İqtidar məşhur jurnalistlə bağlı son qərarını verdi
Jurnalist AzadlıqRadiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib; Səbayel Rayon Məhkəməsində onun barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib; vəkili isə X.İsmayılın siyasi səbəblərə görə həbs edildiyini deyib
AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Belə ki, günorta saatlarında Baş Prokurorluq jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda təqdimata Səbayel Rayon Məhkəməsində baxılacağı vurğulanıb. Bundan sonra Xədicə İsmayıl məhkəməyə aparılıb.
O da bildirilib ki, X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağırılıb. Bu il oktyabrın 21-də Milli Park ərazisində 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədilə el arasında “siçan dərmanı” adlandırılan və tərkibi sink-fosfitdən ibarət olan zəhərli preparat qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İntihara cəhd göstərən T.Mustafayev istintaqa bildirib ki, onu buna Xədicə İsmayıl sövq edib. Belə ki, o zaman AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olan X.İsmayıl T.Mustafayevi işdən çıxarıbmış. Sözügedən məhkəmə isə əvvəlcə vəkilin iştirakı olmadan davam edib, daha sonra vəkil də iştirak edə bilib.
Məhkəmədə prokuror 3 ay həbs istəyib. Məhkəmə heyəti müşavirəyə gedib və bir neçə saatlıq fasilədən sonra qərar açıqlanıb. Məhkəmə prokurorluğun təqdimatına baxıb və X.İsmayıl barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Vəkil Elton Quliyev APA-ya bildirib ki, X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Vəkil həbsin siyasi motivləri olduğunu deyib.
Araşdırmaçı jurnalistin həbsinə münasibət isə birmənalı olmayıb. İlk olaraq Müsavat Partiyası bəyanat yayaraq həbsi pisləyib.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə musavat.com-a açıqlama verərək qeyd edib ki, X.İsmayılın həbsinin detallarından xəbərsizdir. Bununla belə, qurum hadisəni diqqətdə saxlayacaq. “Biz diqqətlə saxlayacağıq. Müvafiq qurumlara müraciət edib məsələ ilə bağlı açıqlama istəyəcəyik. İndiki şəraitdə bir şey söyləmək olmaz. Biz işin obyektiv araşdırılmasını istəyəcəyik. Xədicə İsmayılın həbsi diqqətimizdə olacaq” deyə o bildirib.
MŞ İdarə Heyətinin üzvü Azər Həsrət isə qeyd edib ki, X.İsmayılın həbsinin səbəblərinin aydınlaşacağını gözləyir və bu həbsdən narahat deyil: “Xədicə İsmayılın bir qədər ziddiyyətli jurnalist fəaliyyəti olsa da, tanınan jurnalistlər sırasındadır. Həbsi ilə bağlı xüsusi əndişə duymuram. Müəyyən şübhələr var hüquq-mühafizə orqanlarında. Məsələ tam araşdırılmadıqca, hüquq-mühafizə orqanlarının işinə kölgə salmaq istəməzdim. Ümid edirəm ki, Xədicə İsmayılla bağlı bütün şübhələr hüquqi müstəvidə, qanun çərçivəsində araşdırılacaq. Görəsən, doğrudanmı o, sırf jurnalist fəaliyyəti ilə məşğuldur, yoxsa doğrudanmı qanunsuz əməllərə bulaşıb və hüquq-mühafizə orqanlarının əlində də bununla bağlı əsaslı şübhələr var? Araşdırma aparılmasının əleyhinə deyiləm. Ancaq bir jurnalistin bu cür hallarla üzləşməsi də xoşbəxt edən hallar deyil”.
Media Hüquqları İnstitutunun eksperti Xalid Ağaliyev isə dedi ki, X.İsmayılın həbsi narahatlıq və təəssüf doğurur: “Bir jurnalistin, özü də çox tanınmış, sərt tənqidçi jurnalistin həbsi təbii ki, ilk növbədə narahatlıq doğurur. Xədicə İsmayıl Azərbaycanın ən tanınmış jurnalistlərindən biridir. Təkcə Azərbaycanda deyil, daha geniş arealda səs-küy yaradan, hökumət nümayəndələrinin qınağı ilə qarşılanan jurnalist araşdırmalarının müəllifidir. O, həm də son zamanlar, ictimai fəaliyyətlə də məşğul idi, bu sahədəki fəaliyyəti də nəzərəçarpacaq idi. Belə bir şəxsin uyğun görünməyən ittihamlarla məsuliyyətə cəlb edilməsi sözsüz ki, çoxlu suallar yaradır. Eyni zamanda təəssüf ki, Azərbaycanda ifadə və söz azadlığının durumu ilə əlaqəli pozitiv düşüncələrin üzərindən xətt çəkmiş olur. Fikrimcə, jurnalistin həbsi həm ölkəmizin görüntüsünə ciddi neqativ çalarlar qatacaq, həm də ölkədə onsuz da dairəsi lap çox daralmış tənqidi medianın gözünün daha da qorxudulmasına ciddi təsir göstərəcək”.
Qeyd edək ki, bu il fevralın 17-də Xədicə İsmayıl facebook şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyib.
Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi Rayon Məhkəməsində proses gedir.
Xədicə İsmayılın həbs olunacağı haqda yayılan xəbərlər və ona qarşı irəli sürülən ittihamlara, məhkəmə prosesində adı hallanan MTN-in keçmiş zabiti Ramin Nağıyev ölkə.az-a verdiyi açıqlamasında aydınlıq gətirib. O bildirib ki, Xədicə İsmayılın öz profilində yaydığı “MTN-in siyasi partiyaların daxilinə yeritdiyi agentlərin dosyesi” saxtadır.
R.Nağıyev bildirib ki, həmin sənədlərin surətini ona internet vasitəsilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid göndərib və xahiş edib ki, bu sənədlərin həqiqi və ya saxta olduğunu müəyyənləşdirməkdə ona kömək etsin.
“Mən sənədlərə baxan kimi onların saxta olduğunu gördüm və Qənimət Zahidə də, Xədicə İsmayıla da bu saxta kağız-kuğuzu heç yerdə dərc etməmələrini məsləhət gördüm. Qənimət isə bu sənədlərin surətini Mustafa Kozlu adına açılmış saxta bir profildən götürdüyü dedi. Mustafanın kim olduğunu heç kəs bilmir. Bu sənədlərdə Türkoğlu adlı bir müxalifətçinin agent olduğu da yazılmışdı”deyə, Ramin Nağıyev ölkə.az-ın baş redaktorunun ona ünvanladığı yazılı suallara cavabında bildirib. R.Nağıyev əlavə edib ki, əgər orqanlar Xədicə İsmayılı buna görə həbs etsələr, onda o sənədlərin əsil olduğunu özləri də bilmədən təsdiq etmiş olacaqlar.
Yeri gəlmişkən, dekabrın 4-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində jurnalisti xəyanətdə günahlandırmışdı.