İqtidar və müxalifətin 13 dekabr testi

15-12-2014, 22:18   
İqtidar və müxalifətin 13 dekabr testiİki düşərgə konfrontasiya dilindən dialoq dilinə keçidə hazırdımı? Bu gün ölkənin problemlərinin həlli üçün gərək olan real siyasi dialoqa effektli alternativ qalmayıb...

Dekabrın 13-də Azərbaycanın siyasi həyatı üçün əsla xarakter olmayan və bu səbəbdən əlamətdar sayılacaq bir hadisə baş verdi – Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkənin 17 siyasi partiyası ilə görüş keçirdi. Burdaca yada salaq ki, hələ bir ay öncə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan bir sıra partiyaların liderləri belə bir görüş təşəbbüsü və ideyası ilə çıxış eləmişdilər. Məhz onların Əli Həsənova məktubla müraciətindən sonra təşəbbüs hakimiyyət tərəfindən dəstəkləndi və sözügedən görüşün reallaşmasına gətirdi.

Üç saatlıq görüş bağlı qapılar arxasında keçdiyindən, təbii ki, onun məzmunlu hissəsi və siyasi yekunu haqda yalnız Əli Həsənovun və bəzi partiya sədrlərinin mətbuata verdiyi informasiyalara əsaslanaraq fikir yürütmək olar. Həmin informasiyalardan belə nəticə hasil olur ki, görüşdə demək olar, bütün əsas məsələlər – siyasi məhbuslar, 2015-ci ilin parlament seçkiləri, dövlətin və mülki cəmiyyətin qarşılıqlı münasibətləri, iqtidar-müxalifət dialoqunun perspektivləri və s. mövzular müzakirə edilib. Həm dövləti təmsil edən və moderator rolunda olan Əli Həsənov, həm də siyasi partiyaların liderlərinin bir fikri üst-üstə düşdü ki, belə təmaslar olduqca faydalıdır və onları tədricən daimi dialoq formasına transformasiya eləməklə, eyni zamanda iştirakçıların spektrini optimallaşdırmaq və müzakirə edilən məsələlərin dairəsini genişləndirməklə davam etdirmək gərəkdir.

Diqqətçəkicidir ki, bu “layihə”nin əsas müəllifi və ilhamvericisi olan Pənah Hüseyn son anda görüşə qatılmaqdan vaz keçib, hesab edib ki, görüşün süni şəkildə böyüdülmüş və qeyri-müəyyən formatı, həmçinin gündəlik haqda qabaqcadan anlaşmanın əldə olunmaması onun düşündüyü ideyaya bir elə cavab vermir və arzuolunmaz sürprizlər üçün zəmin hazırlayır.

Onu da qeyd edək ki, görüşə hakim partiyadan ayrıca (vurğulanmış) nümayəndənin qatılmaması, habelə aparıcı müxalifət partiyalarının – Müsavat və AXCP liderlərinin orada iştirak etməməsi görüşün siyasi spektrini və siyasi çəkisini əhəmiyyətli şəkildə azaldıb. Bu üzdən tədbirin Əli Həsənovun özü də daxil, faktiki, bütün iştirakçıları onu iqtidar-müxalifət dialoqunun başlanğıcı adlandırmaqdan ağıllı şəkildə çəkiniblər, onu yalnız hakimiyyət nümayəndəsi ilə bəzi partiyalarla görüş kimi təqdim ediblər.

*****

“Hətta istənilən imitasiya elementləri ilə birgə və ya yarımçıq dialoqun özü demokratiyanın xeyrinə olan, tolerantlıq, plüralizm və həmrəylik mədəniyyətinin yaranmasına yönəlik təkamül yoludur”



Qeyd edək ki, hələ görüşə xeyli qalmış partiyaların, faktiki surətdə hakimiyyətlə dialoq qurulmasına yönəlik gözlənilməz təşəbbüsü siyasi dairələrdə və sosial şəbəkədə ajiotajlı müzakirə predmetinə çevrilmişdi. Bu harasıdır, təşəbbüs AXCP və ona yaxın bəzi qüvvələr tərəfindən süngü ucunda qarşılanmışdı – hansı qüvvələr ki, mahiyyət etibarilə iqtidarla münasibətlərdə konfrontasiyalı status-kvonun qalması mövqeyindən çıxış edirlər. Belə “süngü hücumu” görüşdən sonra da davam etdi.

Ədalət naminə etiraf edilməlidir ki, Pənah Hüseynin cəsarətli və perspektivli ideyasının reallaşması ilk baxışda iqtidarla müxalifət arasında dialoq körpüsünün qurulması baxımından çox da əlverişli dövrə təsadüf etməyib. Belə ki, görüşə az qalmış Ramiz Mehdiyevin qərəzli və sərt məqaləsi tirajlanıb, ardınca Qərblə münasibətlərin kəskinləşməsi dalğasında Xədicə İsmayıl həbs edilib, üfüqdə Azərbaycana qarşı sanksiyalı hədələr görünməyə başlayıb.

Əlbəttə ki, ictimai rəydə belə “qeyri-demokratik fon” dialoqun xeyrinə işləmirdi və ideyanın uğuru əleyhinə əlavə risklər yaradırdı. Ancaq başqa yandan da, məhz böhranlı zonalar və problemli situasiya bu qəbildən olan təmaslar, danışıqlar və müzakirələr üçün aktuallıq və zərurət faktoruna çevrilir – aydın məsələdir ki, əgər onlar imitasiya şousu deyilsə və real körpülərin, ölkədə mühüm dialoq atmosferinin yaradılmasına xidmət edirsə.

Sözgəlişi, 13 dekabr olayına AXCP-nin həddən ziyadə zəhər saçan və ittihamedici münasibəti ən azından anlaşılmır, çünki həmin görüşdə AXCP xaric, Milli Şuranın bütün partiya formatı iştirak edib. Əgər AXP sədri Pənah Hüseynin təşəbbüsü avtomatik və əsassız şəkildə Müsavatın adına yazılaraq sonuncunun tənqidi üçün əsas rolunda götürülürsə, o zaman Milli Şuranın 3-4 partiyasının Əli Həsənovla görüşdə iştirakı necə olsun bəs? İqtidarla dialoq prinsipial olaraq AXCP üçün belə qəbuledilməzdirsə, o zaman daha məntiqli olmazmı ki, öncə Milli Şuranın öz daxilində başqa yol seçmiş partiyalarla vəziyyətə aydınlıq gətirilsin? Axı, kimsəyə sirr deyil ki, Milli Şuranın “nəzarət paketi” çoxdan AXCP və onun liderinə keçib...

*****

13 dekabr hadisəsinə hay-küylü və ziddiyyətli reaksiya, habelə bu mövzuda faktiki surətdə iqtidar-müxalifət münasibətlərindəki konfrontasiyalı qarşıdurmanı saxlamağa yönəlik çoxsaylı siyasi möhtəkirliklər bir daha bizim cəmiyyətin və partiya elitasının müəyyən kəsiminin siyasi dialoqa hazırlığının zəif olduğunu göstərir. Halbuki, dialoq müasir demokratiyanın ən zəruri atributlarından və alətlərindən biridir.

Görünür belə vəziyyət ya opponentlərlə həmişə “barrikadalı” qarşıdurmanı stimulyasiya edən sovet totalitar irsinin siyasi şüurumuzda qoyduğu dərin izə görədir, ya da bizdə tolerantlıq və plüralizm demokratik mədəniyyətinin inkişaf etməməsi ilə bağlıdır. Hər halda, kommunikasiyanın və problemlərin həllinin dialoq formalarına münasibət hələ ki, bizdə əsla şərəf işi sayılmır və ya satqınlıq, ya da zəiflik kimi qəbul olunur.


“Müxalifət kimi, iqtidar da yekcins deyil: orada da konfrontasiya toxumları səpən qüvvələr də var, dialoqa köklənənlər də”


Əfsus ki, həm hakimiyyətdə, həm də müxalifətdə “büsata rəhbərlik edənlər” çox tez-tez ölkədə konfrontasiyalı qarşıdurmanın və dövlətlə mülki cəmiyyətin müxtəlif institutları arasında konfliktli münasibətlərin qalmasında maraqlı olan konservativ radikal qüvvələrdir. Siyasi dialoqa, problemlərin ortaq həll yollarının axtarışına doğru atılan istənilən addım belə vəziyyətdə və həmin qüvvələrin təhriki ilə ya mürtədlik və xəyanət kimi qiymətləndirilir, ya da bağışlanmaz zəiflik və qüsur kimi.

Situasiyanın paradoksallığı ondadır ki, bizim hakimiyyət və mülki cəmiyyət nümayəndələrinin hansısa mühüm problemin həlli üçün Ermənistanın hakimiyyət və mülki cəmiyyət nümayəndələri ilə birbaşa dialoq girməkdən usanmadığına dair çoxsaylı faktlar var. Di gəl ki, öz ölkəmiz daxilində və heç də az əhəmiyyətli olmayan məsələlərin həlli üçün bu demokratik dialoq alətindən demək olar, istifadə edilmir və ona qarşı haqsız şübhəli və qorxaq münasibət bəslənilir.

*****

Odur ki, düşünüb-daşınmaq zamanıdır ki, bu gün bizdə iqtidarla müxalifət, dövlətlə mülki cəmiyyətin ayrı-ayrı institutları arasında real siyasi dialoqun effektli alternativi varmı? Konfrontasiya? Ancaq bu, özünün uğursuzluğu və perspektivsizliyini çoxdan isbatlayıb: konfrontasiyanın davam eləməsi heç bir pozitiv vəd eləmir, yalnızca problemlərimizi və ziddiyyətlərimizi dərinləşdirir.

Hətta istənilən imitasiya elementləri ilə birgə və ya yarımçıq dialoqun özü demokratiyanın xeyrinə atılan addımdır, tolerantlıq, plüralizm və həmrəylik mədəniyyətinin yaranmasına yönəlik təkamül yoludur. Hər hansı konfrontasiya isə – istər daxili situasiyadan qaynaqlansın, istərsə də xaricdən – hamıya gözlənilməz nəticələr vəd eləməklə nə demokratiyanı, nə də rifahı yaxınlaşdıracaq qorxulu inqilabi kataklizmlərə aparan yoldur.

“Pənah Hüseynin təşəbbüsü avtomatik və əsassız şəkildə Müsavatın adına yazılaraq sonuncunun tənqidi üçün əsas rolunda götürülürsə, o zaman Milli Şuranın 3-4 partiyasının Əli Həsənovla görüşdə iştirakı necə olsun bəs?”


Aydındır ki, dövlətin və cəmiyyətin müxtəlif dəstələri arasında keyfiyyətli dialoq üçün zəruri şərtlərin yaradılmasına görə əsas təşəbbüskarlıq rolu ən əvvəl hakimiyyət institutlarına məxsusdur. Təəssüf ki, indiki hakimiyyətin ələlxüsus da son vaxtlar apardığı daxili siyasi kurs hələ ki, onun ölkədə həmrəylik və dialoq atmosferi bərqərar etmək hazırlığını nümayiş etdirmir. Əksinə, iqtidarın bəzi addımları cəmiyyətdə ideoloji, siyasi və sosial bölünməni daha da dərinləşdirir. Hərgah, müxalifət kimi, iqtidar da yekcins deyil: orada da konfrontasiya toxumları səpən qüvvələr də var, dialoqa köklənənlər də.

İqtidardakı və müxalifətdəki radikal konservativ qüvvələrdən fərqli olaraq, hər iki düşərgədəki şərti desək, islahatçı qüvvələr ölkədəki siyasi dizaynın tədricən dialoq ab-havasına, qarşılıqlı əlaqələrə, vətəndaş barışına dəyişməsinə köklənib. Bu mənada 13 dekabr görüşü hakimiyyət və müxalifətin (ən azı, iki düşərgədəki islahatçı qüvvələrin) əvvəlki konfrontasiya dilindən yeni dialoq dilinə keçidə hazır olması baxımından mühüm test sayıla bilər. Sonrakı və daha sanballı “dialoq zondajları”, habelə hakimiyyətin ölkədə situasiyanı yumşaltmağa yönəlik konkret islahatçı addımları və bu addımlara müxalifətin islahatçı ovqatlı qüvvələrinin adekvat reaksiyası belə bir hazırlığın təsdiqi ola bilərdi.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.