Neft 40 dollara düşsə, dünyada kəskin dəyişikliklər olacaq
Neftin sürətlə ucuzlaşması 2008-ci ildə başlamış böyük maliyyə böhranından sonra ən ciddi iqtisadi problemdir. Yaranmış vəziyyət təxminən 30 il əvvəl mövcud olmuş böhran dövrünü xatırladır. Xatırladaq ki, o zaman dünya bazarında neftin kəskin ucuzlaşmasının başlıca nəticələrindən biri Sovet Ittifaqının dağılması oldu.
Nəzərə almaq lazımdır ki, Rusiya indiki vəziyyətində Sovet Ittifaqı kimi əsas etibarilə neftdən asılıdır. Məlumat üçün bildirək ki, Rusiyanın ixracının 68 faizi neftin və qazın payına düşür. Rusiya büdcəsinin gəlirlərinin yarısı məhz bu məhbusun satışı hesabına formalaşır.
Ukraynadakı hadisələrə görə Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalardan qorunmaq üçün Rusiyaya enerji daşıyıcılarının satışı kömək edə bilərdi. Neftin qiymətinin sürətlə ucuzlaşması Rusiyanı bu imkandan da məhrum edir.
Beynəlxalq münasibətlər üzrə Kral Institutunun professoru Pol Stivens Amerikanın “Bloomberg” agentliyinə deyib ki, neftin qiyməti 40 dollara düşsə belə, ABŞ-da şist nefti hasil edənlər yenə gəlir əldə edə biləcəklər.
“Bloomberg” yazır ki, başlıca gəliri neftdən olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər bu məhsulun qiymətinin kəskin ucuzlaşmasına dözə bilər. Iran, Iraq, Nigeriya, Venesuela, Anqola, Əlcəzair kimi ölkələr üçün vəziyyətin ağır olacağını proqnozlaşdırmaq heç də çətin deyil.