“Mənə deyirsən satılmısan. Cəbhəçiyəm ki, satılam? Bu dövlət üçün canımı qoymuşam. 3 övlad atası olarkən 38 yaşımda müharibəyə getmişəm. Sən neynəmisən, Əli Kərimli? Mən müharibə veteranıyam. Amma sən heç nəsən...”
AXCP-nin partladılan və sökülən məlum qərargahının sahibi Azər Əsgərovla partiya arasında başlayan qalmaqal səngimək bilmir. Mülk sahibi Əli Kərimlinin ünvanına növbəti ağır ittihamlar səsləndirib. O, “Yeni Müsavat”a deyib ki, AXCP sədri mülkü müqabilində gizli şəkildə dövlətdən 2 milyon manat pul alıb və buna görə də susur.
Azər Əsgərov “Yeni Müsavat”a açıqlamasında AXCP rəhbərliyi səviyyəsində dayanmadan təhqir olunduğunu və hədələndiyini bildirib: “Bir dəstə qaragüruhçu, tərbiyəsiz qrupun əlində qalmışam. Hər gün əxlaqsız söyüşlər eşidirəm. Hətta məni öldürəcəklərini bildirirlər. Natiq Ədilova yazdığım statusdan sonra, o, açıq şəkildə sosial şəbəkədə var-yoxuma söydü. Bunların əsl mahiyyətləri budur.
Xalq ona görə bunlara inanmır. Elə zənn edirlər ki, müxalifətçi olmaq dövlətçiliyə qarşı çıxmaqdır. Tam əminliklə deyirəm ki, AXCP hakimiyyətə gələrsə, Azərbaycan müstəqilliyini itirər. Bunların gözü xalqın mülkündədir. Faktiki olaraq deyirəm ki, Əli Kərimli bu dövlətdən pul alır. Partlayış müddətində ora gəlməməsi birbaşa bununla bağlıdır. Bir dəfə də olsun, mülkümün adını çəkməyib. Təəssüf ki, Cəmil Həsənli onun əlində oyuncağa çevrilib. O, Milli Şuranın bütün iclaslarını mülkümdə keçirib. Amma o da susdu. Bunların hamısı Əli Kərimlinin diqtəsi ilə işləyirlər. Məmməd İbrahim var. Gündə səviyyəsiz yazı yazır. ”Azadlıq" qəzeti susur.
Deyirlər ki, qəzetin borcu var. Bəs, o zaman Natiq Ədilovun Amerikaya səfərini nəyin hesabına təşkil edirlər? Sən yalançı, şərəfsiz adamsan, Əli Kərimli. Sənə dedim ki, yığışın mülkümü tikin, yenidən sizə qərargah kimi verim. Amma sən mülkümün üzərindən dövlətlə anlaşıb, mənə qarşı çıxdın. Sən xəyanətkarsan. Özünün sözün yoxdur. Özün səviyyəndə olan 5-10 nəfərlə məni təhqir etdirirsən. Kişiliyin çatsaydı, sözünü üzümə deyərdin. 20 ildir ki, xalqı aldatmaqla məşğulsan".
“Xədicə İsmayıl deyilən bir jurnalist var. Düşüb Əli Kərimlinin toruna. Özünü biabır etməklə məşğuldur”
Azər Əsgərov mülkünün dağıdılmasından Əli Kərimlinin xəbəri olduğunu və bununla bağlı ona səs yazısının göndərildiyini qeyd etdi: “ Mənə qarşı başladılan kampaniyanın birbaşa təşkilatçısısan. Sənin səs yazını mənə göstəriblər. O səs yazısında göstərilir ki, aldığın pulun müqabilində 3 gün qərargaha gəlmə. Cəbhəçiləri isə, mülk sökülərkən sakitləşdirmək tapşırığı almısan.
Neçə cəbhəçi mənə deyib ki, sənin mülkünü qorumaq üçün gəlirdik, ancaq rəhbərlik imkan vermədi. Mən bunları Nərimanov parkında Həsən Kərimova dedim. O, Əli Kərimliyə dediyi zaman boynuna almayıb. Amma məndə, Əli Kərimli, sənin barəndə elə faktlar var ki, zamanı gələndə cəmiyyətə sənin əsl simanı göstərəcəm. Xədicə İsmayıl deyilən bir jurnalist var. Düşüb Əli Kərimlinin toruna. Özünü biabır etməklə məşğuldur. İlk görüşümüzdə o, məndən müsahibə alarkən ”Azər bəy sən heç zaman pulunu ala bilməyəcəksən", dedi. Əfqan Muxtarlı da orada idi.
Mülk sahibi AXCP sədrinin onda səs yazısının olması barədə müdhiş faktlar açıqladı; Azər Əsgərov Əli Kərimlini debata çağırdı; “Zamanı gələndə cəmiyyətə sənin əsl simanı göstərəcəyəm...”
Qısa müsahibədən sonra bir daha Xədicə adlı adam görmədim. Amma söz vermişdi ki, səni daim diqqətdə saxlayacağıq. O da Əli Kərimlinin diqtəsi ilə işləyir. Mənə çatacaq kompensasiyanı Əli Kərimli alıb, xərcləməklə məşğuldur. Mülkümə görə, Əli Kərimli 2 milyon pul alıb. O, mənə, cəbhəçilərə qarşı düşmənçilik və xəyanət edib. Ona inananlara xəyanət edir. Əli Kərimli pula görə sən Azərbaycanı, hər şeyini satarsan. Sən qrant alan adamsan. Qrant aldığın dövlətlərin qarşısında qulsan. Hakimiyyətə gəlsən millətin evi yıxıldı".
Azər Əsgərov AXCP sədrini debata çağırdı: “Əli Kərimli, əgər kişisənsə, gəl bir televiziyada debata çıxaq. Sözlərimi üzünə deyərəm. Sənin kimi arxadan iş görmərəm. Sən mənimlə debata gələ bilməzsən. Çünki satqınsan. Mənə qarşı söyüşləri sən söydürürsən. Məhkəmənin mənə verəcəyi puldan qat-qat artıq pul almısan. Sən mənə mənəvi dayaq olmalı idin. Amma nakişilik etdin. Özün daxil olmaqla, satılmışlar dəstəsinin sədrisən. Mənə deyirsən, satılmısan. Cəbhəçiyəm ki, satılam? Bu dövlət üçün canımı qoymuşam. 3 övlad atası olarkən 38 yaşımda müharibəyə getmişəm. Sən neynəmisən Əli Kərimli? Mən müharibə veteranıyam. Amma sən heç nəsən. Qarşımda başıaşağı olan müxalifət lideri heç zaman hakimiyyətə gələ bilməz. Çünki mənim kimi minlərlə insanın qarşısında gözü kölgəlidir”.
Xatırladaq ki, 1997-ci ildən Türkiyədə yaşayan və sahibkarlıqla məşğul olan Azər Əsgərov mülkünü AXCP-yə kirayə vermişdi. Bir neçə aydan sonra baş verən məlum partlayış nəticəsində mülk sökülüb, sahibinə isə bu günə qədər heç bir kompensasiya ödənilməyib.