Roma Papası Türkiyədən Azərbaycana “atəş açdı”Roma Papası Fransiskin üç günlük Türkiyə səfəri başa çatdı. O, noyabrın 30-da axşam saatlarında İstanbuldan vətəninə yola düşüb. Amma səfər başa çatsa da bu vizitlə bağlı şərhlər, Türkiyədə verilən mesajların pərdəarxası və digər maraqlı məqamlar hələ uzun müddət dünya mətbuatının araşdırma mövzusu olacaq. Vatikan rəhbərinin Türkiyə səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar içərisində isə Azərbaycan insanının marağını daha çox çəkən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının vacibliyinə dair çağırışlar oldu.
Savash.org xatırladır ki, Roma Papası Türkiyə-Ermənistan sərhədlərindən danışdı, bununla da, problemə yeni çalarlar əlavə etdi və əslində bu siyasətin alt qatında nəzərdə tutulan hansısa dəyişikliklərin anonsu idi. Unutmayaq ki, Roma Papası təkcə dini görəv olmayıb, bu post həm də dünya siyasətinə hər zaman təsiri ilə seçilən böyük qüvvə kimi nəzərdən keçirilməlidir. Elə bu baxımdan da Papanın Türkiyədəki açıqlamasını təsadüfi bəyanat kimi nəzərdən keçirmək sadəlöhvlük olardı.
Qeyd edək ki, Papa bu çağırışı ilə Türkiyəyə qarşı, Ermənistanın yanında yer aldığını rəsmiləşdirdi. Digər tərəfdən isə bəyanata veriləcək reaksiya Türkiyənin Ermənistan siyasətində açıqlanmayan “yol xəritəsi”nin konturlarını cızmağa əsas verəcək. Verilən bəyanat katolik kilsəsinin Türkiyə-Ermənistan münasibətlərinə faktiki müdaxiləsidir.
Amma mahiyyət Roma Papasının hansısa dünyəvi problemin həllinə çağırışında deyil, çağırışın birtərəfli olmasındadır. Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqlarının işğalı ilə yanaşı, həm də özünə qarşı yönələn qondarma “soyqırımı” tələblərinə görə bağlayıb. Papanın bu çağırışı Azərbaycanı da bir qırağa qoysaq, Türkiyənin milli mənafeləri ilə daban-dabana ziddir. Çünki katolik kilsəsinin rəhbəri faktiki olaraq türklərin 1915-ci ildə ermənilərə qarşı soyqırımı törətdiyi “gerçəyindən” çıxış edir və sərhədlərin açılmasını tələbini irəli sürməklə, Türkiyənin mövqeyini qəbul etmədiyini nümayiş etdirir.
Digər birtərəfli yanaşma kilsənin 1915-ci il hadisələrinə münasibəti ilə bağlıdır. Vatikan “soyqırımı” tanıyan ölkə kimi “bu hadisələrə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir” prinsipinin üzərindən qalın bir xətt çəkib və məsələdə Ermənistanın yanında yer alıb. Bir vacib məqam da unudulmamalıdır. I Fransiskin bəyanatında səmimi notlar yox səviyyəsindədir. Ən azından Roma Papasının “erməni soyqırımı”na münasibəti o zaman səmimi qəbul edilərdi ki, o, Xocalı soyqırımına, Srebrenitsa soyqırımına da eyni münasibəti bəsləsin. Eyni zamanda Papanın sözləri o zaman səmimi olardı ki, o, Türkiyə-Ermənistan sərhədlərinin açılması çağırışından əvvəl sərhədlərin bağlanmasının əsas səbəblərini də açıqlayardı ki, biz bunun da şahidi olmadıq.
Məsələnin ən diqqət çəkən tərəflərindən biri isə Papanın bu çağırışına Türkiyənin nə rəsmi, nə də qeyri rəsmi cavabı verməməsidir. Görünən odur ki, Ərdoğan Türkiyəsi hətta papanın bu bəyanatına qədər də Ermənistanla sərhədlərin açılması məsələsində qeyri rəsmi şəkildə anlaşıb. Bunun isə Türkiyə daxilində ciddi etirazlarla qarşılanacağı inandırıcı görünmür. Hər halda sərhədləri açmaqla Ermənistanın timsalında xristian Qərbilə münasibətlərini tarazlamağı düşünən Türkiyə əslində prosesdən uduşlu çıxacağını düşünür. Söhbət həm də siyasi çıxarlardan yox, iqtisadi mənfəətlərdən gedir.
Belədə isə prosesin yeganə uduzan tərəfi Azərbaycan olacaq. Məhz elə bu baxımdan da Papanın Türkiyədə səsləndirdiyi “Ermənistana sərhədlər açılmalıdır” tələbi Azərbaycana “açılmış atəş” kimi qiymətləndirilə bilər.