadiosunun tanış olduğu nəticələr layihəsində hava müdafiəsinin, artilleriyanın və "dərin dəqiqlikli" zərbə qabiliyyətlərinin gücləndirilməsindən bəhs edilir.

"Avropa İttifaqı müdafiə sahəsində həqiqətən də yeni bir səhifə açacaq", - Avropa İttifaqının (Aİ) yüksəkrütbəli rəsmisi sammitdən əvvəl bildirib. O, bu məsələdə hamıdan "aydın bir istək" gördüklərini əlavə edib.

Sürətlə dəyişən diplomatik hadisələrə cavab olaraq fevralın 27-də Aİ bu sammitin keçiriləcəyini elan edib. Lakin o vaxtdan bəri Zelenski və Tramp arasında Oval kabinetdə baş verən mübahisə və ardından Vaşinqtonun Ukraynaya hərbi yardımın dayandırılması ilə vəziyyət dəyişib.

Ukrayna prezidenti Volodimir Zelenski də tədbirdə iştirak etməlidir, amma onun şəxsən və ya virtual formatda sammitə qoşulacağı hələ ki bəlli deyil.

Avropanı yenidən silahlandırmaq üçün plan nədir?

Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin 4 martda açıqladığı "REARM Europe" (Avropanın yenidən silahlandırılması) adlı planıdır. Bu plan Aİ-yə üzv dövlətlərin müdafiə sahəsinə xərcləməsi üçün 800 milyard avroya qədər vəsait ayrılmasını nəzərdə tutur. AzadlıqRadiosu tərəfindən görülən layihə sənədində bu plan alqışlanır və bu, 20-21 martda keçiriləcək növbəti iclasda müvafiq məsələ ilə bağlı daha ətraflı planların təsdiqlənməsi üçün zəmin yaradır.

Müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağın zəruriliyini vurğulayan mətn "Rusiya və Belarus tərəfindən yaradılan təhdidlərə qarşı" hərbi qabiliyyətləri artırmaq üçün Aİ səviyyəsində tədbirlərə çağırış edir.

Aİ liderləri həmçinin Avropa İnvestisiya Bankı tərəfindən müəyyən edilən yeni kredit qaydalarını alqışlayacaq. Yeni qaydalar kazarmalar və hərbi xəstəxanalar kimi layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırmağa imkan verəcək.

Sammitdən əvvəl Fon der Lyayenin planla bağlı məktubuna ümumilikdə müsbət reaksiya verilib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bunu "vacib ilk addım" olaraq qiymətləndirib, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə sosial mediada "İndi detalları hazırlamalıyıq" yazıb.

Bu, Avropa rəsmilərinin nikbin ritorikasına baxmayaraq, hələ də bir çox detalların müəyyən edilmədiyini və ümumi maliyyə planının nə dərəcədə real olduğu ilə bağlı sualların qaldığını göstərir.

Tənqidçilər hesab edirlər ki, Aİ yeni maliyyə mənbələri yaratmaq əvəzinə sadəcə mövcud büdcəni yenidən bölüşdürür.

Martın 4-də Brüsseldə Ursula Fon der Lyayen müdafiəni gücləndirmək planını təqdim edib.
Martın 4-də Brüsseldə Ursula Fon der Lyayen müdafiəni gücləndirmək planını təqdim edib.

Avropa ABŞ-nin köməyi olmadan özünü müdafiə edə bilərmi?

Plan Vaşinqtonun Ukraynaya hərbi yardımını dayandırdığını elan etdiyi bir vaxtda ortaya çıxıb. Bəzi ekspertlər bunu Avropanın ABŞ-nin təhlükəsizlik təminatı olmadan ən pis ssenariyə hazırlaşması kimi qiymətləndirir.

Lakin avropalı siyasətçilərin əksəriyyəti bu yanaşmanı rədd edir.

"ABŞ-dən vaz keçməməliyik", – deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski martın 4-də bildirib. Böyük Britaniyanın baş naziri Kir Starmer isə Londonda keçirilən konfransda jurnalistlərə açıqlamasında vurğulayıb: "ABŞ-nin etibarsız müttəfiq olduğunu qəbul etmirəm".

Lakin Avropa liderlərinin, ümumiyyətlə, belə açıqlamalar verməsi Vaşinqtonda qəbul edilən qərarların və bəyanatların onları nə qədər narahat etdiyini göstərir.

Sammit ərəfəsində isə Fransa prezidenti Emmanuel Makron əlavə şübhələr yaradıb.

Televiziya ilə xalqa müraciətində "Mən ABŞ-nin bizim tərəfimizdə qalacağına inanmaq istəyirəm" deyən Makron "Ancaq belə deyilsə, biz hazır olmalıyıq" əlavə edib.

Zelenski Trampla münasibətləri bərpa edə bilərmi?

"Xüsusilə də yeni ABŞ administrasiyasının mövqeyi nəzərə alınarsa, Ukraynadakı vəziyyət dəyişib", - yüksəkvəzifəli Aİ rəsmisi bildirib.

Avropa liderləri Ukrayna silahlı qüvvələrinə dəstək vermək üçün yardımın dondurulması nəticəsində yaranan boşluğu necə doldura biləcəklərini müzakirə edəcəklər. Lakin sammitdə bu mövzu ilə əlaqədar əhəmiyyətli yeni açıqlamaların verilməsi gözlənilmir.

Əsas diqqət ABŞ prezidenti Donald Tramp ilə Zelenski arasında yaranan gərginliyin aradan qaldırılmasına yönəlib və sammit ərəfəsində bu istiqamətdə müəyyən irəliləyiş müşahidə olunub. Tramp martın 4-də Konqresə müraciətində Zelenskinin onların Oval kabinetdə son görüşündən sonra ona məktub yazdığını deyib. Trampın sözlərinə görə, Zelenski danışıqlar masasına qayıtmağa hazır olduğunu söyləyib.

Donald Tramp və Volodimir Zelenski Vaşinqtonda Ağ evin Oval kabinetində.
Donald Tramp və Volodimir Zelenski Vaşinqtonda Ağ evin Oval kabinetində.

Ertəsi gün Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts "Fox News"a bildirib ki, əgər Ukrayna Vaşinqtona öz mineral sərvətlərinə çıxış imkanı verən bir razılaşma imzalasa, hərbi yardımın göndərilməsinə tətbiq olunan fasilə aradan qaldırıla bilər. Başqa bir ABŞ rəsmisi isə əlavə edib ki, razılaşmanın imzalanması hələ də mümkündür, çünki Zelenski Ağ evdəki qarşıdurmaya görə təəssüf hissi ifadə edib.

Ağ evin mətbuat katibi Karolin Levitt isə bildirib: "Milli Təhlükəsizlik Şurasının mənə bu barədə dediyi odur ki... onlar Ukraynaya maliyyə yardımı və bu yardımdakı fasiləni yenidən nəzərdən keçirirlər".

Həmçinin, martın 5-də Fransa hökumətinin sözçüsü jurnalistlərə deyib ki, prezident Makron Ukrayna prezidenti Zelenski və Britaniya baş naziri Kir Starmer ilə birgə Vaşinqtona səfər etməyi düşünür. Ancaq daha sonra fransalı başqa bir rəsmi açıqlama verərək bildirib ki, bu səfər üçün, hələlik, heç bir konkret plan yoxdur.

Ukrayna məsələsi xüsusi sammitdə Aİ-də birliyinin olmamasını da üzə çıxara bilər.

Martın 5-də xalqa televiziya ilə müraciətindən sonra prezident Makron sammit ərəfəsində Yelisey sarayında Macarıstan baş naziri Viktor Orban ilə şam edib. Makronun məqsədi Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələr qurmuş Macarıstan baş naziri Viktor Orbanı Ukraynanı dəstəkləyən bəyanata razı salmağa çalışmaqdır. Macarıstanın "REARM Europe" planını təsdiqləməsi, lakin Ukrayna ilə bağlı nəticələri qəbul etməməsi mümkündür.

Fransa dövlət başçısı televiziya çıxışında Rusiyanın Avropa üçün yaratdığı təhdidi görməməzlikdən gəlməyin "ağılsızlıq" olacağını vurğulayıb. Makron Avropanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə ölkənin nüvə çəkindirmək qabiliyyətinin Avropa ölkələri ilə bölüşülməsi təklifini müzakirə etməyə hazır olduğunu əlavə edib.

Ukraynaya kim ordu göndərə bilər?

Bu görüş əvvəlki fövqəladə toplantıların ardınca keçirilir. Ən sonuncu toplantı martın 2-də Londonda baş tutub. Həmin yığıncağın əsas nəticəsi Britaniya, Fransa və digər ölkələrin Ukrayna ilə birgə sülh planı üzərində işləyəcəyi və sonra bu planı Vaşinqtona təqdim edəcəkləri olub. Brüsseldə də bununla bağlı kənar müzakirələr ola bilər, amma "Brexit"dən (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) sonra bu, Aİ yığıncaqlarından kənarda müzakirə olunur.

Son danışıqların digər əsas məqamı atəşkəs və ya sülh razılaşmasının bir hissəsi kimi Ukraynaya yerləşdiriləcək Avropa hərbi qüvvələrinin formalaşdırılması planıdır.

İndiyə qədər Britaniya və Fransa ordu (sülhməramlılar) göndərməyə hazır olduqlarını bildirib. Baş nazir Starmer Londonda deyib ki, digər ölkələr də bu istiqamətdə addım atmağa hazırdır, lakin baş nazir onların adını çəkməyib.

Aİ-nin yüksəkrütbəli rəsmisi təsdiqləyib ki, üzv dövlətlər buna hazır olduqlarını bildiriblər, lakin "təfərrüatlara varmaq tezdir". Bununla belə, o, əlavə edib ki, "işə başlamaq lazımdır və bu Avropa İttifaqı Şurası (Aİ liderlərinin martın 6-da keçiriləcək xüsusi iclası) işə başlamaq üçün yaxşı məqamdır".

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və radionun Avropa üzrə redaktoru Rikard Yozvyak hazırlayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar