Politoloq Ərəstun Oruclu: “Azərbaycan hakimiyyəti istəmir Ukraynanın vəziyyətinə düşsün”; “Bu gün Qərb-Rusiya qarşıdurması fonunda seçim eləmək çox risklidir”
“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a geniş müsahibə verib. Onunla müsahibənin üçüncü-sonuncu hissəsini təqdim edirik.
(əvvəli ötən sayımızda)
- Bizim nümunəmizdə sırf media fəaliyyəti ilə məşğul olan bir qəzeti hədəfə götürməyi doğru sayırsınızmı?
- Xeyr. Nəinki sizin qəzeti, ümumiyyətlə, sırf media fəaliyyəti ilə məşğul olan heç bir mətbu orqanı hədəfə götürmək olmaz. Uzağı bir dəfə qeyd etmək olar ki, filan qəzet filan şeyi səhv yazıb, düzü isə belədir. Bununla da məsələ bitməlidir. Qəzetə qarşı ardıcıl hücum isə siyasi qüvvənin əsas hədəfindən yayınıb konsepti dəyişməsi deməkdir. Müsahibənin başlanğıcında marginallaşmadan danışdım. Marginallaşma həm də bu cür davranışların nəticəsində baş verir. Daha ciddi məsələlər qoyulur kənara, xırda bir məsələdən tutulur və başlanılır onu çeynəməyə. Bu tip fəaliyyətlə məşğul olanlar anlamırlar ki, bu onların özünü dəyərdən salır. Nə qədər eyni şeyi demək olar, nə qədər eyni şeyi yazmaq olar? Axı insanlar bunu yazanlardan, deyənlərdən yorulur. İnsanlar başqa şeylər gözləyir, bu qüvvələr isə marginallaşma yolunu seçirlər. Birdəfəlik bilmək lazımdır ki, hər bir media orqanının oxucu auditoriyası qazanmaq taktikası olur.
- Həbsdə xəstə dustaqlar var. Allah eləməsin, onların başına bir iş gəlsə, Azərbaycan hakimiyyətini “Maqnitski sanskiyası” gözləyə bilərmi?
- Birmənalı olaraq gözləyər.
- Rusiyadan fərqli olaraq sanki Azərbaycan hakimiyyətini Qərbdə çox qüdrətli və görünməz əllər qoruyur. Bu belədirmi? Belədirsə, kimdir onlar? Belə qorumanın olması Azərbaycan hakimiyyətinin daha aqressiv olmasını stimullaşdırmırmı?
- Aqressiyanın səbəbi təkcə arxayınlıq yox, həm də uğursuzluqdur. Düşünmürəm ki, Azərbaycan hakimiyyətinin aqressiyasının artması onun uğurundan qaynaqlanır. Əslində arxada uğursuzluq var. Rusiya üstümüzə gəlir...
- Azərbaycan olaraqmı üstümüzə gəlir, yoxsa hakimiyyətin üstünə gəlir?
- Azərbaycan olaraq hakimiyyətin üstünə gəlir. Çox təəssüf ki, bu gün yenə rusiyapərəstlik notları artır. Bu, Azərbaycan cəmiyyətində görünür. Maraqlı bir araşdırma üzərində işləyirəm. Harvard Universitetindən bir araşdırma mərkəzi xahiş edib. Son iki yüz il ərzində Cənubi Qafqaz bölgəsində əhali tərkibinin dəyişməsi və bunun bölgədəki mədəni, ictimai-siyasi, iqtisadi duruma təsiri mövzusunda geniş həcmli bir işdir. İstisna eləmirəm ki, bu, mənim doktorluq dissertasiyamın mövzusu ola bilər. Gəlin baxaq görək 200 ildə Rusiya bizə nə verib? Rusiya bizim torpaqlarımızda bizə düşmən kimi baxan Ermənistan dövlətini yaradıb, Rusiya bizə Qarabağ problemini verib, Rusiya bizə üç dəfə əlifba dəyişməyi verib, millətin adının dəyişməsini verib. Biz ondan ayrı nə gözləyirik?!
- Bundan sonra daha nə verə bilər?
- Sadəcə olaraq, bizi millət kimi, dövlət kimi məhv edə bilər. Rusiyadan bundan artığını gözləmirəm. Belə vəziyyətdə cəmiyyətdə rusiyapərəstliyin müşahidə olunması təəssüf yaradır.
- Azərbaycan iqtidarının aqressiyasının artmasının kökündə Rusiya amili də varmı?
- Rusiya amili də, Qərb amili də var. Çünki Qərbin də öz tələbləri var.
- Niyə Azərbaycan iqtidarı hər hansı birini açıq şəkildə seçmir?
“Hakimiyyət çalışır ki, bu şəraitdə balans saxlasın. Nə oraya, nə buraya inteqrasiya olmasın. Çünki inteqrasiya həmişə müəyyən çətinliklər yaradır”
- Birinci, obyektiv səbəbdən eləmir. Azərbaycan hakimiyyəti istəmir Ukraynanın vəziyyətinə düşsün. Bu obyektiv səbəbdir. Heç kim təminat verə bilməz ki, açıq seçim edilsə, bu olmayacaq. Dəfələrlə Moskvadan Azərbaycanın ünvanına hədələr səslənib. Hökmən deyil ki, dövlət rəsmilərinin dili ilə olsun. Hakimiyyətin sözünü deyən ekspertlərin dili ilə hədələr səslənir. Bu gün Qərb-Rusiya qarşıdurması fonunda seçim eləmək çox risklidir. Hərçənd mən həmişə seçim eləmək tərəfdarı olmuşam. Seçim edilmədiyi üçün hər tərəfdən Azərbaycanın, hakimiyyətin üstünə gəlirlər. Hakimiyyət çalışır ki, bu şəraitdə balans saxlasın.
Nə oraya, nə buraya inteqrasiya olmasın. Çünki inteqrasiya həmişə müəyyən çətinliklər yaradır. Subyektiv tərəf isə odur ki, hakimiyyət çalışır ölkəyə, bütün proseslərə, resurslara tam nəzarəti əlində saxlasın. İndiki zamanda isə bu, mümkün deyil, dünya qloballaşır. Hələ 2010-cu ildə deyirdik ki, yeni dünya düzəni formalaşır. Beş il əvvəl kiməsə desəydiniz ABŞ-la İsrailin münasibətləri o dərəcədə dəyişə bilər ki, İsrail Rusiya ilə müttəfiq olacaq, sizə gülərdilər.
O zaman mümkün görünməyən artıq baş verir. İsrail mətbuatında çox ciddi anti-Amerika ovqatı var. ABŞ siyasi çevrələrində isə İsrailin ünvanına çox kəskin ittihamlar var. Hələlik münasibətlər ciddi ayrılma nöqtəsinə gəlib çatmayıb. Ancaq istər-istəməz, münasibətlərdə ciddi çatlar əmələ gəlib. Digər ölkələrin timsalında da nümunələr göstərmək olar. Yeni dünya düzəni deyilən prosesə artıq start verilib. Bu, zərurətdəndir. Alternativ enerji faktorunun əhəmiyyəti artırılır. Ən geci beş ilə alternativ enerji sahəsində çox ciddi, sensasion yeniliklər olacaq...
- Yəni neftə gərək olmayacaq?
- Ehtiyac azalacaq. İndiyə qədər neftlə, qazla bağlı siyasəti həyata keçirəndə bunun çox ciddi politoloji, geosiyasi təhlili olmalı idi. Nə Rusiyada, nə Azərbaycanda bu işlənməyib. Amerikalılar elan elədilər ki, 2020-ci ildə şist qazı, şist nefti gəlir gündəmə, 2020-ci ildə ABŞ dünyanın ən böyük neft-qaz istehsalçısı, ixracatçısı olacaq. Bu gün isə artıq 2017-ci il səsləndirilir. Sabah mən eşitsəm ki, bu, 2015-ci ildə olacaq, təəccüblənmərəm...
- Bəs əslində nə vaxt olacaq?
- Böyük ehtimalla 2015-ci ildə. ABŞ-da şist neftinin hasilatı ola bilsin ki, yüksək həddə çatacaq.
- Bu, dünyaya, Azərbaycan kimi neft, qaz ixracatçısı olan ölkələrə necə təsir edə bilər?
- Təsiri indidən görünür. Bazar hazırlanır.
- Azərbaycan neftinin qiymətinin daha da aşağı düşməsi Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
- Bəli.
- Bu qədərmi neft amili siyasətdə önəmlidir?
- Tam asılıdır. Bir ölkənin ki ixracatının 92 faizi neftdən asılıdır, başqa cür ola da bilməz. Amma hakimiyyətin burada çıxış yolu var. Təcili islahatlara getmək lazımdır. İqtisadiyyatı liberallaşdırmaq, monopolyadan imtina etmək lazımdır.
- İctimai Palata dövründə hazırlanmış və hakimiyyətə təklif olunmuş “Yol xəritəsi” yenidənmi aktuallaşır?
“İqtidarın mütəşəkkil opponent düşərgəsi yoxdur. Çox böyük ehtimalla belə getsə, olmayacaq. Amma beynəlxalq basqılar artır və artacaq. Bu fonda ola bilər ki, hakimiyyət həqiqətən də siyasətində hansısa dəyişikliklər eləsin”
- Əlbəttə. İctimai Palatanın hazırladığı “Yol xəritəsi” çox obyektiv sənəd idi. Səbəbi çox sadədir. Onu hazırlayan insanların şəxsi iqtisadi marağı yox idi. Belə olanda insanlar obyektivlik sərgiləyir. Azərbaycanda təcili şəkildə islahatlara başlanmalı, iqtisadiyyat liberallaşdırılmalıdır. Rusiyada sürətlə iqtisadi böhran yetişir. Əmək miqrantı olan azərbaycanlıların böyük bir hissəsi orada qazandığı pulun bir hissəsini valyutaya çevirib Azərbaycana ailəsinə göndərir. Azərbaycanda xeyli sayda ailələr var ki, çörək gətirəni Rusiyadadır. Rublun dəyərdən düşməsi nəticəsində Azərbaycana göndərilən məbləğ təxminən iki dəfə aşağı düşdü. Rusiya belə vəziyyətdə miqrant bazarını liberallaşdırmaqla ölkəyə daha ucuz işçi qüvvəsini cəlb edir. Rusiyaya daha ucuz işçi qüvvəsinin axını olacaq. Orada yaşayan və nisbətən oturuşmuş miqrantlar rəqabət nəticəsində sıxışdırılıb çıxarılacaqlar və qayıdacaqlar öz ölkələrinə. Bu, çox böyük destabilizasiya faktorudur. Buna polisi hazırlamaq lazım deyil. İqtisadiyyatı, bazarı hazırlamaq lazımdır ki, o insanlar bura gələndə normal iqtisadi fəaliyyətlə məşğul ola bilsinlər.
- Bir sıra ekspertlər deyir ki, Azərbaycan iqtidarı yuxarıdan açılıma-ağ inqilaba hazırlaşır. Məsələn, tanınmış siyasi ekspert Mehman Əliyev bu barədə konkret tarix də göstərib. Siz də deyirsiniz ki, hakimiyyətin başqa çıxış yolu yoxdur, mütləq islahatlara getməlidir. İslahatların olacağını, açılımın olacağını gözləyirsinizmi?
- Həmin ekspertlərin dəyərləndirmələri ilə mənim dəyərləndirmələrim arasında müəyyən əlaqə var. Mehman bəy həddindən artıq optimistdir. Mən o dərəcədə optimist deyiləm. Mən “mütləq olacaq” demirəm. Olacağı ehtimalı çox aşağıdır.
- Yoxdurmu hakimiyyətin Qərbdən olan məsləhətçiləri? Təhlil vermirlərmi?
- Azərbaycanda hakimiyyət ekspert məsləhətlərinə önəm vermir. Bax, məsələn, mənim də daxil olduğum ekspert qrupumuz var. Qərbdə bizim sözümüz daha çox eşidilir, nəinki Azərbaycanda. Mən avqust ayının əvvəllərində Vaşinqtonda oldum. Elə çevrələr situasiya ilə bağlı dinləmələrə məni dəvət elədilər ki, mən fikirləşdim bunlar Azərbaycandan olan bir eksperti dinləməyə vaxt ayırırlar, bizim ölkəmizdə isə səsimizi eşidən yoxdur.
- Bəlkə siz özünüz də istəmirsiniz?
- Mənim fəaliyyətim açıq fəaliyyətdir. Adicə öz facebook profilimdə elə şeylər yazıram ki, bəlkə də onun üstündə qan düşə bilər.
- Bundan sonra hətta gözləyirsiniz ki, sizi çağırıb dinləsinlər?
- Yox. Gözləmirəm. Elə yazdıqlarımı oxusunlar, kifayət eləyəcəkdir. Kəskinliyi qoysunlar bir kənara, baxsınlar ki, xətt nədən ibarətdir.
- Aslan İsmayılov kimi Ramiz Mehdiyevə açıq məktub yazmaq istəmirsiniz?
- Xeyr. Mən heç kəsə açıq məktub yazmaq fikrində deyiləm. Buna ehtiyac da duymuram. Mən hesab edirəm ki, açıq məktub yazmaq, bu kimi şeylər daha çox piar xarakteri daşıyır. Piara isə ehtiyacım yoxdur. Öz fikirlərimizi ictimaiyyətlə bölüşməklə yetərincə piar aparıram.
- Əgər təklifinizi rəsmi irəli sürməyinizə hakimiyyətin minimum da olsa hansısa müsbət addım atacağını gözləyirsinizsə, bunu niyə etmirsiniz?
- Konsepsiya hazırlamaq böyük bir işdir. Buna o zaman getmək olar ki, həmin konsepsiyaya tələbat, ehtiyac olsun. Mən şəxsən həmişə bu tip sənədin üzərində təmənnasız işləməyə hazıram. Lakin təəssüf ki, buna ehtiyac yoxdur. Halbuki daxili ekspert potensialı ölkə üçün daha önəmlidir. Çünki bu ölkənin içində oturan bizik. Reallığı bizdən yaxşı heç kim bilmir.
- O biri ölkələrdə necədir, öz potensiallarından, yoxsa kənar ekspertlərdən istifadə olunur?
- Əsasən ölkələrdə daxili potensialdan istifadə edilir. Xarici siyasətdə isə daha çox xarici ekspertlərin potensialından yararlanırlar. ABŞ-da belədir. Ölkənin daxili, o cümlədən strateji məsələləri ilə bağlı təkcə rəsmilərin yox, ekspertlərin təhlilləri, proqnozları da diqqətə alınmalıdır. Bəlkə mənim fikrim bir az sensasion səslənəcək, bizim qaz layihələrinin uğursuzluğa düçar olmaq ehtimalı çox yüksəkdir...
“Hər hansı bir qəzetə qarşı ardıcıl hücum siyasi qüvvənin əsas hədəfindən yayınıb konsepti dəyişməsi deməkdir”
- Niyə? Əksinə, Azərbaycan hökuməti sanki artıq stavkanı qaza qoyur.
- Dünyanın energetik mənzərəsinə baxmaq lazımdır. Onda görəcəyik ki, biz doğrudanmı ciddi şəkildə lazımıq, yoxsa lazım deyilik. Yuxarıda dünya enerji siyasətində yeni tendensiyalara toxunduq. Hər bir iqtisadi, enerji projesinin geosiyasi aspektləri hökmən nəzərə alınmalıdır. Bunun üçün güclü bir ekspert zümrəsi olmalıdır ki, bu istiqamətləri işləsin. Ümumi energetik mənzərə sürətlə dəyişir. Dediyim kimi, neft-qaz ixracatçısı olaraq ABŞ dünya bazarına daxil olmağa hazırlaşır. Bazara böyük oyunçunun yeni keyfiyyətdə daxil olması çox şeyə təsir edəcək. İranın da bu bazara böyük miqyasda daxil olması gözlənilir. İran prezidenti elan etdi ki, İran Avropanın enerji təhlükəsizliyində iştirak etməyə hazırdır. Dünyanın enerji mənzərəsi əsaslı şəkildə dəyişir.
- Azərbaycanda siyasi faktora əsaslı şəkildə təsir göstərən enerji amilinin bu vəziyyətdə olması ilə bir vaxtda parlament seçkiləri yaxınlaşır. 2015-ci il parlament seçkilərində dəyişiklik ola bilərmi? Vəziyyət başqa cür cərəyan edə bilərmi? Demokratik düşərgə dirçəlmə, toparlanma kimi şans əldə eləyə bilərmi?
- 2015-ci ili təkcə enerji amili ilə əlaqələndirməyək. 2015-ci il Azərbaycanda ilk Avropa Oyunları ilidir. Bu özü də bir ciddi amildir. Bu məsələyə dövlətin, hakimiyyətin reputasiyası da qoyulub. Baxaq görək bu necə alınacaq...
- Siz necə alınmasını istəyirsiniz?
- Səmimi deyim ki, çətindir mənə bu suala cavab vermək. Təbii ki, mən maraqlıyam dövlətimin dünyada nüfuzu artsın. Digər tərəfdən, hakimiyyətin siyasəti ilə razı olmayan şəxs kimi mən başa düşürəm ki, hakimiyyət bundan şəxsi marağı üçün istifadə edəcək. Hər halda, mən birincinin olmasını istəyirəm. Məncə, alınsa, pis olmaz.
Parlament seçkilərinə gəlincə, seçkilər neftin qiymətinin düşməsinin gətirdiyi çətinliklər fonunda, büdcə kəsirinin artması, ciddi bahalaşma fonunda, Avropa Oyunlarının təsiri fonunda keçiriləcək. Bu gün baxanda deyilə bilər ki, seçki ili gərgin görünmür. Çünki qeyd olunan məsələlərin fonunda hakimiyyətin mütəşəkkil opponent düşərgəsi yoxdur. Çox böyük ehtimalla belə getsə, olmayacaq. Amma beynəlxalq basqılar artır və artacaq. Bu fonda ola bilər ki, hakimiyyət həqiqətən də siyasətində hansısa dəyişikliklər eləsin. Tutalım ki, bugünkü parlament hazırkı heyətdə gələn il də təyin olunacaqsa, bu, Azərbaycan üçün hər şeydən ən böyük uğursuzluq olacaq. Parlamentdə heç olmasa parlamentin üçdə biri qədər yeni nəfəs, yeni ruh olması çox vacibdir. Bax, gələcək üçün bundan çox şey asılıdır. Olacağına isə tam əmin deyiləm. Çünki hakimiyyətin içi çox ziddiyyətlidir.
- Bəs müxalifətə gələn il üçün proqnozunuz necədir?
- Bu, hakimiyyətdən asılıdır. Əgər hakimiyyət marta qədər siyasi məhbusları azad edəcəksə, müxalifət ola bilsin seçkiyə hazırlığa başlasın. Azad eləməyəcəksə, müxalifətin hüquq müdafiəçiliyi fəaliyyəti davam edəcək.